YAP Səbail rayon təşkilatında “15 iyun – Milli Qurtuluş Günü” qeyd olundu

Bu gün YAP Səbail rayon təşkilatının qərargahında “15 iyun – Milli Qurtuluş günü” münasibətilə tədbir keçirildi.

YAP İdarə Heyətinin və Siyasi Şura üzvlərinin, Səbail rayon İcra Hakimiyyəti nümayəndələrinin, partiya veteranlarının, ərazi təşkilat sədrlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, tələbələrin və gənc partiya fəallarının iştirak etdiyi tədbirdə əvvəlcə “Milli Qurtuluş Günü”nün 23-cü ildönümünə həsr olunan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışını əks etdirən video film nümayiş olundu.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Azərbaycan xalqı üçün müstəsna tarixi əhəmiyyəti olan və müstəqillik tariximizə “Milli Qurtuluş günü” kimi daxil olmuş “15 iyun 1993-cü il” hadisələri haqqında ətraflı bəhs etdi. 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edən sədr 1991-1993-cü illərdə ölkədə hökm sürən hərc-mərclikdən, Gəncə hadisələrindən, ölkəni parçalamaq istəyən şimalda və cənubda baş qaldıran separatçı qüvvələrin fəaliyyətindən, ölkənin iqtisadi və sosial cəhətdən tamamilə defolt vəziyyətində olmasından, Dağlıq Qarabağda işğalçı qüvvələrin törətdikləri qırğınlardan və ərazilərimizin işğalından, trasformasiya proseslərinin çətinliklərindən danışaraq ölkənin necə çətin vəziyyətdə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxışının davamında Ş.Hacıyev belə çətin vəziyyətdə xalqın öz xilaskarına üz tutmasının, respublikanın 91 ziyalısının Heydər Əliyevə müraciətinin, Azərbaycan xalqının təkidi ilə onun ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirdi. “Ulu Öndər 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə gələrək çiyninə çox ağır yük götürdü. Heydər Əliyev bütün varlığı ilə Azərbaycana, öz xalqına, millətinə bağlı insan idi. Bizlər, bu zalda əyləşənlər o hadisələrin, Azərbaycanda müşahidə olunan dəhşətli dövrün şahidləriyik. Tədbirimizdə iştirak edən gənclərimiz üçün bu hadisələri bir daha danışırıq ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərinin miqyasını daha yaxşı dərk etsinlər. Biz bu günü – 15 iyun tarixini böyük şərəf hissi ilə qeyd edirik. Çünki, məhz həmin gün əsl müstəqilliyimizin əsası qoyuldu, sözün böyük mənasında yeni tariximiz başladı.

Ulu Öndər Azərbaycanın ümummilli inkişaf strategiyasının əsasını qoydu və ölkədə bu gün şahidi olduğumuz uğurların möhkəm platformasını yaratdı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa zamanda hər şey dəyişdi, atəşkəs əldə olundu, ölkədə stabil siyasi və iqtisadi vəziyyət bərqərar oldu, “Əsrin müqaviləsi” kimi nəhəng beynəlxalq neft layihəsi imzalandı. İctimai-siyasi həyatımızın bütün sahələrində əsaslı islahatlar həyata keçirildi, yeni Konstitutsiyası qəbul olundu, ölkə iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Bütün bunlar Heydər Əliyev şəxsiyyətinin, onun zəkasının və siyasətinin təntənəsidir.

Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını vurğulayan Ş.Hacıyev Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi kimi 13 il ərzində iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu, “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası əsasında günü-gündən inkişaf edən ölkədə bu gün postindustrial cəmiyyət quruculuğunun uğurla davam etdirildiyini, ölkənin iqtisadi-sosial inkişaf modelinin və multikultural dəyərlərin yaşadılmasına xidmət edən sosial rifah modelinin dünya üçün nümunə olduğunu qeyd etdi. “Hər bir ölkənin özünəməxsus geosiyasi və geoiqtisadi üstünlükləri var. Lakin bu üstünlükləri sözün əsl mənasında iqtisadi və siyasi gücə çevirmək, yalnız güclü və müdrük şəxsiyyətin hakimiyyət başında olduğu zaman mümkün ola bilir. Heydər Əliyev güclü strateq, görkəmli siyasi xadim və cəsarətli sərkərdə idi. Məhz onun hakimiyyətə qayıdışı ilə “Milli Qurtuluş Günü”ndən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni Liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Bizim çox qədim və şərəfli dövlətçilik tariximiz var. Lakin 1993-cü ildən başlayan əsl müstəqillik tariximizin analoqu olmamışdır və biz buna görə daima Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq. Bu gün hər birimizin müqəddəs borcu Prezidentimizin ətrafında sıx birləşərək Heydər Əliyevin qurduğu bu dövləti və müstəqilliyimizi qorumaq və inkişaf etdirməkdır.”

Çıxışının sonunda Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ötən gün Badamdar qəsəbəsindəki “Heydər Əliyev” parkında “Milli Qurtuluş Günü”nün 23-cü ildönümü münasibətilə möhtəşəm bayram konsertinin keçirildiyini də qeyd edən Ş.Hacıyev Səbail rayon məktəblərində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfransların keçirildiyini və məktəblilərin Azərbaycan tarixi ilə bağlı çox gözəl məruzələrlə çıxış etdiklərini, bütün bunların ölkədə sağlam gəncliyin formalaşdırılmasının bariz nümunəsi olduğunu bildirdi.

Tədbirdə çıxış edən YAP veteranları və Səbail rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri prof. Vilayət ƏliyevRizvan Vahabov o dövrdə baş verən hadisələrin şahidləri kimi bu əlamətdar günün xalqımızın müstəqillik tarixindəki rolundan, 91-lərdən və bugünkü çiçəklənən Azərbaycanın banisi dahi siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdılar.

Tədbirin sonunda məktəblilərdən Ağayeva Həqiqət Xəlilli Məhəmməd Nəbi Xəzrinin “İstiqlal marşı” və Sərdar Zeynalın “Döyüşə hazırıq” şeirlərini səsləndirdilər.

Tədbirin videoyazısı
AzTV