Səbaillilərdən Azərbaycan ordusuna dəstək

05 aprel 2016-cı il tarixində Səbail Rayon İcra Hakimiyyətində Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib.

Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin üzvləri, hüquq-mühafizə orqanları nümayəndələri, din xadimləri, ziyalılar, mədəniyyət və elm xadimləri, müharibə veteranları, rayon fəalları, gənclər və ictimaiyyətin digər təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları son günlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş vermiş hadisələri müzakirə edərək, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı siyasəti yekdilliklə dəstəklədiklərini bəyan ediblər.

Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aprelin əvvəlində erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan bir sıra mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı ordumuzun erməni silahlı birləşmələrinin təxribatına cavab tədbirləri nəticəsində qəhrəmanlıq göstərərək əlverişli üstün mövqelərin əldə edilməsini böyük hərbi qələbə adlandıraraq, xalqımızı bu qələbə münasibətilə təbrik edib.

Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Onun yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və səbaillilər bu siyasəti yekdilliklə dəstəkləyirlər.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Qarabağ müharibəsi veteranı İlham Əliyev, İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri axund Hacı Surxay Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Yusif Məmmədzadə, 51 saylı məktəbin direktoru Lətafət Səmədova və başqaları bidiriblər ki, bu gün insanlar arasında əhval ruhiyyə yüksək səviyyədədir. Azərbaycanın haqlı mövqeyi dünya birliyi səviyyəsində dəstəklənir və bu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsidir. Natiqlər dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşərək Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edib, lazım olarsa Ali Baş Komandanın çağırışı ilə düşmənlə döyüşə atılacaqlarını bildiriblər.

Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikaının Prezidentinə müraciət qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident !

Biz – Səbail rayon fəalları, ictimaiyyət nümayəndələri və rayon sakinləri cəbhə bölgəsində baş vermiş son hadisələrlə əlaqədar bəyan edirik ki, erməni təxribatına qarşı Azərbaycan ordusunun layiqli cavabı, bir sıra strateji əhəmiyyətli ərazilərin azad edilməsi, düşmənin ağır itkilərə məruz qalması və ordumuzun bu böyük qələbəsi bizdə fəxarət, qurur hissi doğurur və işğal altındakı bütün torpaqlarımızın tezliklə azad olunmasına olan inamı daha da artırır.

Bu gün Azərbaycanın apardığı sülhsevər siyasətinə baxmayaraq Ermənistan öz təxribatçı əməllərindən əl çəkmir və ölkəmizə qarşı silahlı hücumlar təşkil edir. Belə ki, aprel ayının 1-də cəbhə bölgəsində ermənilər növbəti dəfə ordumuza qarşı təxribat törətmişdir. Bu təxribat nəticəsində yaşayış məntəqələri atəşə tutulmuş, hərbiçilərimiz və mülki şəxslər həlak olmuşdur.

Həmişə olduğu kimi bu dəfə də düşmən təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmış və ona layiqli cavab verilmişdir. Cəbhə bölgəsində qazanılan bu hərbi qələbə bizim hər birimizi ruhlandırır. Biz Azərbaycan Ordusunun gücünə inanırıq. İnanırıq ki, Sizin həyata keçirdiyiniz siyasət nəticəsində günbəgün güclənən ordumuz düşməni məğlub etməyə, ərazilərimizi işğaldan azad etməyə qadirdir.

Siz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda qəti və prinsipial mövqe nümayiş etdirirsiniz. Bəyan edirik ki, Sizin həyata keçirdiyiniz müdrik siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir. Səbail rayon ictimaiyyəti bu siyasətinizi bəyənir, yekdilliklə dəstəkləyir və gələcəkdə daha böyük uğurlar qazanacağınıza əminlik ifadə edirlər.

Cənab Ali Baş Komandan !

Ordumuzun qazandığı bu böyük qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömur və möhtəşəm fəaliyyətinizdə yeni-yeni qələbələr arzu edirik.

Dərin hörmət və ehtiramla
Sabail rayon ictimaiyyəti adından,
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov”

Tədbir “Şəhidlər ölməz”, “Biz səninləyik, Azərbaycan əsgəri” şüarları ilə yekunlaşıb.