Millət vəkili Səbail rayonunun Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşdü
26.01.201625 yanvar 2016-cı il tarixində millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Səbail rayonunun Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb.
Qəsəbədə yerləşən 50 №-li orta məktəbdə təşkil olunmuş görüşdə Bibiheybət qəsəbə sakinləri, orta məktəbin rəhbərliyi və müəllim-şagird kollektivi, həmçinin rayon təşkilatının fəalları iştirak ediblər.
Ş.Hacıyev çıxış edərək, ilk öncə seçicilərinə ona etimad göstərdikləri üçün təşəkkür edib və bildirib ki, millət vəkili kimi hər zaman xalqın, seçicilərinin yanında olmaq, onların istək və arzularını dinləmək, yaranan problemləri aradan qaldırmasında köməklik etmək onun ən ümdə vəzifələrindən biridir. O, qeyd edib ki, son parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) “Yeni hədəflərə doğru” şüarı da elə bu amilə söykənir: “Bizlər də həm millət vəkili kimi, eyni zamanda YAP-ın funksionerləri kimi, məhz bu şüarı əsas tutmaqla, yalnız yeni hədəflərə doğru irəliləməkdəyik”.
Çıxışında dünyada və ölkədə gedən proseslərdən ətraflı danışan Ş.Hacıyev bildirib ki, hazırda neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi bütün dünya ölkələrinin iqtisadiyyatına neqativ təsirlər göstərib. Lakin Azərbaycan dövlət olaraq, bu böhrandan ən az zərərlə çıxmağa qadir bir ölkədir: “Hələ bir neçə il öncə dünyada baş verən qlobal iqtisadi böhran yaşandığı zaman, həmin böhran Azərbaycandan yan keçmişdi. Dövlətimizin dayanıqlı iqtisadi gücü və qüdrəti, eləcə də ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində xalqımız bu böhranı hiss etmədi. Azərbaycanda sosial-iqtisadi layihələr həyata keçirildi, regionlarda inkişaf və tərəqqi davam etdirildi, dövlətimiz investisiya cəlb edən ölkədən investisiya ixrac edən ölkəyə çevrildi. Bu gün də bu uğurlu sosial-iqtisadi siyasət dövlətimizin rəhbəri cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə, inamla aparılmaqdadır. Düzdür, böhran amili ölkəmizə də müəyyən təsirlərini göstərdi, ancaq qəbul edilən çevik qərarlar, atılan qətiyyətli, təxirəsalınmaz addımlar da sübut etdi ki, Azərbaycan hökuməti sözügedən vəziyyətdən ən az zərərlə çıxmağı bacarır”.
Ş.Hacıyev 10 yanvar 2016-cı il tarixində Prezident İlham Əliyevin keçirdiyi Nazirlər Kabinetinin müşavirəsi barədə də fikir bildirib və qeyd edib ki, ölkəmizin rəhbəri əsas olaraq, xalqın maraqlarından çıxış edir: “Cənab Prezident bu müşavirədəki çıxışında yaxşı elmi əsaslandırılmış formada dünyada və ölkədə gedən proseslər barədə münasibət bildirdi, müşahidə olunan neft məhsulları qiymətlərinin süni şəkildə aşağı salınmasının iqtisadi yox, siyasi və geo-iqtisadi məqsədlərinin olduğunu vurğuladı. Bəli, bu gün dünyada iqtisadi qanunlar əvəzinə siyasi qanunlar işləyir. Beynəlxalq hüquq kimi iqtisadi qanunların da effektivliyini itirdiyi günümüz dünyasında artıq təəssüf ki, daha çox güc hüququ işləyir. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan dəyişikliklər də qaçınılmazdır. Lakin bu situasiyadan bəzi “işbazlar”ın sui-istifdə etməsi yol verilməzdir. Bu baxımdan cənab Prezidentin bu istiqamətdə atdığı qətiyyətli addımlar alqışlanmalıdır və qiymətləri süni artıranlarla bağlı həm mülkü, həm inzibati qaydada cəza tədbirləri davam etdirilməlidir. Bu məsələdə də Azərbaycan xalqı Prezident İlham Əliyevə öz etimadını, dəstəyini göstərir, Ona olan inamını sərgiləyir. Təbii ki, ölkə rəhbərimiz də öz xalqının müdrikliyinə və mərdliyinə arxalanır. Bu gün Azərbaycanda olan xalq-dövlət vəhdəti heç bir başqa ölkələrdə yoxdur. Bu da sübut edir ki, ölkə rəhbərimiz hər zaman olduğu kimi insan amilinə diqqət göstərir. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir.”
