Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Bədii qiraət müsabiqəsi” keçirildi

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Səbail rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində 29 aprel 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bədii qiraət müsabiqəsi” təşkil olundu.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev, tanınmış yazıçı-publisist, əməkdar jurnalist, millət vəkili Aqil Abbas, rayon təşkilatının İdarə Heyətinin üzvləri, Səbail ictimaiyyəti nümayəndələri, məktəb müəllimləri və şagirdlər iştirak etdilər.

Səbail rayonunda yerləşən ümumilikdə 11 məktəbi təmsil edən məktəblilər müsabiqə zamanı Ulu Öndərə, Azərbaycana ithaf olunan vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. 7, 49, 50, 51, 132-134, 160, 162, 189-190, 236, 239 və 329 nömrəli orta məktəblərin iştirak etdiyi müsabiqənin münsiflər heyətinə millət vəkilləri Aqil Abbas, Şəmsəddin Hacıyev, ədəbiyyat müəllimləri Gülbəniz Məmmədova və Sənubər Kazımova daxil idi.

Tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev açdı. Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu qeyd edən millət vəkili vurğuladı ki, bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, dünyaya tanıtdığı müasir müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Heydər Əliyev vətənpərvərliyi, mərdliyi, mübarizliyi ilə həmişə hər birimiz üçün nümunədir və Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacaq.

Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəmizdə bütün sahələrdə yaşanan tənəzzüldən danışan Ş.Hacıyev yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını qeyd etdi.

Müsabiqəyə böyük maraq göstərən iştirakçılara və məktəb müəllimlərinə təşəkkür edən deputat dəvəti məmnuniyyətlə qəbul etdikləri üçün münsiflər heyətinə xüsusi minnətdarlığını bilidirdi. Görkəmli ictimai xadim Aqil Abbas haqqında danışan millət vəkili qeyd etdi ki, Aqil Abbas cəmiyyətimizdə kifayət qədər siyasiləşmiş sima olmaqla hər zaman öz mövqeyi və özünəməxsus yanaşması ilə fərqlənmişdir. Şöhrət ordenli yazıçı-publisistimiz bütün həyatını, yazılarını Qarabağa həsr etmişdir, özü də çox gözəl şeirlərin müəllifidir.

Çıxışının davamında Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin və müstəqil Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərinin bədii poeziya nümunələrində, digər sənət əsərlərində əbədiləşdirilməsi nümunələri haqqında danışdı. “Xalqımızın Ümummilli Lideri Heydər Əliyev haqqında çox şeirlər yazılıb, mahnılar bəstələnib. Ölkəmizin, gözəl Vətənimizin elə bir guşəsi yoxdur ki, orada Ulu Öndərin adını əbədiləşdirən mərkəz, muzey, heykəl, küçə olmasın. Bu da çox təbiidir. Xalqımız bütün ömrünü Azərbaycanın çiçəklənməsi, əhalinin daha yaxşı və rahat yaşaması üçün sərf edən Heydər Əliyevin əbədiyaşar ideyalarını böyük minnətdarlıq hissi ilə yaşadır.”

Ş.Hacıyev diqqətə çatdırdı ki, Ulu Öndərin anadan olmasının 93 illiyi münasibətilə Səbail rayonunda silsilə tədbirlər keçirilir. “YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə səyi ilə kitab hazırlanmış və nəşr olunmuşdur, önümüzdəki həftə kitabın təqdimat mərasimi keçiriləcəkdir. Bugünki tədbirimiz də Heydər Əliyevə həsr olunur, məktəblilərimiz müxtəlif səpkili vətənpərvərlik şerləri səsləndirəcəklər, biz də onları məmnuniyyətlə dinləyəcəyik. Münsiflər heyəti olaraq şəffaf qiymətləndirmə sistemi əsasında 3 qalibimizi seçəcəyik, onlar üçün hədiyyələrimiz var. Bütün iştirakçılarımız sertifikatlarla təltif olunacaqlar. Müsabiqə iştirakçılarına uğurlar arzu edirəm.”

Tədbirin davamında Aqil Abbas çıxış etdi. “Mən şeir, sənət, ədəbiyyat adamıyam. Bu formada təşkil olunan tədbirlərdə məktəblilərimiz, tələbələrimiz, ədəbiyyatla maraqlanan, oxuyan-öyrənən, ədəbi yaradıcılıqla məşğul olan gənclərimizlə görüşdüyüm zaman böyük fərəh hissi keçirirəm. Heydər Əliyevin tarixi xidmətləri gəncliyimiz üçün böyük nümunədir və gəncliyimizin onun irsini təhlil edib öyrənməsi hamımızı qürurlandırır. Şəmsəddin müəllimə bu gözəl təşəbbüs və yüksək təşkilatçılıq üçün bir daha təşəkkür edirəm. O, çıxışında mənim haqqımda gözəl sözlər dedi, təvazökar insan olduğu üçün özü haqqında danışmağa icazə vermir, ancaq çox qısa qeyd etmək istərdim ki, Şəmsəddin müəllim yüksək insani keyfiyyətləri ilə həmişə seçilmişdir. Bu gün burada şeir məclisidir, şagirdlərimiz əminəm ki, biri-birindən gözəl şeirlər deyəcəklər. Bütün iştirakçılarımıza uğurlar arzu edirəm.”

Tədbirin davamında məktəblilər şeirlərini səsləndirdilər. Çıxışlar auditoriyanın böyük marağı və alqışları ilə qarşılandı. Daha sonra münsiflər heyətinin qiymətləndirmələri əsasında müsabiqə qalibləri seçildi. Şəffaf qiymətləndirilmə əsasında müəllifi olduğu “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” şeirini səsləndirən Kazımova Əzizəxanım (189-190 nömrəli orta məktəbin 7-ci sinif şagirdi) 1-ci yerə, “Oğuz elləri” adlı şeiri səsləndirən Hüseynli Mirxalis (49 nömrəli orta məktəbin 8-ci sinif şagirdi) 2-ci yerə və Cəffər Cabbarlının “Ana” şeirini səsləndirən Nəsibova Lətifə (132-134 nömrəli orta məktəbin 8-ci sinif şagirdi) 3-cü yerə layiq görüldü. Qaliblərə xatirə hədiyyələri tədqim olundu.

Sonda prof. Şəmsəddin Hacıyev tədbirə yekun vurdu: “Heydər Əliyev ruhuyla, qəlbiylə Azərbaycana bağlı şəxsiyyət idi. Biz bu gün onu böyük ehtiram hissi ilə yad edirik. Yolumuz Heydər Əliyev yoludur. Onun əsasını qoyduğu inkişaf yolu ilə günü gündən qüdrətlənən müstəqil Azərbaycan onun əsəridir. Ölkəmizdə bu gün mövcud olan sabitliyi qorumalıyıq və bir yumruq kimi ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşməliyik. Bizi narahat edən ən böyük problemimiz Qarabağ problemidir, bu məsələ də çox yaxın vaxtlarda öz həllini tapacaqdır.

Tədbirimiz çox gözəl keçdi, belə yarışmalar, müsabiqələr gənclərimizi həvəsləndirmək üçün mütləq lazımdır. İştirak edən hər kəsə bir daha təşəkkür edirəm. Sağolun!”

Sonda xatirə şəkilləri çəkdirildi.