YAP Səbail rayon təşkilatının yaradılmasının 23-cü ildönümü qeyd edildi

19 fevral 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının yaradılmasının 23-cü ildönümü qeyd edilib.

YAP Səbail rayon təşkilatının qərargahında təşkil olunmuş tədbirdə rayon rəhbərliyi, YAP İdarə Heyətinin üzvü, millət vəkili prof. Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü, professor Nizami Xudiyev, rayon təşkilatının İdarə Heyəti və Rayon Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya veteranları, YAP Səbail rayon təşkilatının ilk təsis konfransının iştirakçıları, partiya fəalları və mətbuat nümayəndələri iştirak ediblər.

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlayaraq iclası açıq elan edib.

İlk öncə ötən müddət ərzində dünyasını dəyişmiş Yeni Azərbaycan Partiyası (YAP) təəssübkeşlərinin, partiya veteranlarının, o cümlədən görkəmli ictimai-siyasi xadim, YAP Səbail rayon təşkilatının sabiq sədri prof. Zahid Qaralovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ş.Hacıyev tədbir iştirakçılarını YAP Səbail rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə təbrik edərək, Yeni Azərbaycan Partiyasının yarandığı gündən indiyədək keçdiyi zəngin və şərəfli inkişaf yolundan, Səbail rayon partiya təşkilatının yaranma tarixindən və 23 il ərzində rayonda partiyanın çoxşaxəli fəaliyyətindən geniş bəhs edib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını, Azərbaycanın ictimai-siyasi həyatına təsiri baxımından, böyük hadisə kimi qiymətləndirən millət vəkili YAP-ın ölkənin inkişafındakı aparıcı rolundan, Ümummilli Liderin və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan danışıb. “Bizlər 1992-ci ildə baş verənləri yaxşı xatırlayırıq. Ölkədəki vəziyyət olduqca çətin idi. Azərbaycanın vahid dövlət kimi mövcudiyyətinin belə qeyri-müəyyən olduğu bir şəraitdə Ulu Öndər gələcək mümkün inkişaf yolunu çox gözəl görürdü və bilirdi ki, hakimiyyətə gəlməyin ən sivil, ən demokratik yolu seçkilərdir. Bunun üçün isə siyasi partiyanın yaradılması zəruridir. Ölkədə gərginliyin, kriminogen şəraitin artdığı bu dövrdə Ümummilli Lider həyati təhlükəni də gözə alaraq, yaxın silahdaşları ilə Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirtdi. 1992-ci ilin noyabr ayında baş tutmuş bu təsis konfransında Ulu Öndər partiya fədailərinə bir çox məsələlər ilə bağlı, o cümlədən yerli partiya təşkilatlarının, partiya özərklərinin yaradılması ilə bağlı tapşırıqlarını verdi. Həmin tapşırıqların yerinə yetirilməsi məsuliyyətini öz üzərinə götürən konfrans iştirakçıları qısa müddət ərzində bu istiqamətdə real addımlar atmağa başladılar. Səbail rayonu da bu məsələdə istisna deyildi, hətta mən deyə bilərəm ki, birincilər sırasındaydı. Bu xüsusi vurğulanmalıdır ki, partiyanın ilk yaradıcılarından olan və 1993-2014-cü illərdə YAP Səbail rayon təşkilatına rəhbərlik etmiş prof. Zahid Qaralov ilə birlikdə digər partiya üzvləri ilk gündən etibarən həm Yeni Azərbaycan Partiyasının yaranmasında, formalaşmasında, inkişafında çox böyük rol oynamış, həm də Səbail rayonunda müşahidə olunan siyasi fəallığın əsas təəssübkeşlərindən olmuşdur.

1992-ci ilin dekabrın 6-da 17 nəfərin iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yığıncaq keçirildi və Səbail rayon partiya təşkilatının yaradılması qərarı qəbul edildi.

Biz bu gün həmin 1992-ci il yığıncağında iştirak edən partiya veteranlarımızı tədbirimizə dəvət etmişik. Çalışdıq ki, onları o hadisələrin canlı şahidi kimi bu gün bir araya gətirək. Bizlər üçün əlbəttə ki, bu hadisələri onların dilindən eşitmək maraqlı və əlamətdar olacaqdır.

21 fevral 1993-cü il tarixində YAP Səbail rayon təşkilatının ilk təsis konfransı ADPU-da keçirildi. Konfransda Səbail rayonunda partiya siyasətinə sadiqliyini nümayiş etdirən 500 nəfər partiya üzvü bu rayon təşkilatının təsis olunmasına səs verdilər və prof. Zahid Qaralov yekdilliklə rayon təşkilatının sədri seçilərək 1993-2014-cü illərdə təşkilatımıza uğurla rəhbərlik etdi.

