YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Ş.H.Hacıyevin “Milli Məclisin üzərinə böyük vəzifələr düşür” adlı müsahibəsi mətbuatda dərc olundu

“Ədalət” qəzetinin 30 mart 2016-cı il tarixli sayında YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyevin “Milli Məclisin üzərinə böyük vəzifələr düşür” mövzusunda müsahibəsi dərc olunub.

Müsahibəni təqdim edirik:

Mandat. O, hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçənləri təmsil etmək. Ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi. Beləliklə, “Ədalət” qazetinin “Yeni Mandat” rubrikasının bugünkü qonağı 29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilən Şəmsəddin Hacıyevdir.

– Şəmsəddin müəllim, bu seçkilərdə YAP tərəfindən namizədliyiniz fərqli dairədən irəli sürüldü. Seçki prosesində zəfər çaldınız. Maraqlıdır qarşıdaki 5 il ərzində tərəfinizdən hansı işlər görüləcək?
– Bəli, əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də Yeni Azərbaycan Partiyası parlaq qələbə qazandı və bunu mən tamamilə təbii və qanunauyğun hesab edirəm. Ona görə ki, keçən bu beş il ərzində ölkəmizin ictimai-siyasi və mədəni həyatının istisnasız olaraq bütün sahələrində çox əhəmiyyətli nəticələr və misilsiz uğurlar qazanılmışdır ki, onların da təməlində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin milli mənafelərə söykənən son dərəcə düşünülmüş, müdrik və uzaqgörən siyasəti dayanır. Məhz, bu siyasətin nəticəsidir ki, bu gün dünyada baş alıb gedən mürəkkəb, ziddiyyətli, destruktiv, böhranlı proseslərə rəğmən, Azərbaycan dinamik inkişaf edən, siyasi və iqtisadi sabitlik nümayiş etdirən, müstəqil siyasət yürüdən, xalqla-iqtidar birliyinə nail olan qüdrətli bir dövlətə çevrilmişdir. Bildiyiniz kimi, bu seçkilərdə də Milli Məclisə deputatlığa namizədliyim üzvü olduğum Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür. Hesab edirəm ki, partiyamız mənə bir daha böyük etimad göstərmiş və bu dəfə namizədliyimin başqa dairədən – 29 saylı Səbail seçki dairəsindən irəli sürülməsini məqsədəuyğun hesab etmişdir. Fikrimcə, bu mənim YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə seçilməyimlə izah oluna bilər. Məlum olduğu kimi, Səbail rayonu paytaxtımızın ən əhəmiyyətli və strateji rayonlarından biridir. Təsadufü deyildir ki, onu “paytaxtın paytaxtı”da adlandırırlar. Səbail rayonu bir qayda olaraq, ölkəmizin ictimai-siyasi həyatında hər zaman özünəməxsus fəallığı ilə də seçilib. Mən bütün bunların məsuliyyətini tam şəkildə dərk edirəm və həmişə olduğu kimi, indi də deputatlıq fəaliyyətimdə partiyamızın və seçicilərimin böyük etimadını doğrultmaq üçün var gücümlə çalışacağam.
Artıq ölkəmiz yeni inkişaf mərhələsinə – postneft dövrünə qədəm qoymaqdadır, bununla əlaqədar yeni çağırışlar, yeni vəzifələr və meyillər meydana çıxır. Bu mərhələdə qarşıya qoyulan əsas vəzifə mövcud ictimai – siyasi sabitliyi qorumaq, davamlı iqtisadi və sosial inkişafı təmin etmək, neftdən asılılığımızı minimuma endirmək, qeyri – neft sektoru sahələrinin dinamik inkişafına nail olmaq, iqtisadiyyatmızı şaxələndirmək, sahibkarlığın inkişafına bütün vasitələrlə dəstək vermək, əlverişli investisiya və sahibkarlıq mühitini təmin etməkdən ibarətdir. Bütün bu vəzifələrin uğurla icra olunmasında ictimai nəzarətin, ictimai-siyasi fəallığın əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə daha da artmalıdır. Təbii ki, bu işdə ölkənin ali qanunvericilik orqanı olan Milli Məclisin üzərinə xüsusilə böyük vəzifələr düşür. Mən də Milli Məclisin deputatı olaraq, ölkədə əlverişli siyasi, iqtisadi, sosial mühitin formalaşmasını təmin edən təkmil qanunvericilik bazasının hazırlanması, qəbul edilməsi, vətəndaşların və bütövlükdə cəmiyyətdə mövcud olan problemlərin geniş ictimai müzakirəyə çıxarılaraq həllinin sürətləndirilməsi, yeni dövrün çağırışlarına uyğun, çevik dövlət siyasətinin həyata keçirilməsi işində müvafiq dövlət qurumları ilə dialoqun gücləndiriməsi, ölkədə və dünyada baş verən sosial-iqtisadi dəyişikliklərin mahiyyəti, səbəbləri, mümkün təsirləri barədə əhalinin düzgün məlumatlan-dırılması, maarifləndirilməsi və s. bu kimi işlərdə fəallığımı daha da artıracağam və hər zamanki kimi seçicilərimin yanında olacağam.

