28 May – Respublika günü münasibətilə Səbail məktəbliləri arasında Şahmat Turniri keçirildi

24 may 2016-cı il tarixində 28 May – Respublika günü münasibətilə Səbail məktəbliləri arasında şahmat turniri keçirildi.

Səbail rayon İcra Hakimiyyətinin, YAP Səbail rayon təşkilatının və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirə Səbail rayonu 6 nömrəli məktəb-liseyi ev sahibliyi etdi. Səbail rayonun 10 məktəbinin (6, 7, 49, 50, 91, 132-134, 162, 189-190, 236, 239) təmsil olunduğu turnirdə ümumilikdə 40 nəfər şagird yarışdı.

Turnirin açılış mərasimində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, beynəlxalq qrossmeystrlər Eltac Səfərli və Arkadi Naydiç iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev idman növləri arasında şahmatın intellektual idman növü olduğunu qeyd edərək, şahmatın inkişafının bu gün Azərbaycanda dövlət siyasəti olmasından, Azərbaycan şahmat məktəbinin bünövrəsinin hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmasından, bu gün şahmatın inkişafının Azərbaycanda demək olar ki, hər bir bölgədə özünü büruzə verdiyindən danışdı. Ş.Hacıyev vurğuladı ki, şahmatçılarımızın beynəlxalq səviyyəli mötəbər yarışlarda əldə etdiyi uğurlar, bu sahənin inkişaf səviyyəsi bilavasitə ölkə başçısı Prezident İlham Əliyevin bu idman növünə göstərdiyi qayğı və diqqətin məntiqi nəticəsidir. Azərbaycanda hazırda 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta, 8 FİDE ustası fəaliyyət göstərir. FİDE-nin elan etdiyi reytinq cədvəlində Azərbaycan 153 ölkə arasında 5-ci yerdə qərarlaşıb.

Çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və digər natiqlər bildirdilər ki, indi demək olar ki, hər bir şəhərdə müasir şahmat evləri, məktəbləri vardır. Azərbaycan gəncliyinin peşəkarlığı və istedadı bizim bu elit idman növündə ümumxalq intelektual potensialımızı artırmağa imkan verir. Bu gün Azərbaycan şahmat aləmində ən yüksək yerlərdədir. Təsadüfi deyildir ki, 2016-cı ilin sentyabrında Dünya Şahmat Olimpiadası da Azərbaycanda keçiriləcəkdir. Bu qərarın qəbul edilməsində təkcə bizim təşkilatçılıq qabiliyyətimiz dayanmır, o cümlədən şahmatçıların uğurları və qələbələri burada öz rolunu oynamışdır. Çıxışçılar digər mötəbər yarışlar kimi, Dünya Şahmat Olimpiadasının da Bakıda yüksək səviyyədə keçiriləcəyindən əminliklərini ifadə etdilər.

Açılış mərasimindən sonra məktəblilər arasında şahmat turniri keçirildi.

Turnirin sonunda oğlanlar və qızlar arasında ən yüksək xal toplayan birincilər fəxri kuboklar və medallarla təltif olundular.

Tədbirin videoyazısı
AzTV

Qaliblərin siyahısı :
Qızlar:
I YER – Abbasova Sədaqət – 132-134 saylı Təhsil Kompleksi
II YER – Axundova Nərgiz – 236 nömrəli tam orta məktəb
III YER – Əzizli Ləman – 91 nömrəli tam orta məktəb

Oğlanlar:
I YER – Əhmədzadə Əhməd – 6 nömrəli məktəb-liseyi
II YER – Əliyev Toğrul – 6 nömrəli məktəb-liseyi
III YER – Abbasov Azad – 6 nömrəli məktəb-liseyi