Partiyanın özünün təsis olunması, daha sonra yerlərdə partiya təşkilatlarının yaranması heç də asan getmiş proses olmayıb, partiya üzvləri, burada əyləşənlərin də əksəriyyətinin həm özləri, həm ailə üzvləri təqiblərə, həyati təhlükələrə məruz qalmışlar. Bu təqiblər də boşuna deyildi. Çünki, həmin dövrdə Heydər Əliyevin rəhbərlik etdiyi bir partiyanın, siyasi qüvvənin meydana çıxması ölkənin o vaxtki səriştəsiz rəhbərləri üçün ciddi təhlükə yaradırdı. Ancaq Heydər Əliyev dühası bütün bu çətinliklərin də öhdəsindən məharətlə gəldi. Müxalifət partiyası kimi yaranmış YAP çox qısa müddət ərzində iqtidara gəldi və ölkənin müstəqil inkişafının bünövrəsi qoyuldu.

Azərbaycan YAP-ın iqtidarda olduğu son 23 il ərzində çox uğurlara imza atdı, çox sınaqlardan üzüağ çıxdı. Bu uğurun əsasında isə YAP-ın sıravi üzvündən tutmuş sədrinə qədər hər kəsin bir ideologiyaya, bir amala səmimi qəlbdən bağlılığı dayanır. Vahid bir ideyaya sədaqət və xidmət amalı isə xalqın, partiya üzvlərinin partiya liderinə olan sarsılmaz inamından, güvənindən irəli gəlir.

Səbail rayon partiya təşkilatı YAP-ın yerlərdəki rayon təşkilatları arasında ən fəallarından biri olmaqla, partiyanın avanqard hissəsini təşkil edir. 1993-cü ildən indiyədək təşkilatımızın 10 konfransı keçirilib. Konfransların keçirildiyi illər, tarixlər elə Azərbaycanın müstəqil inkişaf yolunun əlamətdar tarixlərinə təsadüf etməklə yanaşı həm ideoloji, həm təşkilati cəhətdən rayonun, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar.

Bu gün YAP çox böyük bir siyasi qüvvədir. Nəinki Cənubi Qafqazda, ümumiyyətlə Qafqaz regionunda partiyamızla müqayisə oluna biləcək ikinci belə bir partiya yoxdur. 700 minə yaxınlaşan YAP üzvləri arasında qadınların, gənclərin sayının durmadan artması xüsusi vurğulanmalıdır. Partiya üzvləri arasında kəmiyyət irəliləyişi ilə yanaşı keyfiyyət tərkibində də ciddi inkişaf nəzərə çarpır. Ulu Öndər Heydər Əliyevin YAP haqqında böyük uzaqgörənliklə dediyi fikir, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır”, bu gün də öz aktuallığını qoruyur. Bu doğurdan da belədir. YAP ildən ilə daha da inkişaf edir, zənginləşir, ölkədəki ictimai-siyasi proseslərin avanqardında gedir.

Daha sonra sədr dünya iqtisadiyyatında, xüsusən neft bazarında gedən proseslər barədə danışaraq bu proseslərin milli iqtisadiyyatımıza təsirini təhlil edib. Ş.Hacıyev qeyd etdi ki, 2016-cı il Azərbaycan üçün çətin il olacaqdır. Biz bu çətinliyə hazır olmalıyıq. Milli Məclisdə yenidən büdcə müzakirələrinə başlamışıq. Yəqin bu il büdcə kəsrimiz biraz yüksək olacaq. Neftin satış qiymətinin aşağı olmasını dünyanın sonu kimi qələmə vermək qeyri-rasional düşüncədir. Biz dünya bazarına ilk neftimizi çıxartdığımız zaman neftin bir bareli 12 ABŞ dollarına satılırdı, 2003-də biz bir bareli 17 dollara satırdıq, 2008-ci ildən etibarən neftin dünya qiymətləri tədricən artmağa başladı və 2011-2014-cü illərdə pik həddinə yüksəldi. Ötən il Azərbaycan nefti orta hesabla 57 dollara satılıb. 2016-cı ilin ikinci yarısından sonra neftin qiyməti tədricən yenə yüksələcəkdir. Respublikamızın 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində neftin bir barelinin qiyməti 25 dollar həcmində götürülmüşdür. Bu rəqəm dünya bazarı konyukturasının ən pis ssenarisi üçün belə dövlət büdcəmizdə nəzərdə tutulan göstəricilərin əvvəlcədən sığortalanmasına tam şərait yaradır. Neftin satış qiyməti bu həddən nə qədər yüksək olsa, əldə etdiyimiz əlavə gəlirlər bir o qədər çox olacaq, başqa sözlə dövlət büdcəsinə transfert imkanlarımız da artacaqdır.

