Millət vəkilləri Şəmsəddin Hacıyev və Siyavuş Novruzov müharibə veteranlarının İctimai Birlik rəhbərləri ilə görüşdülər

18 mart 2016-cı il tarixində Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və millət vəkili, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzovun müharibə veteranlarının İctimai Birlik rəhbərləri ilə görüşü keçirildi.

“Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” birliyinin Səbail rayon qərargahında təşkil olunan görüşdə “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev; Azərbaycan Respublikası “Çernobıl əlilləri ittifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov; “Azərbaycan Əfqanıstan müharibəsi veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev; Qarabağ qaziləri birliyinin sədri Etimad Əsədov; “Azərbaycan Veteranlar Şurası”nın İdarə heyətinin üzvləri; “Vətən müharibəsi veteranları birliyi”nin nümayəndələri; Ehtiyatda olan zabitlər konfederasiyasının sədri general-mayor Məmmədhüseyn Sarıyev; “Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli; Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun rəhbəri Sərraf Orucov; Avropa Demokratiya və İnsan hüquqları Fondunun Bakı nümayəndəliyinin rəhbəri Məcid Məmmədov; Hərbi muzeyin rəhbəri Əzizağa Qənizadə; “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” Birliyinin sədri Rey Kərimoğlu; Bakı şəhərinin Səbail və digər rayonlarında yaşayan müharibə veteranları, əlilləri, şəhid ailələri üzvləri və YAP Səbail rayon təşkilatının aparat üzvləri iştirak etdilər.

Tədbiri “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev açdı. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev iştirakçıları salamlayaraq, onları ilk öncə Novruz bayramı münasibətilə təbrik etdi, müharibə veteranları və şəhid ailələrinə səmimi arzularını bildirdi.

Vətənimizin keşiyində durub torpaqlarımız uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizi böyük ehtiramla yad edən millət vəkili bu döyüşlərdə iştirak edib sağlamlığını itirmiş müharibə veteranlarının, əlillərinin, onların ailə üzvlərinin və şəhid ailələrinin cəmiyyətimizin daim diqqətdə saxlanılan təbəqəsi olduqlarını bildirdi. Ş.Hacıyev müharibə veteranları, şəhid ailələrinə dövlət qayğısından danışaraq, bu ənənənin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, indi isə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd etdi. Bizlər də millət vəkilləri olaraq, əsl vətənpərlik nümunəsi göstərmiş, qəhrəmanlıq nümayiş etdirmiş bu insanlarla tez-tez görüşlər keçirməyə, onların təklif və tövsiyyələrini, problemlərinin və çətinliklərini dinləməyə və onların həll olunmasına imkan və səlahiyyətlərimiz daxilində köməklik etməyə çalışırıq.

Dünyada, müxtəlif ölkə və regionlarda gedən ictimai-siyasi proseslər fonunda Azərbaycanın iqtisadi-siyasi sabitlik “adası” olduğunu qeyd edən Ş.Hacıyev ölkəmizdə əhalinin, xüsusən də cəmiyyətin həssas qruplarının rifahının yüksəldilməsi üçün həyata keçirilən siyasət, aparılan islahatlar və bu istiqamətdə görülən işlər haqqında danışdı. “Dünyada, qonşu regionlarda gedən prosesləri hamımız izləyirik. Gördüyümüz kimi, baş verən iqtisadi böhranlar, müharibələr, miqrant – qaçqın problemləri yüksək inkişaf səviyyəsi ilə fərqlənən ölkələrdə belə hazırda çox ciddi siyasi-sosial problemlər və gərginliklər yaradır. Bu baxımdan cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində Azərbaycanda əldə etdiyimiz siyasi-iqtisadi sabitliyi yüksək qiymətləndirməli və onu bütün vasitələrlə qorumalıyıq. Ölkə Prezidenti sosial məsələləri, xüsusi qayğıya ehtiyac olan sosial təbəqələri hər zaman diqqətdə saxlayır. Milli Məclisin son bir ayda qəbul etdiyi qərarlar, qanun dəyişiklikləri ölkədə iqtisadi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, əmək haqqlarının, həssas qruplar üçün sosial müavinətlərin artırılması, sahibkarlığın inkişafını məhdudlaşdıran maneələrin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xidmət edir. Azərbaycanda formalaşdırılmış və qorunan dini tolerantlıq, bizim multikulturalizm modelimiz bütün dünya ölkələri üçün nümunə təşkil edir”.

