YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

20 may 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

Rayon təşkilatının İdarə Heyəti üzvlərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin və rayon təşkilatının aparat üzvlərinin iştirak etdiyi iclasa YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

İclas iştirakçılarını salamlayan sədr 2016-cı ilin 20 may tarixinin fərqli bir önəm kəsb etdiyini qeyd edərək, Milli Məclisin bugünkü plenar iclasında xalqımız üçün çox önəmli bir sənədin – amnistiya aktının qəbul olunması barədə danışdı. Sədr məlumat verdi ki, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən 28 May – Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət müzakirəyə çıxarılmış, amnistiya aktı səsə qoyularaq yekdilliklə qəbul edilmişdir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın hər zaman belə nəcib və xeyirxah təşəbbüslərlə çıxış etdiyini xüsusi qeyd edən sədr Yeni Azərbaycan Partiyasının ölkədə mövcud olan “xalq-iqtidar” birliyini daha da möhkəmləndirmək istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi.

YAP Səbail rayon təşkilatının aparat rəhbəri dos. Zəfər Bayramov “28 May – Respublika Günü” və “15 İyun – Milli Qurtuluş Günü” ilə bağlı partiya təşkilatı tərəfindən Səbail rayonunda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdi. Bildirildi ki, rayon səviyyəsində nəzərdə tutulan tədbirlər sırasında “28 May – Respublika günü” münasibətilə 24 may tarixində Səbail rayon İcra Hakimiyyətinin, YAP Səbail rayon təşkilatının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Səbail məktəbliləri arasında şahmat turnirinin, may ayının sonunda rayonun bütün orta məktəblərində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslarının, iyun ayının əvvəllərində isə müxtəlif məktəblərdə “Heydər Əliyev və gənclər siyasəti yeni müstəvidə”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzularında seminarların təşkil olunması nəzərdə tutulmuşdur.

27 may tarixində də böyük rayon tədbirin keçiriləcəyini qeyd edən Ş.Hacıyev bu kimi əlamətdar tarixi günlərə həsr olunan toplantılara o dövrün tarixini bilən, araşdıran mütəxəssislərin dəvət olunmasının zəruriliyindən və gənclərə o dövrlərin tarixi hadisələri barədə düzgün məlumat verilməsinin əhəmiyyətindən danışaraq, partiya təşkilatı tərəfindən keçirilən tədbirlərə əsasən gəncləri dəvət etdiklərindən və bununla bağlı gənclərlə işin təşkilini gücləndirəcəklərini vurğuladı.

İclasın davamında rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında 2015-ci ildə görülən işlər haqqında məlumatlar dinlənildi. “Bakı Bələdiyyə Teatrı” ərazi təşkilatının sədri Amaliya Pənahova, “Pedaqoqlar” (Azərbaycan Dövlət Pedaqoji Universiteti) ərazi təşkilatının sədri Himalay Qasımov, “Xəzər dənizçiləri” (“Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC) ərazi təşkilatının sədri İzafət Məmmədov və “İdarəedicilər” (“Azərbaycan Dövlət İdarəçilik Akademiyası”) ərazi sədri Yusif Zeynalov təşkilatlarında 2015-ci ildə görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Məlumatlar səsə qoyularaq yekdilliklə qəbul olundu.

Daha sonra itirilmiş YAP üzvlük vəsiqələrinin bərpası və YAP-dakı siyasi fəaliyyətin müvəqqəti dayandırılması ilə bağlı müraciətlərə baxıldı və cari məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.