Deputat Səbail sakinlərini qəbul etdi

02 may 2016-cı il tarixində Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Səbail rayon sakinlərini qəbul etdi.

Mütəmadi olaraq hər ay qəbul günü təşkil edən millət vəkili görüş zamanı sakinləri tək-tək dinləyərək, onları narahat edən problemlər haqqında qeydlər apardı.

Sakinlər Ş.Hacıyevin onları hər zaman xüsusi diqqətdə saxladığını, problemləri ilə daim maraqlandığını və seçicilərini dinlədiyini qeyd edərək millət vəkilinə minnətdarlıqlarını ifadə etdilər. Çətinlikləri barədə danışan sakinlər əsasən mənzillərinin qeydiyyat sənədləri ilə bağlı, qəzalı vəziyyətdə olan evlərinin təmiri üçün etdikləri müraciətlərə baxılmaması ilə bağlı, təqaüdçülərin müavinət məbləği ilə bağlı, ən çox da işə düzəlməklə bağlı problemlər yaşadıqlarını qeyd etdilər. Müraciət edən sakinlər şəhid ailəsi nümayəndəsi, əlil, Əfqanıstan veteranı olduqlarını və iş tapmaqda çətinliklərlə qarşılaşdıqlarını bildirdilər.

Millət vəkili qeyd olunan problemləri diqqətdə saxlayacağını, sakinlərin müraciətlərinə əsasən aidiyyati qurumlarla birgə bu məsələlərin həllinə çalışacağını və bu istiqamətdə səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərəcəyini vurğuladı.