– Yeni MANDAT-ını qazandığınız seçici-lərin həll olunmamış problemi kimi nələri sadalaya bilərsiniz?
– İlk öncə qeyd edim ki, deputat seçildiyim dairə həm nüfuzlu ictimai-siyasi xadimləri, dövlət qulluqçuları, alimləri, müəllimləri, həkimləri, mühəndisləri, bir sözlə zəngin ziyalı potensialı ilə, həm vətənpərvər gəncləri, qəhrəman övladları – şəhidləri, qaziləri, müharibə veteranları ilə, həm də bacarıqlı sahibkarları və sadə zəhmətkeş insanları ilə hər zaman ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında özünəməxsus fəallığı və rolu ilə fərqlənir. Bir deputat olaraq, belə bir rayonu təmsil etməyimlə həm qürur duyuram, həm də bunun məsuliyyətini tam şəkildə dərk edirəm.
Seçicilərin həll olunmamış problemləri ilə bağlı sualınıza gəlincə, qeyd etmək istərdim ki, ümumiyyətlə problemsiz həyat mövcud deyildır. Ölkədə inkişaf davam etdikcə problemlər də həll olunur və təbii olaraq yeni problemlər də meydana çıxır. Bizim də deputat kimi əsas vəzifəmiz mütəmadi olaraq seçicilərlə görüşlər keçirmək, onların problemləri ilə yaxından tanış olmaq, bu problemlərin həllində onlara səlahiyyətlərimiz və imkanlarımız daxilində dəstək olmaqdır.
Təbii ki, 2003-cü ildən başlayaraq ölkəmizdə, o cümlədən rayonumuzda aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən geniş islahat proqramları sayəsində ictimai həyatımızın bütün sahələrində mövcud olan problemlər xeyli dərəcədə aradan qaldırılmışdır. Bununla yanaşı, indiyə qədər seçicilərlə keçirdiyimiz görüşlər və qəbullarda, eləcədə ünvanı-mıza daxil olan məktublarda edilən müraciətlərdən də bəllidir ki, qarşıda görəcəyimiz işlər, həll edəcəyimiz problemlər də az deyildir. Yəni, görülən işlərin həcminə və miqyasına baxmayaraq hər zaman ölkədə ictimai sabitliyi, dayanıqlı inkişafı daha da möhkəm-ləndirmək, əhalinin sosial-iqtisadi rifahını, həyat səviyyəsi və şəraitini yaxşılaşdırmaq qarşımızda dayanan əsas vəzifələrdən biri olaraq qalacaqdır.
Konkret olaraq, rayon sakinlərinin problemlərinə gəlincə, deyərdim ki, onların əksəriyyəti kütləvi, rayon miqyaslı xarakter daşımır, məhəlli və fərdi əhəmiyyət kəsb edir ki, bu problemlərin də həlli istiqamətində müvafiq icra qurumları tərəfindən məqsədlı işlər görülməkdədir. Məsələn, rayonun abadlaşdırılması, parkların və yaşıllıqların salınması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, qaz, su, elektrik təchizatının, yol infrastrukturunun və nəqliyyat təminatının daha da yaxşılaşdırılması, qəzalı vəziyyətə düşmüş mənzillərdə yaşayan sakinlərin mənzil şəraitlərinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, aztəminatlı ailələrə sosial yardımlar göstərilməsi və s. bu kimi işlər davam etdirilməkdədir.

– Azərbaycan Milli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?
– Bu fikrinizlə razı deyiləm. Millət vəkilləri həm ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə yaxından və fəal surətdə iştirak edirlər, həm də ölkə hüdudlarndan kənarda ölkəmizi layiqincə təmsil edirlər. Əks təqdirdə seçicilərin, xalqın etimadını qazanmaq mümkün olmazdı. Sadəcə, ola bisin ki, bəzi millət vəkillərimizin fəaliyyəti haqqında mediyada lazımınca məlumatlar yayımlanmır. Bəzən onlar lazım olduğun-dan daha çox təvözəkarlıq nümayiş etdirirlər və gördükləri işlər bağlı susmağa üstünlük verirlər. Lakin bu o demək deyildir ki, onların heç bir fəallığı yoxdur. Mən əksinə deyərdim, bu gün Milli Məclisdə fəal olmayan deputatlarımız barmaqla sayılacaq qədərdir. Hər halda yaxşı dərk edirik ki, fəaliyyətimiz və onun nəticələri seçicilərimizin gözündən yayınmır və onlar da seçki günü öz adekvat münasibətlərini bildirirlər.

