“Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” adlı kitabın təqdimat mərasimi keçirildi

05 may 2016-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə hazırladığı “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” adlı kitabın təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadı Rəcəbli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri prof. Eldar İbrahimov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri prof. Səməd Seyidov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Milli Məclisin deputatı Azər Badamov, həmçinin dövlət və hökumət rəsmiləri, universitet rektorları, elm, təhsil, incəsənət və din xadimləri, ağsaqqallar, ziyalılar, gənclər, veteranlar və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.

Təqdimat mərasimində ilk öncə qonaqlar muzeyin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto sərgi ilə tanış oldular.

Tədbiri Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıq elan etdi. O, çıxışında qeyd etdi ki, Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu öz əhəmiyyəti ilə heç nə ilə müqayisə oluna bilməz. Bu iki dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. Buna görə də bu kitabın təqdimatı çox önəmlidir və böyük əhəmiyyət kəsb edir. Oxuculara təqdim olunan bu kitab Heydər Əliyev dünyasını, İlham Əliyev şəxsiyyətini və tarixi zəfərlərini daha yaxşı dərk etmək məqsədi ilə tərtib edilmişdir. Bu gün hər birimiz üçün ən əhəmiyyətli vəzifə dahi Heydər Əliyevin zəngin irsini öyrənmək, tədqiq etmək və gənc nəsli bu ruhda tərbiyə etməkdir. Məhz buna görə daha çox kitablar nəşr etdirmək, daha çox elmi-praktiki seminarlar, dəyirmi masalar keçirmək lazımdır. Biz Səbail rayon rəhbərliyi olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və YAP Səbail rayon təşkilatına da belə gözəl təşəbbüslərə və dəstəklərinə görə bir daha təşəkkür edirəm.

Çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun kəsilməz xətt boyunca inkişafının yollarını göstərən, hər bir azərbaycanlının Ulu Öndər deyib fəxr etdiyi dahi şəxsiyyətin, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr olunmuş bu səpkidə kitabların yazılmasının əhəmiyyətindən danışdı. Adını böyük hərflərlə dövlətçilik tariximizə həkk etmiş Heydər Əlirza oğlu Əliyevin fəaliyyətinin əsas istiqamətlərini təhlil etsək görərik ki, Ulu Öndər xalqa ləyaqətlə qulluq göstərən, Azərbaycan xalqını beynəlxalq aləmdə tanıdan, sözü ilə əməli arasında tam vəhdət olan şəxs olmuşdur. Bu kitabda toplanmış məqalələrdə Azərbaycanın keçmişi, bu günü və gələcəyi işıqlandırılmışdır. Heydər Əliyevin ölməz ideyaları yalnız keçmişlə məhdudlaşmır, Ulu Öndərimizin Azərbaycan Respublikasına, Azərbaycan xalqına miras qoyduğu, rəhbərliyə seçməyi tövsiyə etdiyi güclü şəxsiyyət, dövlət idarəçiliyini şərəflə icra etməyi bacaran Prezident İlham Əliyev də ağıllı siyasəti ilə ölkəmizi tərəqqiyə aparır. Nə qədər ki Azərbaycan var, ölkəmizin ulu öndər Heydər Əliyev yolu ilə inkişaf strategiyası da mövcud olacaq və biz respublikamızı uğurdan-uğura məhz bu yolla aparacağıq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxışında Ulu Öndərin zəngin və mənalı ömür yolundan danışdı, əbədiyaşar liderin zəngin dövlətçilik, iqtisadi, siyasi, mədəni irsinin təqdim olunduğu kitabın məziyyətləri barədə öz fikirlərini bildirdi. Komitə sədri xüsusilə Heydər Əliyevin sosial siyasətinin əsas mahiyyəti, mexanizmləri və uğurları haqqında və bu siyasətin müasir dövrdə uğurla davam etdirildiyindən danışdı. Kitabda Ulu Öndərin fəaliyyət dövrünün həm birinci, həm də ikinci mərhələsinin geniş təhlil olunduğunu bildirən H. Rəcəbli vurğuladı ki, indiyədək Ulu Öndərlə bağlı çoxlu kitablar yazılıb və bundan sonra da yazılacaq. Bu kitabın özünəməxsusluğu ondan ibarətdir ki, kitabda toplanmış məqalələr Heydər Əliyevin 34 illik Azərbaycan epoxasını ayrı-ayrı dövrlərlə təsvir etməklə yanaşı, müstəqil Azərbaycanın keçmişdən bu günə uzanan intibah mərhələsinin elmi əsaslarını özündə əks etdirmişdir.

Tədbirin davamında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ədalət Muradov Ulu Öndərin həyat yolunun, onun zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayaraq, Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlərdən bəhs etdi. Heydər Əliyevin neft strategiyasının Azərbaycanın dinamik inkişaf strategiyası olduğunu qeyd edən Ə.Muradov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin postneft inkişaf strategiyasının reallaşdırıldığı bu yeni dövrdə Azərbaycanın yeni-yeni nailiyyətlər əldə edəcəyindən və ölkəmizin dünya ölkələri sırasında nüfuzunun daha da artacağına əminliyi ifadə etdi.