Bu gün Azərbaycanda çox ciddi həmrəylik, iqtidar-xalq iradəsinin uyğunluğu mövcuddur. Cənab Prezidentimiz İlham Əliyev attığı hər addımda xalqa arxalanır və buna görə də müstəqil və cəsarətli siyasət yürüdür. Azərbaycan istənilən çətin şəraitdən çıxmaq və müvəqqəti çətinliklərin öhdəsindən gəlmək üçün lazımi iqtisadi potensiala malikdir. Biz ən az xarici borcu olan ölkələrdən biriyik, müvəqqəti olaraq maliyyə dəstəyi kimi xarici borca da getmək olar, həmçinin Azərbaycanın kifayət qədər böyük həcmdə rəsmi-qızıl valyuta ehtiyatı da var. Bu baxımdan bir iqtisadçı kimi sizi əmin edə bilərəm ki, narahatçılığa, həyəcana heç bir əsas yoxdur və ölkədə baş verən bütün proseslər çox ciddi nəzarət altındadır.

Dünyada, qonşu regionlarda gedən geosiyasi proseslər Azərbaycana da öz təsirini göstərir. Görürsünüz, qonşu dövlətlərdə müharibələr, işğallar gedir. Regionumuzda, elə Azərbaycanda da böyük ölkələrin ciddi maraqları var və bu maraqlar toqquşur. Heç bir şübhəniz olmasın ki, Prezidentimizin hər situasiyada, iqtisadi, siyasi, sosial qərarlar üçün atdığı hər addım düşünülmüş və milli maraqlara xidmət edən optimal bir addımdır. Allah Prezidentimizi– Partiyamızın Liderini qorusun!

YAP Səbail rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, Sizə can sağlığı arzu edirəm və partiya fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıram. Birgə uğurlar qazanaq, uğurlarımızı ölkə uğurlarına qataq!”

YAP İdarə Heyətinin üzvü, millət vəkili prof. Eldar İbrahimov tədbir iştirakçılarını YAP Səbail rayon təşkilatının yaradılmasının 23 illiyi münasibətilə təbrik edərək, təşkilata uzun illər fəaliyyətini davam etdirməyi arzu edib. 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin Naxçıvana gəlməsindən, Naxçıvan Ali Sovetində aparılan müzakirələr və alınan qərarlardan, Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını 1992-ci ildə dalğalandırmasından geniş bəhs edən E.İbrahimov bu hadisələrin canlı şahidi olduğunu da qeyd edib. “O vaxt kommunistlər, demokratlar, digər partiyaların hamısı hakimiyyətə gəlmək üçün mübarizə aparırdılar. 1991-ci ilin martında kommunistlərin hakimiyyətdə saxlanılması üçün referendum təşkil olundu. Naxçıvan çox düzgün bir qərarla ümumiyyətlə bu referenduma qatılmadı və sonra baş verən hadisələr nə qədər haqlı olduğumuzu da göstərdi. Naxçıvanda iqtisadi vəziyyət çox gərgin idi. Bu vəziyyətdən yeganə çıxış yolumuzun Heydər Əliyevin ətrafında birləşmək olduğunu hiss edirdik, elə bu qərarın nəticəsi kimi Ulu Öndərimizi Naxçıvan Ali Sovetinin sədri seçdik. 1992-ci ilin iyununda keçirilən Prezident seçkilərində əksəriyyət Heydər Əliyevi müdafiə edəcək qədər cəsarətli ola bilmədi və nəticədə “Xalq cəbhəsi” partiyası hakimiyyətə gəldi. Elə iyun ayından etibarən biz Heydər Əliyevə deyirdik ki, partiya yaranmalıdır. Azərbaycan ziyalıları, düzgün düşünən insanlar da səsimizə səs verdilər, yeganə qurtuluş yolunun Heydər Əliyev olduğunu gördülər və 91 nəfər ziyalının imzası ilə 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət ünvanlandı. Heydər Əliyev bu təkidli müraciətə 24 oktyabrda cavab verdi. Noyabrda isə biz Naxçıvan Dram Teatrında Yeni Azərbaycan Partiyamızın təsis konfransını keçirtdik.

