Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının iclası keçirildi
11.02.201611 fevral 2016-cı il tarixində Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının iclası keçirilib. İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının sədrləri və partiya gəncləri iştirak ediblər.
Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gündəlikdəki məsələlər barədə məlumat verib. İlk olaraq, Komissiyanın 2016-cı il üçün iş planı təsdiq olunub.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin uğurlarından bəhs edib, son 12 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarında azalmanın müşahidə olunduğu bu dövrdə Azərbaycanda stabil inkişaf templərinin qorunması önəmli faktordur və qeyd olunmalıdır ki, bu Azərbaycanda aparılan düzgün siyasətin nəticəsidir. Məhz bu düşünülmüş uzaqgörən siyasət ölkəmizi kataklizmlərdən qoruyur.
Daha sonra iclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.