Millət vəkili son illərdə Azərbaycanın davamlı inkişafını təsdiqləyən sosial-iqtisadi göstəricilərə də toxunub: “Biz 2015-ci ili uğurla başa vurduq. Dünya bazarında neft və neft məhsullarının qiymətində kəskin azalmalar müşahidə olunsa da, ölkəmizdə ötən il 1,2%-lik iqtisadi artım qeydə alındı, sənayədə 2,4%-lik, qeyri-neft sektorunda 6,8%-lik artım əldə olundu. Xüsusilə, Azərbaycan iqtisadiyyatının diversifikasiyası baxımından önəmli olan qeyri-neft sektorunda bu qədər yüksək artım göstəricisi təqdirəlayiq bir haldır. Ölkədə işsizlik 5%, yoxsulluq 4,9%, inflyasiya 4,4% səviyyəsindədir. Biz klassik yox, sosial yönümlü tənzimlənən bazar iqtisadiyyatı modeli yaratmışıq. Liberalizm, azad ticarət və iqtisadi demokratiya ilə dövlətin tənzimləyici funksiyasının uğurlu sintezindən ibarət olan və “Azərbaycanın uğur modeli” adlandırdığımız bu iqtisadi model Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən konseptual və praktiki cəhətdən yeni keyfiyyət mərhələsində uğurla icra olunur. Məhz bu uğur modelinin düzgün siyasət mexanizmi ilə icrasının nəticəsidir ki, bu gün dünyada və regionda müşahidə etdiyimiz kəskin dəyişkən situasiyada Azərbaycan iqtisadiyyatı çox sürətlə artır. 2015-ci ildə Cənubi Qafqaz regionunun məcmu iqtisadiyyatında 75%-lik bir paya sahib olan Azərbaycan əksər iqtisadi göstəricilərə görə regionun lider dövlətidir. Bu gün ölkəmizin büdcəsi Ermənistan büdcəsindən 6 dəfə, Gürcüstanın büdcəsindən 5 dəfə yüksəkdir. Ötən illər ərzində neft məhsullarının qiymətində 4 dəfəyə yaxın bir azalma qeydə alınıb. Ticarətdə adətən 10-40 mlrd. arası müsbət saldo əldə olunurdusa, dünya neft bazarında gedən proseslər nəticəsində 2015-ci ildə bu rəqəm 2 mlrd. dollara enmişdir. Bunun nəticəsidir ki, ötən il ölkə iqtisadiyyatında fevral və dekabr aylarında devalvasiya qərarları qəbul olunmuş və dövlətin yaranmış vəziyyətlə bağlı tənzimləyici funksiyası işə düşmüşdür. Neft məhsullarının qiyməti ilə yanaşı formalaşmış situasiyaya təsir edən ikinci mühüm amil ölkəyə daxil olan pul köçürmələridir. Azərbaycana hər il post-sovet ölkələrindən, xüsusilə Rusiyadan böyük həcmli vəsait daxil olurdu. Rəsmi statistika bu rəqəmin 1 mlrd. dollar olduğunu desə də, qeyri-rəsmi olaraq ölkəyə illik 2-3 mlrd. dolların daxil olduğu qeyd olurdu. Dünya iqtisadiyyatında dəyişən situasiya nəticəsində isə bizdən əvvəl bütün MDB ölkələrində eyni çətinliklər yaranmış və iqtisadi fəaliyyətin aşağı düşməsi ilə Azərbaycana bu ölkələrdən köçürmələr yolu ilə daxil olan vəsait xeyli azalmışdır.
Vurğulamaq istəyirəm ki, şahidi olduğumuz iqtisadi dəyişikliklər bizim iqtisadiyyatla bağlı deyil, dünyada gedən konyuktur dəyişiklikləri nəticəsində formalaşmış bir situasiyadır. Bizim müstəqil və sürətli inkişafımız bundan sonra da davam edəcəkdir. Ölkə rəhbərimizin müdrük siyasəti ilə Azərbaycanın daxili resursları və geosiyasi mövqeyindən istifadə olunmaqla Azərbaycan xalqının mənafeyinin qorunması bundan sonra da başlıca dövlət siyasəti olaraq qalacaqdır.”