Çıxışının davamında Ş.Hacıyev Azərbaycanın inkişafı, dövlətimizdə əmin-amanlığın və firavanlığın qorunması istiqamətində mühüm işlər görən, ölkəmizə uğurla rəhbərlik edən cənab Prezident – Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi və ailəsini tədbir iştirakçıları adından Novruz bayramı münasibətilə təbrik etdi, ölkə rəhbərinə bundan sonraki fəaliyyətində də uğurlar arzu etdi.

Daha sonra Ş.Hacıyev bildirdi ki, bugünkü tədbirin əsas qayesi müharibə veteranlarının hüquqlarının qorunması məsələləri ilə məşğul olan müxtəlif ictimai birlik rəhbərlərinin millət vəkili, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov ilə görüşünü təşkil etməkdən ibarətdir. “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri İlham Əliyev tərəfindən irəli sürülən görüş təşəbbüsünü məmnuniyyətlə dəyərləndirdiyini və S.Novruzovu dəvət etdiyini qeyd edən Ş.Hacıyev fürsətdən istifadə edərək dəvəti qəbul etdiyinə və vaxt ayırıb gəldiyinə görə S.Novruzova təşəkkürünü bildirdi.

S.Novruzovun qəlbən və ruhən həm Əfqanıstan, həm Qarabağ müharibəsi iştirakçılarına yaxın olduğunu vurğulayan Ş.Hacıyev komitə sədrinin tərcümeyi halı haqqında tədbir iştirakçılarına məlumat verdi. Millət vəkili diqqətə çatdırdı ki, S.Novruzov Azərbaycan cəmiyyətində çox tanınan, yetərincə siyasiləşmiş simalardan biridir. O, çox cəsarətli insandır, özünəməxsus yolu var, həm Əfqanıstan, həm Qarabağ müharibəsində iştirak edib. S.Novruzovun hərkəsə nəsib olmayan ölçüyəgəlməz xidmətləri var. O, Azərbaycanın müstəqillik qazandığı ilk illərdən etibarən Ümummilli lider Heydər Əliyevin yanında olub, onun yaxın silahdaşlarından olub, YAP-ın yaranması prosesində, partiyanın Nizamnaməsinin yazılmasında iştirak edib. Təsadüfi deyil ki, III çağırış Milli Məclis seçkiləri zamanı Siyavuş Novruzovun adı Yeni Azərbaycan Partiyası namizədlərinin siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra üçüncü sırada idi. S.Novruzov həmçinin idmançıdır, fəlsəfə elmlər doktorudur, çoxsaylı elmi yazıların müəllifidir, yazılarında məşğul olduğu elm sahəsi ilə yanaşı, cəmiyyətin ağrılı problemlərinə də böyük cəsarətlə toxunur və hər zaman məsələlərə, problemlərə fərqli baxış açısı ilə seçilir. Ş.Hacıyev Siyavuş Novruzovun Milli Məclisdə fəal statusunu vurğulayıb və onun cəmiyyətin xüsusi qayğıya ehtiyac olan sosial qruplarının, o cümlədən Qarabağ, Əfqanıstan, Çernobıl əlillərinin, müharibə veteranlarının, şəhid ailələrinin lobbiçiliyini etdiyini və onların hüquqlarının qorunması üçün ciddi işlər gördüyünü qeyd etdi.

