YAP Səbail rayon təşkilatının ərazi ilk partiya təşkilatında multikulturalizm mövzusunda seminar keçirildi

15 mart 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının “Milli Azərbaycan Tarixi Muzeyi” ərazi ilk partiya təşkilatında “Azərbaycanın ədəbi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar təşkil olunmuş seminarı Muzeyin elmi işçisi Əli Fərhadov açaraq, mövzu ətrafında iştirakçıları məlumatlandırıb. 

Tədbirə dəvət olunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, şərqşünas, görkəmli şair Nəriman Qasımzadə “Azərbaycan multikulturalizminin bədii qaynaqlarına bir baxış” adlı məruzə ilə çıxış edib. N.Qasımzadə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan multikulturalizminin dərin köklərə malik olduğunu qeyd edən məruzəçi ədəbiyyatımızda, xüsusilə ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin, Füzulinin, Nəsiminin və digər böyük ədiblərin əsərlərində multikulturalizm ideyalarından söz açıb, fikirlərini əsərlərdən gətirdiyi nümunələrlə əsaslandırıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxışında qeyd edib ki, humanist və demokratik ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Nailə xanım gənclərə bu mövzuda daha fəal olmalarını tövsiyyə edib.

Seminarda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri də çıxış ediblər.

Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.