Ölkə gündəmində olan devalvasiya prosesini, səbəblərini və mümkün nəticələrini də geniş təhlil edən Ş.Hacıyev devalvasiyanın bir iqtisadi tənzimlənmə aləti olduğunu və ölkədə gedən bu prosesin “böhran” və “faciə” kimi qiymətləndirilməsinin yanlış olduğunu qeyd edib. “Azərbaycanda elə dövrlər olub ki, neftin bir bareli 20-25 dollardan satılıb və manatın məzənnəsi çox qeyri-sabit olub. Bu qərar məcburi addım olmaqla heç də çoxlarının qələmə verməyə çalışdığı kimi bir “staqnasiya” və ya “böhran” deyildir. Ölkəmizin qızıl-valyuta ehtiyatı kifayət qədərdir, bu gün biz ən az borcu olan ölkələrdən biriyik, yaranmış situasiya sadəcə soyuqqanlı olmağı, və iqtisadi, siyasi, sosial, idarəetmə, qanunvericilik və s. bloklar üzrə düşünülmüş siyasət aparmağı tələb edir. Sizi əmin edirəm ki, Yeni Azərbaycan Partiyasının da, partiyamızın sədri ölkə rəhbərimiz cənab İlham Əliyevin də əsas siyasi xətti bu qeyd olunan istiqamətlər üzrə düşünülmüş siyasətin aparılmasıdır. Biz artıq illərdir bunun şahidiyik və bu amil bizə gələcəyə nikbin baxmağa əsas yaradır.
Bu istiqamətdə bizlərin, hər birimizin üstünə böyük məsuliyyət düşür. Bizim bu gün ən mühüm vəzifəmiz ölkəmizdəki iqtisadi-siyasi sabitliyi, təhlükəsizliyi qorumaqdır. Dövlətçiliyimizə, müstəqilliyimizə, sabitliyimizə qarşı atılan istənilən addıma qarşı ciddi və amansız reaksiya verməli və ayıq-sayıq olmalıyıq. Bizlər ölkə rəhbərimizin dünya prosesləri fonunda apardığı müdrük, çevik, düşünülmüş və kreativ siyasətə dəstək olmalı və ictimai nəzarəti gücləndirməliyik.”
Bakının mərkəz rayonu olan Səbail rayonunun daim bütün ictimai-siyasi proseslərdə fəal olduğunu xüsusi vurğulayan Ş.Hacıyev ona etimad göstərdikləri üçün seçicilərinə bir daha təşəkkür edib. “V çağırış Milli Məclis seçkilərində məhz Səbail rayonundan deputat seçilməyim məndə böyük qürur hissi doğurur. Deputatın vəzifəsi yol çəkdirmək, bina təmir etdirmək deyildir. Mən imkan daxilində problemlərinizin həllində vasitəçiyəm və əlimdən gəldiyi qədər hər zaman yanınızdayam. Artıq sakinləri qəbul planımız təsdiqlənib. Hər ayda iki dəfə qəbul günü təşkil olunur. Son qəbul günündə 50 müraciətə baxdıq, bəzi problemlər elə yerindəcə həll olunub, bəziləri səlahiyyətimizdən kənardır, lakin həll olunması üçün maksimum köməklik göstərəcəyik. Cənab Prezidentimizin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sitatı elə mənim üçün öz səviyyəmizdə bir yolgöstəricidir. Mən də çalışıram hər Səbaillinin deputatı olum. Mənim devizim hər zaman “az söz ver, çox iş gör” olub. Dünyada baş alıb gedən qeyri-sabitliyi hamımız görürük, bir zamanlar topla-tüfəngə aparılan əsarət siyasəti indi maliyyə ilə, dollar ilə aparılır. Gələcəyə ümidlə baxaq, çünki getdiyimiz yol Ümummilli liderimizin müəyyənləşdirdiyi yoldur və onun layiqli varisi möhtərəm Preidentimizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da qüdrətli ölkə kimi inkişaf etməyə davam edəcəkdir. Biz də ölkəmizdəki sabitliyimizin, Prezidentimizin qədrini bilməliyik. Allah Azərbaycanımızı, Prezidentimizi qorusun, Prezident-xalq birliyini daha da möhkəmləndirsin.”
Daha sonra millət vəkili qəsəbə sakinlərini maraqlandıran suallara cavab verib və onları narahat edən bir sıra problemləri dinləyib. Çıxış edən qəsəbə sakinləri Babayev Fazil, İsayev Suliddin, Əliyev Vahid, Tarıyevə Həbibə onları daim diqqətdə saxladığı üçün Ş.Hacıyevə təşəkkür edərək, hazırda qəsəbədə avtobus marşrut problemi, eləcə də içməli su və qaz təminatı problemlərinin mövcud olduğunu bildiriblər. Millət vəkili sakinləri dinlədikdən sonra qaldırılan məsələlərin tez bir zamanda həll ediləcəyinə söz verib.
Görüş, qarşılıqlı anlaşma şəraitində millət vəkilinin seçiciləri ilə maraqlı diskussiyası ilə davam edib.