1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi tarixinə qədər Bakının ayrı-ayrı rayonlarında tək-tək də olsa partiya təşkilatları yaranmağa başlamışdı. İlk rayonlardan biri də Səbail rayonu olmuşdur. Mərhum prof. Zahid Qaralovun bu rayon təşkilatına rəhbərlik etməsini Ulu Öndər özü məsləhət görmüşdü və elə 1993-cü ildən 2014-cü ilin sonlarınadək Z.Qaralov təşkilata çox uğurla rəhbərlik etmişdir. Ondan sonra rayon partiya təşkilatına rəhbərlik etməsi üçün seçilən Şəmsəddin müəllim də estafeti çox böyük uğurla qəbul etmiş və 2015-ci ildən təşkilata layiqincə rəhbərlik edir. Belə şərəfli işdə ziyalını elə ziyalı əvəz etməliydi, elə də oldu. Səbail rayonunda partiya işinin təşkili, rayonun partiya fəalları hər zaman diqqət mərkəzində olmuşdur. Əminik ki, rayon partiya təşkilatı bundan sonra da bu istiqamətdə eyni əzmkarlıqla çalışacaqdır.

Azərbaycanda 1993-cü ildən başlayaraq ötən dövr ərzində çoxlu uğurlar əldə olundu. Bu uğurların təməlində duran dahi Heydər Əliyev ideyaları və onun yaratdığı Yeni Azərbaycan Partiyası da bu müddətdə şərəfli bir inkişaf yolu keçdi. Bu gün partiyamız xarici ölkə partiyaları ilə əlaqələrini genişləndirir, partiyamızın beynəlxalq nüfuzu günü-gündən yüksəlir.

Mən həmişə fəxr etmişəm ki, Heydər Əliyev kimi dahinin yanında işləmişəm. Biz bu gün də onun əqidəsinə, ideyalarına sadiqik və yalnız bir amala, ölkəmizi daha da gücləndirəcək və inkişaf etdirəcək siyasi amala xidmət edirik. Bu yolda hər birimizə uğurlar arzu edirəm. Bayramınız mübarək!”

YAP İdarə Heyətinin üzvü, professor Nizami Xudiyev YAP Səbail rayon təşkilatının yaranması prosesinin bilavasitə iştirakçısı kimi o dövr hadisələri haqqında xatirələrini paylaşıb. “Bu gün haqqında danışdığımız əlamətdar tarixdən 23 il keçir. Mən o günləri həmişə xoş xatirələr ilə yad edirəm və çox şadam ki, o günləri paylaşdığım insanların əksəriyyəti bu gün burada əyləşiblər. Biz tez-tez görüşüb partiyanın yaradılması ilə əlaqədar məsələləri müzakirə edirdik. Xüsusən Heydər Əliyev Naxçıvana gəldikdən sonra onun da yanına tez-tez gedirdik. YAP yarandıqdan sonra isə o günlərdə məruz qaldığımız bütün təhlükələrə baxmayaraq hər həftənin şənbə günü görüşür və rayon partiya təşkilatını yaranması məsələlərini müzakirə edirdik. Mən o zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru idim, Sərvər müəllim rektor idi. Partiya təəssübkeşlərinin də israrı və dəstəyi ilə YAP ilə bağlı bütün tədbirlər bizim universitetin akt zalında keçirilirdi. Bu tədbirlərin təşkilində bizə çoxlu çətinliklər yaradılırdı, lakin bunlara baxmayaraq biz 1993-cü ilin 21 fevral tarixində YAP Səbail rayon təşkilatının ilk təsis konfransını ADPU-da keçirə bildik.

Səbail rayonu Bakı şəhərinin mərkəz rayonu olmaqla bütün əsas hökumət strukturlarını özündə cəmləşdirir. Bu baxımdan YAP rayon təşkilatının yaradılması digər rayonlar üçün də yaxşı nümunə oldu.

Bütün bu işlərin həyata keçirilməsində xalqın istəyi, dəstəyi, məhəbbətinin rolu böyük oldu. Mən heç bir ölkədə xalqın öz Prezidentinə, rəhbərinə belə bir sevgi bəsləməsini müşahidə etməmişəm. Xalqımız bilirdi ki, yeganə qurtuluş yolu Heydər Əliyevin ətrafında birləşmək yoludur. Elə bu möhkəm əqidə üzərində qurulmuş sağlam bünövrədə Yeni Azərbaycan Partiyası yarandı və indiyədək də fəaliyyətini davam etdirir.