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov Ulu Öndərin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurlarına və gələcək perspektivlərinə həsr olunmuş məqalələrin toplandığı kitabın əhəmiyyəti, onun gənc nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan bəhs etdi. Millət vəkili Ulu Öndər Heydər Əliyevin siyasi liderlik keyfiyyətlərindən danışaraq bir vacib məqamı da vurğuladı ki, bu dahi şəxsiyyət müstəqil Azərbaycanı tək məhv olmaqdan, bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməkdən xilas etmədi. Həm də müasir Azərbaycanın memarı və qurucusu olmaqla bahəm, müstəqil dövlətimizin təməl prinsiplərini də böyük uzaqgörənliklə müəyyənləşdirdi. Heydər Əliyev siyasi məktəbinin ən böyük yetirməsi olan Prezident İlham Əliyev hər sahədə dövlətimizi inkişaf etdirir, xalqımızı irəli aparır. Dövlət başçısı xalq tərəfindən dəstəklənir, sevilir. Bu o deməkdir ki, Azərbaycanda daim sabitlik hökm sürəcək, Azərbaycan daim inkişaf edəcək və tezliklə dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşulacaqdır. B.Sadıxov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik, iqtisadi, siyasi irsinin öyrənilməsi və gənc nəsillərə təbliği istiqamətində çoxsaylı tədbirlər, konfranslar keçirilir, ancaq məhz bu formada dəyərli bir kitabın işıq üzü görməsi artıq bu istiqamətdə intelektual məhsulların ortaya çıxması və dahi siyasətçimiz Heydər Əliyevin irsinin elmi əsaslarla tədqiq olunmasının təcəssümüdür.

Kitabın elmi redaktoru, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, zəngin həyatı və çoxşaxəli fəaliyyətindən, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışdı. O, bildirdi ki, bu dəyərli kitab Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşəbbüsü və səyi ilə ərsəyə gəlmişdir. Azərbaycan xalqının dünya siyasət olimpinə bəxş etdiyi görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında, inkişaf etdirilməsində əvəzsiz xidmətlərindən geniş bəhs edən Ş.Hacıyev kitabın “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” adlandırılmasının xüsusi məna kəsb etdiyini diqqətə çatdırdı.

“Dünən” dedikdə, biz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 illik dövrü əhatə edən bir epoxanı nəzərdə tuturuq. Bu dövr 1969-2003-cü illəri əhatə edir. Kitabda bu dövr 1969-1982, 1982-1987, 1987-1993 və 1993-2003-cü illər üzrə konkret rəqəmlərlə, faktlarla işıqlandırılmış, bu dövrlər üzrə ciddi analitik təhlillər aparılmış, dahi liderimizin nəinki Azərbaycanın, eləcə də ümumbəşəri inkişafa verdiyi töhfələr ətraflı şərh olunmuşdur.

2003-cü ildən başlayan “bu gün”ümüz  uzun müddət davam edəcək İlham Əliyev dövrüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövrdəki çoxşaxəli fəaliyyəti kitabda müstəqil Azərbaycanın qlobal və regional inkişafda rolunun əhəmiyyətli dərəcədə yüksəlişi, Heydər Əliyev siyasətinin müasir dövrün tələblərinə və çağrışlarına uyğun olaraq uğurla və yeni keyfiyyətdə davam etdirildiyi dövr kimi qiymətləndirilir. Dərc olunmuş məqalələrdə ölkə rəhbəri tərəfindən ictimai-siyasi həyatımızın bütün sahələrinin inkişafında əldə edilən uğurlar, iqtisadi və sosial inkişafın davamlılığı və dayanıqlığının təmin edilməsi, regionların inkişafı proqramlarının və qlobal transmilli neft-qaz və nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi, iqtisadiyyatda qeyri-neft sektorunun prioritetliyinin təmin edilməsi, neft-qaz resurslarının hasilatı və nəqlinin şaxələndirilməsi, ölkənin beynəlxalq rəqabətliliyinin gücləndirilməsi, Azərbaycanın dünyanın humanitar, ictimai-siyasi, mədəni, sivilizasiyalararası dialoq, multikulturalizm mərkəzlərindən birinə, Cənubi Qafqazın lider ölkəsinə çevrilməsi və s. kimi əldə olunmuş fundamental nailiyyətlər, o cümlədən sabaha hədəflənmiş inkişaf konsepsiyası öz əksini tapmışdır.

“Sabah” dedikdə təbii ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə hazırladığı və gələcəyə hədəflənən vəzifələr və perspektivləri özündə əks etdirən, Azərbaycanın yeni inkişaf konsepsiyası nəzərdə tutulur. Bununla əlaqədar olaraq, Heydər Əliyevin müəllifi olduğu və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli inkişaf strategiyasının – “Azərbaycan modeli”nin konkret təhlillərlə xarakterizə olunduğu kitabda “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasındakı çağırışlar, ölkədə post-neft dövrünün əsas konseptual cəhətləri, qarşıya qoyulan hədəflərin əldə olunması üçün sosial-iqtisadi siyasətin yeniləşməsi və onun mexanizmləri Azərbaycanın dünya birliyində və qlobal iqtisadiyyatda mövqeyi, yüksək rifah halı və tərəqqi, yeni cəmiyyət tipinin formalaşması və s. məsələlər öz əksini tapmış və geniş oxucu kütləsinə təqdim edilmişdir.

Çıxışın sonunda Ş.Hacıyev kitabın ərsəyə gəlməsində rolu olan hər kəsə, xüsusilə onun ideya rəhbərinə və müəlliflərə öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda böyük tirajla nəşr olumuş kitab təqdimat mərasimi iştirakçılarına hədiyyə olundu.

Kitabın təqdimat mərasiminin video yazıları:
AzTV
ANS
İTV