– Şəmsəddin müəllim, Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?
– İlk öncə qeyd edim ki, bir dövlət olaraq bütövlükdə Azərbaycanın regionda yeri və rolu ilbəil güclənməkdədir. Cənubi Qafqazın lider dövləti kimi regionda söz sahibinə çevrilmiş ölkəmizin razılığı, dəstəyi olmadan bu coğrafiyada heç bir irimiqyaslı transregional layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanla sağlam əməkdaşlıq münasibətləri yaratmadan regionda heç bir dövlət, heç bir transmilli biznes subyekti uğurlu və səmərəli fəaliyyət göstərə bilməz. Bu gün ölkəmiz çoxlu sayda beynəlxalq təşkilatlarda, regional birliklərdə fəal surətdə iştirak etməklə yanaşı, eyni zamanda özünü dünyaya ümumbəşəri problemlərin müzakirə edildiyi beynəlxalq məkan, qarşılıqlı faydalı maraqlara əsasla-nan etibarlı tərəfdaş, sivilizasiya-lararası dialoq və multikulturalizm mərkəzi kimi təqdim edir. Beləliklə, hazırda ölkəmiz ərazisi, əhalisi və iqtisadi potensialına görə dünyada böyük paya malik olmasa da, ümumbəşəri dəyərlərə daha çox töhvə verən, qlobal məsuliyyəti daha çox bölüşən, dünyanın sülh və əminamanlıq, rifah şəraitində yaşaması üçün bütün təşəbbüs-lərdə iştirak edən az sayda olan dövlətlərdən birinə çevrilmişdir.
Təbii ki, belə bir şərait, belə bir siyasət ölkəmizdə hər bir dövlət orqanının, qurumun, o cümlədən hakimiyyətin mühüm qolu olan Milli Məclisin də fəaliyyət istiqamətlərinin, vəzifələrinin daha da artmasını və gücləndirməsini tələb edir. Dünyanın əksər ölkələri ilə parlament-lərarası münasibətlər quran, beynəlxalq təşkilatların parlament assambleyalarında layiqli şəkildə təmsil olunan, bəzi beynəlxalq komissiyalar və işçi qruplarında rəhbər nümayəndəsi olan Milli Məclis, bu gün dünyada baş verən hadisələrə biganə qalmır, öz mövqeyini bildirir və eyni zamanda regionda sülh və təhlükəsizliyin, siyasi və sosial-iqtisadi sabitliyin, ölkəmizin milli maraqlarının təmin olunmasında səlahiyyətləri çərçivəsində ciddi səylər göstərir, əhəmiyyətli işlər həyata keçirir. Bu baxımdan ölkəmizin ali qanunvericilik orqanının fəaliyyəti öz əhəmiyyətinə və miqyasına görə regionda xeyli dərəcədə fərqlənir. Bu istiqamətdə onu demək kifayətdir ki, yalnız 2010-2015-ci illərdə dördüncü çağırış Milli Məclis tərəfindən 1267 qanun və 143 qərar qəbul edilərək ölkəmizdə qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi işinə əhəmiyyətli töhfələr verilmişdir. Xüsusilə 2015-ci ildən başlayaraq, ölkəmizdə həyata keçirilən kompleks islahatlar proqramının fonunda Milli Məclisin fəaliyyəti olduqca zəngin və intensiv olmuşdur.
Son dövrlərdə dünya iqtisadiyyatında formalaşmış qeyri-əlverişli şəraitin mənfi təsirlərinin minimuma endirilməsi, qeyri-neft sektorunun inkişafınındəstəklənməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, siyasi və iqtisadi sabitliyin möhkəmlən-dirilməsi, maliyyə nəzarətinin gücləndiril-məsi, devalvasiyadan sonra milli valyutamıza etimadının yüksəldilməsi və əhalinin sosial vəziyyətininn yaxşılaş-dırılması və s. bu kimi istiqamətlərdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən çoxlu sayda mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamların verilməsi, Milli Məclisin fəaliyyətini də daha da intensivləşdirmişdir. Təkcə son üç ay ərzində qeyd etdiyim istiqamətlərdə 70-dən çox qanun və mövcud qanunlara dəyişikliklər edilmişdir ki, bütün bunlar da Milli Məclisin ölkədə baş verən sosial-iqtisadi dəyişikliklərdə fəal rolunun və çevik reaksiyasının bariz göstəricisidir.

