YAP Səbail rayon təşkilatında “8 Mart – Beynəlxalq Qadınlar günü” qeyd edildi

04 mart 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının Qadınlar Şurası “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə bayram tədbiri keçirib.

Rayon partiya təşkilatının Qadınlar Şurasının üzvlərinin və rayon ictimaiyyətinin fəal qadınlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev qadınları təbrik edib və müasir dövrümüzdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rollar haqqında geniş danışıb. “Bu gün sizlərlə görüşmək bizim üçün çox xoşdur. Biz qadınları həmişə uca tutmuşuq və tutacağıq. Təsadüfi deyil ki, qadınlara həsr olunmuş bayram günü mart ayında qeyd olunur. Mart baharla, baharın gəlişi ilə səciyyələndirilən bir aydır. Bunun nəticəsidir ki, zəriflik, incəlik rəmzi olan qadınların, xanımların bayramı baharın gəlişi ilə əlamətdar olan bir ayda, gündə qeyd olunur.

Nyu-York şəhərində bir tikiş fabrikində qadınların hüquqlarını qorumaq üçün başlayan hərəkatın sonradan Avropaya və dünyaya yayılması ilə 8 mart günü Beynəlxalq Qadınlar günü kimi qeyd olunmağa başladı. Biz də bu günü xanımlarımızın, qadınlarımızın şərəfinə böyük bayram əhval ruhiyyəsi ilə qeyd edirik. Biz bu bayramı həm Sovetlər dövründə, həm müstəqillik illərimizdə həmişə qeyd etmişik. Ulu Öndər hakimiyyətə gəldikdən sonra bir çox milli və qadağan olunmuş bayramlarımızı qeyd edə bilməyimiz üçün addımlar atıldı. Ulu Öndərin xüsusi diqqəti nəticəsində cəmiyyətimizin formalaşmasında aparıcı rol oynayan qadınlarımıza böyük qayğı göstərilməsi, onların hüquqlarının qorunması dövlət siyasətinin prioritetləri sırasına yüksəldi.

Bu gün cəmiyyətimizin elə bir sosial-iqtisadi sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Sovet dövründə əhali arasında qadın-kişi sayının nisbəti 48%-in 52%-ə idi. Bu gün isə rəsmi statistikaya əsasən bu nisbət qadınların xeyrinə dəyişmişdir. Qadınlarımız bu gün bütün sosial sferalarda vicdanla, şərəflə çalışırlar və cəmiyyətimizin sosial-iqtisadi-siyasi inkişafına mühüm töhfələr verirlər. Xanımlar təbiətləri etibarilə daha qayğıkeş, daha həssas, daha diqqətli və məsuliyyətli olurlar. Hətta mən deyərdim ki, kişi işi dediyimiz bir çox işlərdə də qadınlarımız böyük fədakarlıq və uğurla çalışır və işlərinin öhdəsindən məharətlə gəlirlər. Xanımlarımız cəmiyyətimizdə çox yüksək və məsul vəzifələri icra edirlər. Bu gün Prezident Administrasiyasının aparatında, Milli Məclisin aparatında çox sayda qadın çalışır, xanımlarımız bu gün nazir müavinləridir, komitə sədrləridir, gənclər təşkilatlarının sədrləridir, professorlardır, rektorlardır, məktəb direktorlarıdır. 2015-ci il 01 noyabr parlament seçkilərində 250-yə yaxın qadın deputatlığa namizədliyini irəli sürmüşdü. Sevindirici haldır ki, bu gün Milli Məclisdə təmsil olunan 21 qadın deputatın 13-ü Yeni Azərbaycan Partiyasını təmsil edir.

Xanımlarımızın ən çox sayda təmsil olunduğu sahə sözsüz ki, təhsil sahəsidir. Qadın müəllimələrimizin şagirdlərimizə, tələbələrimizə elm öyrətməklə yanaşı, onların bir vətəndaş kimi, vətənə, milli-mənəvi dəyərlərimizə sadiq əsgər kimi tərbiyə olunmasında mühüm rol oynayırlar.

