Millət vəkili prof. Şəmsəddin Hacıyev Səbail rayonunun Ziyalılar məhəlləsinin sakinləri ilə görüşdü

19 aprel 2016-cı il tarixində Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Səbail rayonunun Ziyalılar məhəlləsinin sakinləri ilə görüşdü.

İlk öncə, millət vəkili prof. Şəmsəddin Hacıyev Ziyalılar Evində təşkil olunmuş görüşə toplaşan seçicilərini salamladı. Sakinlərin problemləri ilə mütəmadi maraqlandığını vurğulayan Ş.Hacıyev onları narahat edən məsələlərdən xəbərdar olduğunu qeyd etdi. “01 noyabr 2015-ci il tarixli Milli Məclis seçkiləri ərəfəsində sizə söz vermişdim ki, hər zaman seçicilərimin yanında olacağam, sizinlə tez-tez görüşəcəyəm. Problemlərinizdən xəbərim var, onları həll etmək üçün müvafiq qurumlar qarşısında məsələlər qaldırmışıq. Binalarınızın korporativ statusu olduğunu bilirəm. Binanın təmir və rekonstruksiya işlərinin artıq iki ildən çoxdur davam etdiyini və bununla əlaqədar necə vəziyyətdə olduğunuzu da başa düşürəm. Binalarınızdakı liftlərin qəza vəziyyətində olması ilə bağlı narahatçılığınızdan da xəbərim var. Biz bu məsələni araşdırmışıq, mən bu gün “Bakı Lift”in nümayəndəsi ilə görüşmüşəm. Bakıda hazırda 2000-nə yaxın qəzalı lift var. Burdakı çətinlik onunla bağlıdır ki, qəzalı liftlərin rekonstruksiyasından çox yeni liftin quraşdırılmasına ehtiyac var. Yeni liftin quraşdırılmasının xərci 50-55 min manata yaxındır. Bu məsələlərin hamısı gündəmimizdədir, mən də həm müvafiq dövlət qurumları, həm Səbail icrası ilə bu barədə danışıram. Millət vəkili kimi mənim əsas vəzifə borcum seçicilərimin hüquqlarını qorumaqdıq. Biz yaxın günlərdə Səbail rayon İcra Hakimiyyətində illik hesabat iclasında idik. Sizin binaların təmirinin yaxın vaxtda yekunlaşdırılması üçün müvafiq addımların atılması məsələsi də müzakirə olunmuşdur. Sizin vəziyyətinizi çox yaxşı başa düşürəm. Əmin olun ki, həm təmir, həm qəzalı liftlərin rekonstruksiyası məsələləri ilə ciddi məşğul oluruq.”

Vaxt ayırıb sakinlər ilə görüşə gəldiyi üçün millət vəkilinə dərin təşəkkürünü bildirən Habil Haqverdiyev Ziyalılar məhəlləsində 1000-dən çox ailənin və 3000-nə yaxın sakinin yaşadığını qeyd etdi. H. Haqverdiyev bugünki görüşdə əsas üç məsələnin (binanın təmir-tikinti işlərinin qərarlaşdırılması, qəzalı şəraitdə olan liftlərin təmiri və məhlənin abadlaşdırılaraq həyətdəki zibilliyin təmizlənməsi, uşaqlar üçün park və uşaq oyun baxçasının salınması və s.) müzakirə olacağını diqqətə çatdırdı.

Görüş sakinlərin millət vəkili ilə fikir mübadiləsi şəraitində davam etdi. Sakinlər onları narahat edən məişət problemlərini dilə gətirdi, Ş.Hacıyev seçicilərinin arzu və istəklərini dinlədi.

Çıxış edən sakinlər onların problemləri ilə daim maraqlandığı üçün Şəmsəddin Hacıyevə təşəkkür etdilər, deputatın xalqı eşitmək üçün görüşə gəlməsini çox təqdir etdiklərini bildirdilər. Çıxışlarda eyni problemlər dilə gətirildi və qeyd olundu ki, bu məhlə sakinlərini narahat edən əsas problemlər 40 ildən çoxdur təmir olunmayan və qəzalı şəraitdə olan liftlərin xidmət düvrünü başa vurması və böyük təhlükə mənbəyi olması, iki ildən çox davam edən binanın təmir-bərpa işlərinin yekunlaşmaması, avtobus marşurutu çətinliklərinin olması, su sayğacları qoyulduqdan sonra məhlədə ciddi su probleminin yaşanması və gün ərzində yalnız 4 saat su verilməsi, bu barədə Səbail Su İdarəsinə dəfələrlə müraciət olunması, amma nəticənin olmamasıdır.

Hazırda binanın təmir-bərpa işləri ilə məşğul olan “Bakı Abadlıq İdarəsi”nin nümayəndəsi çıxış edərək bildirdi ki, bir ildən çoxdur dayandırılmış tikintinin birdən-birə başlanılması çətindir, lakin artıq hazırlıq işləri başlayıb, binanın təmir layihəsi sakinlərlə razılaşdırılıb və tikintiyə çox qısa müddətdə yenidən başlanılacaqdır.

