Səbail rayonunda “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi-praktik konfrans keçirildi

31 mart 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev məktəbinin lektoriyasında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, YAP Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə  “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı Milli Məclis üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP Səbail rayon təşkilatının təmsilçiləri, pedaqoji universitetin müəllim və tələbələri iştirak etdilər.

Konfransın işini açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada «Böyük Ermənistan» yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar. Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, torpaqlarımızin 20 faizi işğal olundu. Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Ulu öndərin ideya və əməllərini yaşadan, dünyada yeni tipli lider kimi tanınan, bugünkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir. Ermənistan isə əksinə bizim uğurlarımız fonunda daha da zəifləyir. Eldar Əzizov vurğuladı ki, cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.

Çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləsi işlər barədə danışdılar. Rektor Y.Məmmədov vurğuladı ki, insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımı probleminin dərindən və hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Hər bir humanitar faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.

Konfransda ADPU-nin professoru Mais Əmrahov, dosent Elmira Məmmədova, Firudin Cümşüdov, baş müəllim Elman Mirzəyev, Eldar Hacıyev, müəllim Taleh Cəfərov, Nəbi Əsədov, Dəyanət Musayev, universitetin doktorantı Xalidə İbrahimova, universitetin magistri Günel Bayramlı, tələbələr Səkinə Rzalı, Aybəniz Bədəlova, Tahir Cabbarlı   XX əsrin müxtəlif dövrlərində Azərbaycanlıların  məruz qaldıqları soyqırım faktları, Ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı uzun illər həyata keçirdikləri planları, Xocalı faciəsi və mövcüd Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış etdilər.

Sonda elmi-praktik konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olundu, məruzələrin bir daha işlənərək kitab şəklində buraxılması qərara alındı.

Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşəbbüsü ilə keçirilmiş “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi-praktik konfrans iştirakçılarının BƏYANATI