YAP Səbail rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edildi

06 may 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirildi.

Partiya təşkilatının Rayon Şurası və İdarə Heyəti üzvlərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin, YAP veteranlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev giriş sözü ilə açdı. Ulu Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan xalqının tarixinə, bu gününə və gələcəyinə əbədi həkk olunduğunu vurğulayan millət vəkili, Azərbaycan dövlətçiliyi və xalqı üçün Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən – ölkəmizin ən çətin anlarında onun böyük xilaskar missiyasından, müstəqilliyimizin əldə olunması və onun qorunub saxlanılmasında, ölkənin düşdüyü dərin siyasi və iqtisadi böhrandan və məhv olmaq təhlükəsindən xilas etməsindən, iqtisadiyyatımızın bazar mexanizmləri əsasında qurulmasında, cəmiyyət həyatının demokratikləşməsində, siyasi və iqtisadi sabitliyin təmin olunmasında və s. əvəzsiz xidmətlərindən danışdı və Azərbaycan durduqca Ümummilli Liderimizin də yaşayacağını və onun unudulmaz xatirəsini ehtiramla yad edəcəyimizi qeyd etdi.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və zəngin dövlətçilik fəaliyyətini əks etdirən videofilm nümayiş olundu.

Tədbirdə ADİU-nun professoru i.e.d., prof. Əvəz Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müşaviri, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü prof. Vilayət Əliyev, “Səs” qəzetinin baş redaktoru, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Bəhruz Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdılar.

Ulu Öndərin 1969-2003-cü illərdəki dövlətçilik fəaliyyəti haqqında çıxış edən prof. Ə.Bayramov qeyd etdi ki, Heydər Əliyevin harada, hansı siyasi sistemdə ölkə rəhbəri olmasından asılı olmayaraq, o, hər zaman xalqına, dövlətinə xidmət etmişdir. Hər bir xalqın öz siyasətçisini, liderini sevmə dərəcəsi müəyyən çərçivədə olur. Azərbaycan xalqı üçün danılmaz həqiqət budur ki, xalq hər zamana Ulu Öndərlə birlikdə olmuşdur, dahi liderimiz də sevdiyi xalqından heç vaxt ayrılmamışdır. Bu qarşılıqlı sevgi isə sadə həqiqətə əsaslanırdı. Hər şey sonlu və hüdudludur. Burada istisna olan yalnız yaradana və xalqa xidmətdir. Ulu Öndərin də ən başlıca amalı xalqa xidmət etməkdən, xalqının maraqlarını qorumaqdan və Azərbaycanda rifah səviyyəsi yüksək olan insan cəmiyyəti qurmaqdan ibarət olmuşdur.

Müstəqil Azərbaycanı çox qısa müddətdə dinamik inkişaf xəttinə çıxardan Ulu Öndərin milli dəyərlərin yaşadılması, xalqın milli şüurunun formalaşması və nəticədə bu gün gördüyümüz Azərbaycan dövlətinin qurulması üçün misilsiz xidmətləri oldu. Heydər Əliyev üçün ən əlahidləşmiş sfera milli mənsubiyyət idi. Milli mənsubiyyətin qürur mənbəyi olması və bunun “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsində öz əksini tapması dediklərimizin bariz nümunəsidir. Milli varlığın formalaşması isə Azərbaycanın son 20 ildəki inkişafının başlıca zəmanət amilinə çevrildi. Bu gün Azərbaycanda formalaşmış tolerantlıq və multikultural dəyərlərə hörmətin kökü də elə Ulu Öndərimiz tərəfindən qoyulmuşdur. Siyasi xadimin ən böyük nailiyyəti monolit xalq birliyinin fərqli sosial aspektlərinin formalaşdırılmasıdır ki, Heydər Əliyev Azərbaycan üçün məhz bunu bacardı. Çünki bu sosial fərqliliklər cəmiyyətdə parçalanmaya aparmır, əksinə cəmiyyətdə sosial enerjini gücləndirir və dövlətin daxili potensialına güc qatır.

