Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Səbail məktəbliləri arasında keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırıldı

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində bu gün YAP Səbail rayon təşkilatının qərargahında növbəti tədbir keçirildi.

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan Səbail məktəbliləri arasında “Bədii qiraət” müsabiqəsinin Hərbi vətənpərvərlik” mövzusunda rəsm müsabiqəsinin qalibləri Fəxri Fərmanlar, Sertifikatlar və xüsusi mükafatlarla təltif olundular.

Təqdimetmə mərasimində iştirak edən rayon rəsmiləri, xalq rəssamları Ağaəli İbrahimov və Arif Hüseynov, məktəb müəlimləri və şagirdləri, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, rayon partiya təşkilatının İdarə Heyəti üzvləri və rayon ictimaiyyətini təmsil edən digər qonaqlar əvvəlcə təşkilatın foyesində rəsm müsabiqəsində qalib gəlmiş şagirdlərin əsərləri ilə tanış oldular.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi oldu.

Qonaqları salamlayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Səbail rayonu İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında keçirilmiş müsabiqələr barədə ətraflı məlumat verdi. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, 10 may tarixində Səbail rayonunun mərkəzi “Sahil bağı”nda Hərbi vətənpərvərlik” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və rayondakı 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində təhsil alan şagirdlərin iştirak etdiyi müsabiqədə 200-ə yaxın əsər nümayiş olunmuş və iştirakçılar arasında 14 qalib müəyyən olunmuşdur. Sədr qeyd etdi ki, müsabiqədə nümayiş olunan əsərlərə baxdıqca, uşaqlarımızın, məktəblilərimizin vətənpərvərlik mövzusunu necə dərk etdiklərini görmək mümkündür. Fərəhləndirici haldır ki, gənc nəslimiz bu gün Vətənimizə, xalqımıza, dövlətçiliyimizə, adət-ənənələrimizə bağlı yüksək vətənpərvərlik ruhunda böyüyür. Təqdim olunan əsərlərdə Qarabağa, işğal altında olan torpaqlarımıza həsr olunan təsvirlərin üstünlük təşkil etdiyini qeyd edən sədr bildirdi ki, bu uşaqlar yaş etibarilə balaca olduqları üçün Qarabağı yalnız bu barədə yazılan kitablardan, filmlərdən, söhbətlərdən eşidiblər və tanıyıblar. Buna baxmayaraq, onlar heç görmədikləri məkanları belə böyük ustalıqla və incəliklərinə qədər zehinləridə canlandıra bilirlər, öz təsəvvürlərini də rəsm tablolarında əks etdirə bilirlər.

Ş.Hacıyev çıxışının davamında 20 may tarixinin fərqli bir önəm kəsb etdiyini də qeyd etdi. Millət vəkili Milli Məclisin səhər keçirilmiş plenar iclasında xalqımız üçün çox önəmli bir sənədin – amnistiya aktının qəbul olunması barədə danışaraq, məlumat verdi ki, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən 28 May – Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət müzakirəyə çıxarılmışdır. Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq yekdilliklə qəbul edilmişdir. Amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyini vurğulayan sədr 10 min nəfərdən 3500 nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəklərini bildirdi. Deputat qeyd etdi ki, 3500 rəqəmi çox böyük rəqəmdir, bu həmin ailələrin üzvləri, həmçinin onların qohumlarının ailələri, elə bütövlükdə xalqımız üçün çox sevincli xəbərdir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hər zaman belə nəcib və xeyirxah təşəbbüslərlə çıxış edir və həm respublikadaxilində, həm respublika xaricində milli-mənəvi dəyərlərizin qorunması və mədəniyyət sahələrimizin inkişafı üçün geniş əhatəli çoxsaylı işlərə imza atır. Dövlətimizin siyasəti cəmiyyətimizdə problemlərimizi azaltmağa yönəldilmişdir və bugünki günə təsadüf edən bu amnistiya aktı xəbəri də bu qədər çoxsaylı məhbusu əhatə etməsi baxımından bu dediklərimizin ən bariz nümunələrindəndir.

Qalibləri təbrik edən sədr məktəblilər, gənclər arasında belə tədbirlərin keçirlməsinin əhəmiyyətini dilə gətirərək, bu istiqamətdə fəaliyyətlərini mütəmadi davam etdirəcəklərini, belə tədbirlərin mənəvi cəhətdən ciddi həvəsləndirici təsirə malik olduğunu və gələcək rəssamlar üçün böyük stimul təşkil etdiyini bildirdi. Sədr gözəl təşəbbüslərə və birgə təşkil olunan tədbirlərdə xüsusi diqqət və qayğısına görə Səbail rayon İcra Hakimiyyətinə öz minnətdarlığını ifadə etdi.

Çıxış edən xalq rəssamı Ağaəli İbrahimov dövlət tərəfindən mədəniyyət, incəsənət sahəsinə göstərilən diqqəti yüksək qiymətləndirdi və Ulu Öndər Heydər Əliyevin də hər zaman istedadlı gəncləri xüsusi diqqətdə saxladığını qeyd etdi. Bu cür müsabiqələrin keçirilməsini çox müsbət hal kimi dəyərləndirən A.İbrahimov YAP Səbail rayon təşkilatına və rayon rəhbərliyinə, müsabiqələrin təşkilatçılarına minnətdarlığını ifadə etdi.

Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Qabil Vahidov da çıxış edərək bütün qalibləri təbrik etdi və rayon rəhbərliyinin bu səpkidə fəaliyyətini bundan sonra da genişləndirəcəklərini bildirdi.

Sonra, “Hərbi vətənpərvərlik” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin 14 qalibi, həmçinin müsabiqənin təşkil olunmasında yaxından iştirak edən məktəb və təşkilat nümayəndələri Fəxri Fərmanlar, Sertifikatlar və qiymətli hədiyyələrlə təltif olundular.

Tədbirin davamında Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Səbail rayonunda keçirilmiş növbəti müsabiqə barədə məlumat verdi. Qeyd olundu ki, 29 aprel tarixində YAP Səbail rayon təşkilatının qərargahında məktəblilər arasında “Bədii qiraət” müsabiqəsi keçirilmiş və müsabiqədə Səbail rayonu 7, 49, 50, 51, 132-134, 160, 162, 189-190, 236, 239 və 329 nömrəli orta məktəbləri təmsil edən ümumilikdə 12 şagird Ulu Öndərə, Azərbaycana ithaf olunan vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. Müsabiqədə iştirak edən bütün məktəblilərin çox gözəl şerlər səsləndirdiklərini diqqətə çatdıran sədr bu səbəblə bütün iştirakçıların sertifikatlarla təltif olunduğunu qeyd etdi.

Daha sonra YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvləri, həmçinin partiyanın “Qızıl Fond”u sayılan 91-lərdən olan Vilayət Əliyev, Hacan Hacıyev, habelə partiya veteranlarından olan Rizvan Vahabov qaliblərə Fəxri Fərmanlar və Sertifikatlar təqdim etdilər. Sonda tədbir iştirakçılarının xahişi ilə məktəblilər öz şerlərini yenidən səsləndirdilər.

Tədbirin video yazısı
AzTV