YAP-ın böyük siyasi qüvvə olduğunu və partiyamızın parlamentdə 70 deputatla təmsil olunduğunu deyən Ş.Hacıyev Siyavuş Novruzovun V çağırış Milli Məclis seçkilərində də ötən illərdə olduğu yenə öz dairəsindən Şahbuz rayonundan deputat seçildiyini və Milli Məclisin yeni yaradılmış İctimai birliklər və dini icmalar komitəsinə uğurla rəhbərlik etdiyini bildirərək bundan sonrakı fəliyyətində ona uğurlar arzu etdi.

Tədbirin davamında Siyavuş Novruzov çıxış edərək müharibə iştirakçılarının ona çox yaxın insanlar olduqlarını vurğulayan komitə sədri bu formatda keçirilən görüşlərdə aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə ölkədəki şəraitdən, çətinliklərdən danışan millət vəkili Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda siyasi-iqtisadi sabitliyin əldə olunması istiqamətində Ümummilli Liderin misilsiz xidmətlərini xüsusi vurğuladı. Ölkəmizdə dövlət səviyyəsində bütün müharibə iştirakçılarına hər zaman yüksək diqqətin olduğunu bildirən S.Novruzov bütün kateqoriyalar üzrə müharibə veteranlarının sosial-məişət problemlərinin ardıcıllıqla öz həllini tapdığını, həm Əfqanıstan, həm Qarabağ müharibəsi veteranlarının, həm qaçqınların həyat şəratinin yaxşılaşması üçün ciddi işlər görüldüyünü və bundan sonra bu istiqamətdə işlərin davam edəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Milli Məclisdə ictimai birliklərlə işin təşkili üçün xüsusi komitənin yaradılmasının əhəmiyyətindən də danışan millət vəkili komitənin bu işlərə nəzarət mexanizmini gücləndirəcəyini, bu sosial qrup insanlarının rifahının yüksəldilməsi, hüquqlarının hərtərəfli qorunması üçün ictimai birliklərlə sıx əməkdaşlıq edəcəklərini vurğuladı. Çıxışının sonunda S.Novruzov müharibə veteranlarının sosial müavinətlərinin artırılması, onların sığortalarının yüksək səviyyədə təmin olunması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti ilə də müzakirələrin aparıldığını və Yeni Azərbaycan Partiyasının bir iqtidar partiyası olaraq əsas amalının ölkə vətəndaşlarının yaxşı yaşamasının təmin edilməsi olduğunu qeyd etdi.

Görüş, ictimai birlik rəhbərlərinin, tədbir iştirakçılarının sual və təkliflərinin dinlənilməsi və millət vəkilləri ilə fikir mübadiləsi şəraitində davam etdi.

Son olaraq, millət vəkili Şəmsəddin Hacıyev tədbirə yekun vurdu. V çağırış Milli Məclisə seçki kampaniyası zamanı seçicilərinə, o cümlədən müharibə veteranlarına söz verdiyi kimi hər zaman onların yanında olduğunu diqqətə çatdıran Ş.Hacıyev görüş zamanı səsələndirilən bütün təkliflərin qeydə alındığını bildirdi. Veteranları bundan sonra da çətinlikləri, problemləri, təklifləri haqqında müraciətlərini təsnifləşdirib onlara təqdim etməyə çağıran millət vəkili bu gün müzakirə olunan məsələlərə biganə qalmayacaqlarını, bu problemləri həll etmək üçün müvafiq qurumlara, Milli Məclisə, YAP-ın icra katibliyinə müraciət edəcəklərini və problemlərin həlli istiqamətində öz səlahiyyətləri çərçivəsində əllərindən gələni əsirgəməyəcəklərini bildirdi.

Ş.Hacıyev sonda dəvəti qəbul edib gəldiyi üçün Siyavuş Novruzova bir daha təşəkkür etdi və tədbir iştirakçılarının bayramını təbrik etdi.