Səbail rayonunda XI sinif şagirdlərinə Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı dərslər keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 2016-cı ilin fevral ayı ərzində Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə Səbail rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün silsilə dərslər tədris olunub.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslərin tədrisi ilə 162 saylı orta məktəbin müəllimi Tağıyeva Kəmalə, 91 saylı orta məktəbin müəllimi Şərifova Sevda və 49 saylı orta məktəbin müəllimi Abdullayeva Gülşən məşğul olublar.

Dərslər YAP Səbail rayon təşkilatının Heydər Əliyev adına lektoriya zalında keçirilib və mühazirələrdə Səbail rayonunda yerləşən 2, 160, 189-190, 91, 162, 203, 236 saylı orta məktəblərindən, həmçinin 6 nömrəli məktəb-liseyindən və 132-134 nömrəli təhsil kompleksindən ümumilkdə 500-ə yaxın XI sinif şagirdi iştirak edib.

Dərslərin təşkilində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin ölkəmizin dövlət quruculuğu prosesindəki rolunun öyrənilməsi, Ulu Öndərin əvəzedilməz xidmətlərinin gənc nəsillərə çatdırılması olub.

2016-cı ilin aprel ayında dərslərin yenidən keçirilməsi nəzərdə tutulub.