Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirildi

25 fevral 2016-cı il tarixində YAP Gənclər Birliyi Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Partiyanın Binəqədi rayon təşkilatının qərargahında təşkil olunmuş mərasimdə YAP Sədrinin müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov, millət vəkili, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov və fəal gənclər iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov 24 il əvvəl baş verən Xocalı soyqırımının XX əsrin ən qanlı, ən dəhşətli faciələrdən biri olduğunu qeyd edib. Xüsusi qəddarlığı ilə seçilən bu terror aktına dünya ictimaiyyəti tərəfindən hələ də layiqli hüquqi-siyasi qiymət verilmədiyini bildirən Əli Əhmədov bu gün qarşımızda duran əsas vəzifələrin qan yaddaşımız olan bu faciənin səbəblərini araşdırmaq, nəticələr çıxarmaq, Xocalı şəhidlərimizin xatirəsini hər zaman əziz tutmaq, həmçinin Xocalı həqiqətlərini dünyaya çatdırıraq bu cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaq olduğunu vurğulayıb. “Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini hər zaman uca tutur. Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsinin həqiqətlərini dünyaya yaymaq istiqamətində böyük işlər görürlər. Xüsusən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq miqyasda həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb. Xocalı təkcə Azərbaycanın tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir. Dözülməz haldır ki, Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməyib. Bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə təbii ki, növbəti cinayətlər də baş verir, necə ki, biz bunun elə günümüzdə də Balkanlarda, Yaxın Şərqdə şahidiyik. Biz hamımız, xüsusilə dünya dövlətləri bu faciələrdən lazımi nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə fəlaktlər, cinayətlər baş verməsin”.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov çıxışında qeyd edib ki, Azərbaycan xalqı artıq 200 ildir ki, erməni separatçılarının etnik təmizləmə, soyqırım siyasətinə məruz qalır, əzəli yerindən yurdundan, doğma torpaqlarından qovulurlar. 1905-1907, 1918-1920 və 1948-1953-cü illərdə erməni şovinist-terroçu dəstələrinin törətdikləri qanlı terror aktları nəticəsində minlərlə günahsız azərbaycanlının qətlə yetirildiyini, bir çox nəsillərin soyunun yer üzündən silindiyini bildirən Eldar İbrahimov Xocalı faciəsinin dəhşətli faktlarından, bu dəhşətin səbəbkarlarının hələ də cəzalandırılmadığından, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda aparılan ardıcıl işlərdən, Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən bəhs edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində daha aktiv iş aparmaq üçün gənclərin potensialına ehtiyac olduğunu dilə gətirib. Xaləddin İsgəndərov Azərbaycan gəncliyini “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırıb və kampaniyada Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması işində həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğunu vurğulayıb.