– Adətən millət vəkilləri ilə icra hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?
– Belə bir məlumatı ilk dəfədir ki, sizdən eşidirəm. İndiyə qədər deputat həmkarlarımla rayon icra hakimiyyətləri arasında hansısa bir soyuqluğun, münaqişənin olmasını eşitməmişəm. Əgər belə bir fakt varsa təbii ki, bu ümumi işin xeyrinə deyildir. Çünki qarşımızda dayanan məqsəd və vəzifələrə nail olmaq üçün mütləq sağlam, münbit, qarşılıqlı anlaşmaya əsaslanan inzibati-idarəetmə, qanunvericilik, əməkdaşlıq və dialoq mühiti olmalıdır. Ola bilər ki, hər hansı bir mübahisə, fikir ayrılığı, tənqidi münasibət olsun. Lakin bunu soyuqluq adlandırmaq düzgün olmazdı. Əksinə, bu konstruktiv mövqedən irəli gəlir və sağlam rəqabətə əsaslanır. Yəni millət vəkilləri və icra məmurlarının bir-birilərinin fəaliyyətlərini daha yaxından izləməsi, daima diqqətdə saxlaması və fəaliyyətlərini daha da yaxşılaşdırmaq üçün tənqidi fikirlər səsləndirməsi, təkliflər irəli sürməsi soyuqluqdan deyil, daha səmimi münasibətlərdən xəbər verir. Əks təqdirdə, bu nəinki problemlərin həllinə səbəb olmayacaq, hətta onları arzuolunmaz vəziyyətə gətirib çıxara bilər.
O cümlədən, mənim də indiyə qədər deputatlıq fəaliyyətim ərzində bu sarıdan heç bir problemim olmamışdır. Hər zaman rayon icra hakimiyyəti və digər icra orqanları ilə birgə təşəbbüslər sayəsində xeyli işlər, layihələr və tədbirlər həyata keçirmişik, rayonun müxtəlif problem-lərinin həllinə həsr olunmuş tədbirlərdə təklif və tövsiyyələrimizi səsləndirmişik. Bu konteksdən Səbail rayon İcra hakimiyyəti ilə birgə işlərimizi və münasibətlərimizi yüksək qiymətləndirirəm. Qısa müddət ərzində xeyli sayda birgə tədbirlər və layihələr reallaşdirmışıq, qarşıda daha böyük işlər görmək əzmindəyik. Başqa cür ola da bilməz, çünki biz bir məqsədə, bir amala, bir siyasətə xidmət edirik.

– Elm və təhsil komitəsində tərəfindən hansı qanun layihələri üzərində iş aparılır?
– Bildiyiniz kimi, keçən il komitəmiz tərəfindən ölkə qanunvericiliyində ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi işlənilib hazırlandı və o, həm hüquqi, həm də maliyyə cəhətdən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldı, başqa sözlə ekspertizadan keçirildi. Prosedura uyğun olaraq Qanun layihəsi əvvəlcə Elm və təhsil komitəsində geniş müzakirə olunaraq MM-in plenar iclasında müzakirəyə tövsiyyə olundu. 24 fevral 2015-ci il tarixində dördüncü çağırış Milli Məclisin plenar iclasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi birinci oxunuşdan keçirildi və millət vəkillərinin təklif və tövsiyyələri nəzərə alınmaqla ikinci oxunuşa hazırlanması qərara alındı. Bu da o deməkdir ki, sözügedən qanun layihəsi artıq konseptual cəhətdən tam bəyənildi. Keçən müddət ərzində birinci oxunuş zamanı səsləndirilən rəy və təkliflər ciddi surətdə araşdırıldı, məqbul hesab etdilən bütün pozitiv təkliflər nəzəra alınaraq, qanun layihəsi üzərində iş tam başa çatdırıldı. İş qrafikinə görə Qanun layihəsi MM-in payız sessiyasında plenar iclasında ikinci oxunuşda müzakirə ediləcəyi planlaşdırılırdı. Lakin məlum səbəblərə görə – parlament seçkiləri, 2016-cı ilin Dövlət Büdcəsi layihəsinin müzakirəsi və s. MM-in iş qrafiki çox gərgin olduğundan “Elm haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ikinci oxunuşa çıxarılmadı. Ümüd edirəm ki, Qanun layihəsi yaxın günlərdə beşinci çağırış MM-in yaz sessiyasında ikinci oxunuşa təqdim ediləcəkdir. Bununla yanaşı, hazırda “Məktəbə qədər təhsil”, “Ümumi orta təhsil”, “Ali təhsil”, “Təhsil kreditləri” haqqında və digər qanun layihələrinin işçi qrupları səviyyəsində hazırlanması üzərində işlər aparılır. Məndə olan məlumata görə “Məktəbəqədər təhsil” haqqında qanun layihəsinin yaz sessiyasında komitədə müzakirəsi gözlənilir.

Müsahibənin “adalet.az” internet portalında linki