Bəşəriyyətin ən ülvi arzusu həqiqət axtarışıdır. Cəmiyyətdə həqiqət nədir desək, iddia edə bilərik ki, həqiqət xalqın qəbul etdiyi dəyərdir. Müasir müstəqil Azərbaycanın memarının Ulu Öndərin olması isə xalqımız tərəfindən qəbul edilmiş dəyərdir və həqiqətdir. Azərbaycanın iqtisadi yüksəlişi bu gün bir “Uğur modeli” kimi qəbul olunur. Bu modelin nəzəri-metodoloji bazasını biz Şəmsəddin müəllimlə birlikdə hələ 2006-cı ildə işləyib hazırlamışdıq. Heydər Əliyevin “iqtisadi inkişaf modeli”nin öyrənilməsi mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetində dəfələrlə beynəlxalq elmi-praktiki konfranslar təşkil etmişik. 32 ölkənin tanınmış iqtisadçılarının iştirak etdiyi 2006-cı il konfransında Azərbaycanın Heydər Əliyev epoxasının iqtisadi inkişafının eklektik modelini də qurmuşduq. Sonraki illərdə elə bugünədək bu “milli iqtisadi yüksəliş konsepsiyasını” tədqiq edirik və müvafiq korrektələrlə tədqiqatımızı genişləndiririk.

Azərbaycanın iqtisadi yüksəliş və inkişaf modelinin təməl prinsipləri, prioritetləri və gələcək hədəfləri “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasında əks olunmuşdur. Gələcəyə baxdıqda biz bu gün Azərbaycan cəmiyyətinin sosial-iqtisadi tipinin dəyişdiyini və ölkəmizin sosial-iqtisadi inkişaf səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması üçün əmin addımlarla tərəqqi etdiyini görürük.

Əldə etdiyimiz bütün bu fundamental uğurların təməlində Heydər Əliyev dühasının dəyərləri durur. Müstəqillik ən ali dəyərdir. Müstəqil Azərbaycan isə Heydər Əliyevin şah əsəridir. Bu dövlət əbədi yaşayacaq və var olduqca da Heydər Əliyev xalqımızın yaddaşında yaşayacaq.

Tədbirin davamında çıxış edən partiya veteranları, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri Hacan Hacıyev və Rizvan Vahabov dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini paylaşdılar.

Sonda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev tədbirə yekun vurdu. YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə hazırlanaraq nəşr olunmuş “Heydər Əliyev və Azərbaycan: dünən, bu gün və sabah” adlı kitabın ötən gün (5 may 2016-cı il tarixində) baş tutmuş təqdimat mərasimi haqqında danışan sədr, kitabın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunduğunu və onun Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi üçün çox əhəmiyyətli töhfə olacağını qeyd etdi.

Dahi şəxsiyyət, böyük azərbaycanlı Heydər Əliyev şəxsiyyətini, onun son dərəcə zəngin və çoxşaxəli dövlətçilik irsini öyrənərkən, hər dəfə onun misilsiz xidmətlərinin yeni çalarlarının ortaya çıxdığını qeyd edən millət vəkili, Ulu Öndərin böyük dühalara layiq bütün keyfiyyətlərə – savad, intellekt, istedad, təcrübə, cəsarət, mərdlik, uzaqgörənlik, müdrüklük, idarəetmə məharəti, ünsiyyət bacarığı, öz xalqına bağlılıq, xarizmatiklik və s. kimi yüksək keyfiyyətlərə malik olduğu birmənalı şəkildə təsdiq olunur. Ümummilli Lider “Mən xalqa xidmətdən yüksək heç nə tanımıram” deyirdi. Bu müqəddəs xidmətdir, xalqa xidmət haqqa xidmətdir. Heydər Əliyev Azərbaycanı dünyaya, dünyanı da Azərbaycana tanıtdı, bayrağımızı yüksəltdi, xalqın xilaskarı kimi adını tarixə yazdırdı və Azərbaycan adlı bir dövlət qurdu. Biz bu gün böyük qürur hissi ilə deyirik: “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bizim yolumuz Heydər Əliyev yoludur, o böyük şəxsiyyətin ideyaları daim xalqımızın qəlbində, beynində, ruhunda yaşayıb və yaşayacaqdır”. Azərbaycan Ulu Öndərin əsasını qoyduğu təməllər üzərində inkişaf edir və son 12 ilin nəticələri göstərir ki, tarixən qısa bir dövrdə ölkəmiz misilsiz uğurlara imza atıb və o, nəinki reqionun lider dövlətinə çevrilib, eləcə də dünya birliyində öz layiqli yerini tutaraq, söz sahibinə çevrilib. Bütün bunlar ölkəmizin yaxın gələcəkdə siyasi, iqtisadi və hərbi cəhətdən daha qüdrətli, yüksək rifaha malik bir dövlət olacağına və ərazi bütövlüyümüz bərpa olunacağına heç bir şübhə yeri qoymur. Nə qədər ki, Azərbaycan var, Ümummilli Liderimiz də var olacaqdır!