Səbail rayonunun ictimaiyyət nümayəndələri Quba Soyqırım Memorial Kompleksini ziyarət etdilər

23 aprel 2016-cı il tarixində Səbail rayonundan olan partiya fəalları YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi. Ziyarətdə YAP Səbail rayon təşkilatının, Səbail rayon İcra Hakimiyyətinin, YAP Gənclər Birliyi ofisinin aparat işçiləri və fəalları, rayon təşkilatının Qadınlar Şurasının üzvləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilat nümayəndələri, Vətən müharibəsi və Qarabağ müharibəsi veteranları, partiya fəaliyyətində yaxından iştirak edən fəal gənclər daxil olmaqla ümumilikdə 45 nəfər iştirak etdi.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq zamanı ziyarətçilərə 31 mart – azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumat verildi və ziyarətçilər erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əyani sübut edən tarixi sənədlər və foto şəkillərlə tanış olmaq imkanı əldə etdilər. Məlum olduğu kimi, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelin 1-ində bu ərazilərdə torpaq işləri aparılarkən aşkar edilmişdir. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılmışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırım ilə bağlı olduğu müəyyən edilmişdir.

Diqqətə çatdırıldı ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır və kompleksin 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur.

Komplekslə, orada nümayiş olunan şəkillər, xəritələr, tarixi faktlar və sənədlərlə yaxın tanış olduqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazdılar.

Memorial Kompleks ziyarətindən sonra partiya fəalları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini, Heydər Əliyevin adının əbədiləşdirilməsi və onun əvəzolunmaz xidmətlərinin təbliği və gənc nəsillərə çatdırılması üçün inşa olunmuş Heydər Əliyev Mərkəzini və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Quba Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etdilər.

Maraqlı keçən səfər boyu çoxlu xatirə şəkilləri çəkdirildi və bütün iştirakçılar səfərdən xoş təəssüratlarla ayrıldılar. Səfər iştirakçıları respublikamızın digər bölgələrinə də bu məzmunlu səfərlərin təşkil olunmasının vacibliyində həmfikir olduqlarını bildirdilər: “Ölkəmizdə yerləşən tarixi abidələrlə tanışlıq, Azərbaycanın gəzməli-görməli yerlərinin ziyarət olunması tariximizin və mədəni irsimizin daha yaxşı öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün mühüm əhəmiyyət təşkil edir.”

Səfər proqramında iştirak edən YAP Gənclər Birliyi üzvlərinin təəssüratları: “YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin Qubaya təşkil etdiyi səfərin proqramı özündə çox maraqlı, geniş və maarifləndirici xarakter daşıyırdı. Səfər zamanı ilk öncə Quba Soyqırmı Memorial Kompleksini ziyarət etmək biz gənclərə tarixi canlı olaraq görməklə yanaşı geniş məlumatları əldə etməyə imkan yaratmışdır. Quba Soyqırmı Memorial Kompleksi barəsində geniş məlumat əldə etdikdən sonra bizi Qubanın digər görməli və maraqlı, tarixi yerlərini ziyarət etməyə apardılar. Qubada yerləşən tarix muzeyində də Qubanın nə qədər qədim bir vilayət olmağı barəsində, Qubalıların qədim, orta əsrlərdən bu günə qədər qoruyub saxladıqları adətləri, eləcə də onların istifadə etdikləri qədimi alətlərin canlı şahidi olduq.

Səfərin sonunda isə Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasının qonağı olduq. Mərkəz barəsində bizə geniş məlumat verildi və Ulu Öndərin 1998-ci ildə Quba şəhərinə səfəri barəsində və qubalılarla görüşündən foto şəkillər göstərilməklə yanaşı bizə məlumatlar verildi.

Fikrimizcə bu cür maarfiləndirici, maraqlı səfərlər nəinki gənclərin, eləcə də yaşlı nəslin nümayəndələrinin ürəyincə oldu. Mehriban bir kollektivlə səfərimizi başa vurduq.

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevə və Səbail rayon İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizova bu cür gözəl tur təşkil etdiklərinə görə minnətdarlığımızı bildirmək istəyirik.”