YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

29 yanvar 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.

Rayon təşkilatı İdarə Heyətinin üzvləri, rayon təşkilatı Qadınlar Şurasının sədri T.İ.Kərimova, Gənclər Birliyinin sədri R.D.Fərəcov, Nəzarət-təftiş komissiyasının sədri S.Y.Gülməmmədov və rayon təşkilatının aparat üzvlərinin iştirak etdiyi iclası giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev açıb.

Sədr YAP Səbail rayon təşkilatının 2016-cı il üçün ilkin variantda tərtib olunmuş iş planı haqqında məlumat verib, il boyu nəzərdə tutulmuş tədbirlər və görüləcək işlər barədə fikir və təkliflərini səsləndirib: “2016-cı il üçün təşkilatımız üçün 29 bənddən ibarət fəaliyyət planı nəzərdə tutmuşuq. Diqqətinizə çatdırım ki, ənənəvi olaraq hər il keçirilən tədbirlər və qeyd olunan əlamətdar tarixlər adəti üzrə bu ilki iş planımıza da salınıb. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olması, Yeni Azərbaycan Partiyasının, Səbail rayon təşkilatımızın yaranması, rəsmi bayram günlərinin qeyd olunması, həmçinin milli matəm günləri və Ulu Öndərin dünyasını dəyişməsinin ildönümünün anılması kimi ənənəvi tarixlərlə bağlı təşkil olunacaq tədbirlər və planlaşdırılan işlər iş planımızda öz əksini tapıb. Buna əlavə olaraq, ölkəmizin ictimai-siyasi və mədəni həyatında baş verən hadisələrlə bağlı mütəmadi olaraq görüşlərin, dəyirmi masaların, elmi-praktiki konfransların keçirilməsini planlaşdırmışıq.

Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Bununla bağlı biz də rayon, region və respublika səviyyəsində “Azərbaycanın unikal multikulturalizm modeli” mövzusunda silsilə tədbirlərin təşkilini nəzərdə tuturuq. Məlumunuz olduğu kimi, 2015-ci ildə də biz bu istiqamətdə işlər görmüşük və 07 dekabr 2015-ci il tarixində Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçığı ilə “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktiki konfrans keçirmişik.

2016-cı il üçün də planlaşdırılan tədbirlərin xeyli hissəsini Səbail rayon İcra Hakimiyyəti ilə birgə keçirməyi nəzərdə tutmuşuq. Həmçinin rayon təşkilatımızın Qadınlar Şurası və Gənclər qolu ilə də sıx əməkdaşlıq edərək əksər tədbirlərimizi elə birgə təşkil etmək istəyirik.

İş planımızın birinci maddəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar silsilə tədbirlərin təşkili üçün tədbirlər planının təsdiqlənməsi nəzərdə tutulub.”

Daha sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar silsilə tədbirlərin təşkili üçün tədbirlər planı, YAP Səbail rayon təşkilatının 2016-cı il üçün iş planı, həmçinin rayon təşkilatının Qadınlar Şurasının, Gənclər Birliyinin və Nəzarət-təftiş komissiyasının illik iş planları müzakirə olunub və təsdiq olunub.

Cari məsələlərin müzakirəsindən sonra sədr iclasa yekun vurub: “Hörmətli İdarə Heyəti üzvləri! Bu gün haqqında bəhs etdiyimiz üzvlük haqlarının yığılması çətinlikləri, maliyyə vəsaitləri ilə bağlı problemlər, hamısı müvəqqəti çətinliklərdir. Azərbaycan qüdrətli və düşünülmüş siyasət yürüdən dövlətdir. Bu çətinliklərin də öhdəsindən gələcəyik. Biz də işimizi elə quracağıq ki, yalnız dövlət büdcəsindən asılı olmayaq. Üzvlük haqlarının vaxtlı-vaxtında yığılmasını təşkil etmək lazımdır. Elə təşkilatlarımız var ki, çox yaxşı və məsuliyyətli fəaliyyətləri üçün onlara təşəkkür borcluyuq.

Daha yaxşı və səmərəli işləməliyik. Rayon təşkilatımızın informasiya portalını da artıq hazırlamışıq, yaxın günlərdə istifadəyə verəcəyik. Portalımızda birbaşa dialoq imkanı olacaq, elektron sənədləşməyə keçmək ərəfəsindəyik, ərizələr elektron formada qəbul olunub, operativ cavablandırılacaq. Bütün görüşlərimiz, tədbirlərimiz, YAP xətti ilə ən vacib partiya xəbərləri hamısı veb-saytımızda yerləşdiriləcək.

Beynəlxalq fəaliyyəti genişləndirmək lazımdır, çoxlu qrant imkanları var. Elm Fondu, Bilik Fondu, Gənclər və İdman Nazirliyinin qrant imkanlarından istifadə etmək lazımdır. Sizdən də yaxşı təkliflər gözləyirik. Sizə hər cür dəstək verməyə hazırıq. Xahiş edirik ki, siz də bizə maksimum dəstək göstərəsiniz. Prezidentimiz və partiyamız ətrafında birlik olaq və birlikdə inkişaf edək. Sağ olun!”