Son olaraq, prof. Şəmsəddin Hacıyev görüşə yekun vurdu. Görüşdə iştirak edən sakinlərə təşəkkür edən millət vəkili hər zaman seçicilərinin problemlərini dinləməyə hazır olduğunu, səlahiyyətləri çərçivəsində də bu problemlərin həllinə çalışdığını vurğuladı. Belə görüşləri tez-tez keçirəcəyini qeyd edən Ş.Hacıyev səsləndirilən problemlərin həlli üçün müvafiq tədbirlər görəcəyini bildirdi. “Mənə böyük etimad göstərmisiniz, mən də millət vəkili vəzifəmi tam məsuliyyətimlə icra edirəm. Milli Məclisdə, dövlətimizin qanunvericilik qurumunda Sizi təmsil edən, problemlərinizi ən yüksək tribunadan dilə gətirən nümayəndəniz var.

Ölkə rəhbərinin dövlətimiz üçün, xalqımız üçün, bizlər üçün necə gözəl işlər gördüyünün, xalqın mənafeyini müdafiə etmək üçün necə düzgün və düşünülmüş siyasət yürütdüyünün hamımız şahidiyik. Dünya neft bazarındakı qeyri-stabillik şəraitində ölkədən kənar təsirlərin nəticələrinin minimum həddə endirilməsi üçün, əhalinin rifahının yüksəldilməsi üçün hazırda həyata keçirilən xüsusi sosial blok islahatların nəticələrini də yaxın vaxtlarda görəcəksiniz. Ölkəmizdə siyasi-sosial-iqtisadi sabitik var, Azərbaycan günü-gündən daha qüdrətli dövlətə çevrilir. Son hadisələr bir daha bunun sübutu oldu. Gördüyünüz kimi, bir həftəyə döyüş səngərində necə uğurlarımız oldu, bu ordumuzun, ölkəmizin, ölkə rəhbərimizin gücü və qüdrətindən xəbər verir. Artıq qarşı tərəf də görür ki, biz sadəcə səbr edirik, yoxsa istəsək çox qısa vaxtda torpaqlarımızı işğaldan azad etmək üçün gücümüz də var, qüdrətimiz də var, azadlığı uğrunda şəhid olmaq mərdliyimiz də var.

Mən də sizin sözcünüz, seçicilərimin vəkili kimi çalışıram ki, sizin rahat həyat şəraitinizi təmin edim. Bunları elə belə söz xatirinə də demirəm. Bugunki görüşümün də əsas məqsədi bu idi ki, sizləri dinləyim, görək nə edə bilirəm, nə edə bilirik? Çox övünmək istəmirəm, biz bu zamana qədər az işlər görməmişik, inşallah bundan sonra sizin dəstəyiniz ilə xalqımıza, Vətənizimizə, Prezidentimizə xidmətimizə davam edəcək və çox daha böyük uğurlara imza atacağıq.

Bu gün səsləndirilən problemlərin əksəriyyəti həll olunan məsələlərdir. Məsələn, avtobus marşurut problemi, ya su problemi ilə bağlı, mənə 150-200 sakinin imzası ilə müraciət ünvanlasanız və orada istəklərinizi qeyd etsəniz kifayətdir, dərhal həll edəcəyik. İki əsas böyük miqyaslı problem təmir-bərpa tikintisinin yekunlaşdırılması və qəza şəraitində olan liftlərin yenilənməsi ilə bağlıdır. Əminəm ki, tikinti məsələsi çox qısa zamanda həll olunacaq. Mən binanın arxitektoru və müvafiq məsul şəxsləri dəvət edəcəm və özüm onlarla danışacam ki, binalar siz istədiyiniz formada üzlənsin, fasad pəncərələri düzgün quraşdırılsın və həyət tərəfdən üzlənmə olmasın. Biz Yaqub müəllimlə bu işə nəzarət edirik və yaxın vaxtda həll oluncaqdır. Məni ən çox narahat edən lift məsələsidir. Qəzalı vəziyyətdə olmaları böyük təhlükədir. Allah bu zamana qədər üzümüzə baxıb ki, burada tələfat olmayıb, ancaq bu məsələyə səhlənkar yanaşmaq olmaz. Mən “Bakı Lift” idarəsi ilə danışıram, Qüdrət müəllimdən bir daha xahiş edəcəm ki, Maliyyə Nazirliyi ilə də məsləhətləşək, bir yolunu tapıb bloklarda olan liftləri mütləq şəkildə yenisi ilə əvəz edək. Çünki insan həyatının təhlükəsizliyi ən əsas məsələdir.”

Görüşün sonunda millət vəkili sakinlərin müxtəlif məişət çətinlikləri ilə bağlı şəxsi məsələlərini dinlədi.