Dövlətçilik tariximizə baxsaq qadınlarımızın hər zaman kişilərlə çiyin-çiyinə mübarizə apardığının, kişilərlə birgə vuruşduğunun şahidi oluruq. II dünya müharibəsi zamanında da ön cəbhə qədər qadınlarımızn təmsil olunduğu arxa cəbhə də önəmli idi və burada bütün yük əsasən qadınlarımızın çiyninə düşürdü.

Cəmiyyət həyatında, ictimai-siyasi həyatda qadınların rolu çox fərqlidir. Qadınlar olmasa həyatın özü də mümkün ola bilməzdi. Qadınların kişilərdən fərqli bir missiyası da var, bu da ana olmaqdır. Ana olmaqla yanaşı, uşağın böyüdülməsi, tərbiyə olunması işində də əsas əziyyəti çəkən, bilavasitə bununla məşğul olanlar qadınlarımızdır.”

Çıxışının davamında Ş.Hacıyev Səbail rayonunda qadınların ictimai-siyasi fəaliyyətə cəlb olunma səviyyəsindən, onların partiya daxilində fəaliyyətindən və partiya təşkilatının Qadınlar Şurasının bu sahədə uzun illərdir gördüyü çoxşaxəli işlərdən bəhs edib. “Səbail rayonunda qadınlarımız çox fəaldırlar. Problemləri həll etmək bacarığı ilə yanaşı mənim müşahidələrim belədir ki, qadınlar problemləri görmək və onların səbələrini düzgün təyin məziyyətinə də sahibdirlər. Bu çox önəmli xüsusiyyətdir. Xanımlar çox həssas sahələrdə, demək olar ki, ictimai-siyasi həyatın bütün zümrələrndə müvəffəqiyyətlə təmsil olunurlar. Bizim də borcumuz onlara böyük hörmət, ehtiramla yanaşmaqdır.

Ş.Hacıyev qeyd edib ki, bizim rəhbər vəzifələrdə çalışan və lider kimi nümunə ola biləcək çox qadınlarımız var. Mən liderlik nümunəsi olaraq xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını çəkmək istəyirəm. Bu gün Mehriban xanım bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən görülən işlərin miqyası olduqca genişdir. Fondun gördüyü işlər sosial-ictimai həyatın demək olar ki, bütün sahələrini – mədəniyyyət, multikulturalizm, milli adət-ənənələrimizin, dəyərlərimizin qorunması kimi fəaliyyət sahələrini əhatə edir. Sevindirici haldır ki, Fond xarici ölkələrdə də ölkə daxilində olduğu kimi böyük işlər görür. Son aylarda Fond ölkə regionlarında fəaliyyətini daha da genişləndirmiş və yerlərdə həssas sosial məsələlərin həlli istiqamətində ciddi işlər görməkdədir. Görülən bütün bu işlərdə sözsüz ki, Mehriban xanım Əliyevanın xüsusi rolu və diqqəti vardır. Mehriban xanım bir Azərbaycan qadını kimi incəlik, zəriflik, həssaslıq simvoludur. Bütün xanımlarımız ondan nümunə götürürlər.

Sonda Səbail rayon partiya təşkilatının bütün kollektivi adından, YAP İcra katibliyi adından xanımları bu gözəl bayram münasibətilə bir daha təbrik edən Ş.Hacıyev qadınlara can sağlığı, qadın xoşbəxtliyi və bütün işlərində uğurlar arzu edib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova və əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli rolu və əməyi olan, ictimai fəallığı ilə diqqət çəkən, ölkədə davam edən inkişaf prosesində fərqlənən qadınlarımızın, analarımızın Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib övlad böyüdülməsindəki əvəzedilməz xidmətlərindən danışaraq əhalinin sosial müdafiəsinin təminatında qadınlara xüsusi diqqətlə yanaşılmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd ediblər.

Bütün qadınlar adından çıxış edən Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova YAP Səbail rayon təşkilatına və Şəmsəddin Hacıyevə hər zaman onlara göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib.

Daha sonra Səbail rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə fəxri fərmanlar təqdim olunub.