Mən çox təəssüf edirəm ki, prof. Zahid Qaralov və bizim digər silahdaşlarımız bu gün yanımızda deyillər, haqqın rəhmətinə qovuşublar, ancaq onlar daim bizim qəlbimizdə, yaddaşımızda yaşayırlar, biz də hər zaman onları böyük hörmətlə yad edirik. Şəmsəddin Hacıyev bu məsələlərdə həmişə çox diqqətlidir, partiya veteranlarına hər zaman böyük hörmət göstərir, bu gün bu tədbirimizə ilk təsis konfransının iştirakçılarını dəvət etməsi, bizi yenə bir araya yığması da elə bu diqqətin ən bariz nümunəsidir.

Sizləri bu gözəl və şərəfli tarixi gün münasibətilə bir daha təbrik edirəm, işlərinizdə uğurlar arzu edirəm və əminəm ki, Səbail rayon təşkilatı bundan sonra da ölkənin ictimai-siyasi həyatına öz böyük töhfələrini verməyə davam edəcəkdir.

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini, rayon partiya təşkilatının təsis konfransının iştirakçılarından biri Muxtar Nağıyev çıxış edərək, Siyavuş Novruzovun da fəal iştirak etdiyi “Əlincə cəmiyyəti”nin 1992-1993-cü illərdə fəaliyyətindən, YAP-ın və Səbail rayon təşkilatının yaranmasında bu cəmiyyət üzvlərinin oynadığı roldan danışıb. M.Nağıyev bildirib ki, bu cəmiyyət üzvləri 91-lər hərəkatının da təşəbbüskarı olmuşlar, həmçinin bu cəmiyyətin nəşr etdirdiyi “Səs qəzeti” Heydər Əliyevin ideyalarını xalqa çatdırmaq, yeni yaranmış partiya ətrafında daha çox siyasi həmfikirləri toplamaq üçün o dövrdə çox böyük rol oynayıb. Cəmiyyət üzvlərinə dəfələrlə təzyiqlər, fiziki təhditlər edilməsinə baxmayaraq, bizlərdən heç birimiz siyasi əqidəmizdən dönmədik və xalqımızın xilaskarı Heydər Əliyev ətrafında sıx birləşdik.

Bizlər çox çətin şəraitdə də olsa Bakı rayonlarında partiya özəklərinin yaranmasına nail olduq. Bakıda ilk YAP rayon təşkilatı Nərimanov, daha sonra Xətai rayonlarında yarandı. Üçüncü belə təşkilatı isə Səbail rayonunda yaratmış olduq. Elə o gündən etibarən biz Səbaillilər Ümummilli Liderimizin əqidəsini qoruyuruq. Bu gün isə 700 minlik sayı olan nəhəng YAP tərəfdarları Ulu Öndərin layiqli varisi möhtərəm cənab Prezidentimiz İlham Əliyev ətrafında sıx yumruq kimi birləşmişik. Təsadüfi deyil ki, YAP-a “Xalqın partiyası” deyilir. Əminik ki, xalq-iqtidar arasında formalaşmış bu qarşlıqlı inam və güvən Azərbaycan var olduqca davam edəcəkdir. Bayramımız mübarək! Sizlərə bundan sonraki fəaliyyətinizdə də uğurlar arzu edirəm.”

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Rizvan Vahabov çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənclər arasında təbliğinin əhəmiyyətindən danışaraq, Ümummilli Liderin əbədiyaşar ideyalarının, onların siyasi ideologiyanı möhkəmlətmək baxımından önəmini vurğuladı. “Bu partiyanın yaradılması çox çətin bir vəziyyətdə mümkün oldu. Ona görə hər birimiz üçün bu partiya çox əziz və dəyərlidir. Bizim yolumuz Heydər Əliyev yoludur və bu yoldan bizi heç nə çəkindirə bilməz. Yeni Azərbaycan Partiyası və bu partiyanın təməlində duran Heydər Əliyev ideologiyası yüz illərlə yaşayacaqdır.”

Daha sonra YAP Səbail rayon təşkilatının yaranmasında və inkişafında iştirak edən, bu istiqamətdə müstəsna xidmətləri olan partiya təəssübkeşlərinə fəxri fərmanlar təqdim olunub.

Tədbirin davamında YAP Səbail rayon təşkilatının yeni yaradılmış informasiya portalının təqdimatı keçirilib, veb-səhifənin strukturu və funksiyaları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Sonda rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib, iclasda gündəliyə daxil olan cari məsələlərə baxılıb.