Səbaildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47-ci ildönümü qeyd edildi

12 iyul 2016-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 47-ci ildönümü münasibətilə tədbir keçirildi.

Səbail rayon İcra Hakimiyyətinin, YAP Səbail rayon təşkilatının, rayonun ağsaqqallar şuralarının, veteranlar təşkilatlarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, QHT-lərin, rayon ictimaiyyəti nümayəndələrinin və digər qonaqların iştirak etdiyi tədbiri Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev giriş sözü ilə açdı.

İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Eldar Ağayev Azərbaycanın xilaskarı, müasir Azərbaycanın qurucusu, dahi siyasətçi Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi, Ulu Öndərin Azərbaycana rəhbərliyinin həm birinci, həm ikinci mərhələsində çoxşaxəli fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. Dövlətçilik tariximizdə Heydər Əliyev epoxasının müstəsna yeri və rolundan danışan natiq Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə – həm 1969-1982-ci illərdə, həm 1993-2003-cü illərdə Azərbaycanın ən şanlı və parlaq salnaməsini yazdığını, ölkədə neft, pambıq, üzüm, taxıl istehsalı sahəsində böyük iqtisadi sıçrayışların əldə olunduğunu, Heydər Əlyevin ölkədə maarif, mədəniyyət, təhsil və elm sahələrinin sadiq təəssübkeşi olduğunu vurğuladı. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevi daima böyük iftixarla xatırladığını qeyd edən E.Ağayev Ulu Öndərin əsasını qoyduğu siyasətin bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından tədbir iştirakçılarını salamladı. Müasir Azərbaycan dövlətçiliyinin rəmzi olan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki rolundan geniş bəhs edən Z.Bayramov Ulu Öndərin öz adıyla tarix yazan görkəmli siyasətçi olduğunu, hakimiyyətdə olduğu dövrlərdə islahatlar vasitəsilə ölkədə genişmiqyaslı inqilablar həyata keçirdiyini, gücün siyasətinə siyasətin gücünü qoyduğunu və hər siyasi rəhbərə nəsib olmayan “Ümummilli Liderlik zirvəsi”nə yüksəldiyini qeyd etdi. Heydər Əliyevin “Mən hər zaman yaradanıma, xalqıma və zəhmətimə arxalanmışam” sözünü vurğulayan natiq çıxışının davamında Azərbaycanda 1969-1982-ci illərdə həyata keçirilən islahatlardan, ölkədə müşahidə olunan iqtisadi dirçəlişdən, Ulu Öndərin o dövrün tələblərinə cavab verən milli kadr potensialının formalaşdırılması üçün təhsil və elm sahəsindəki uzaqgörən siyasətindən bəhs edərək, bu təməllər əsasında inkişaf edən Azərbaycanı çox nikbin gələcək gözlədiyini, Heydər Əliyevin  alternativsiz siyasətinin bu gün yeni müstəvidə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük məharətlə və uğurla davam etdirildiyini də xüsusi vurğuladı. Çıxışının sonunda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ildə yaranan Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti, müasir siyasi sistemdə onun rolu və əhəmiyyəti haqqında danışan Z.Bayramov Ümummilli Liderin əbədiyaşar ideyalarının bu gün yeni keyfiyyət müstəvisində uğurla davam etdirildiyini xüsusi olaraq vurğuladı.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev çıxış edərək, ölkədə müharibə veteran təşkilatlarının fəaliyyətindən, Ulu Öndərin və cənab Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına hər zaman göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Azərbaycanın ərazi bütövlüyünün yaxın gələcəkdə bərpa olunacağına dair əminliklərini dilə gətirən İ.Əliyev bütün müharibə veteranları adından cənab Prezidentə təşəkkür edərək, ali baş komandanın əmrinə hər zaman hazır olduqlarını bildirdi.

Tədbirin davamında çıxış edən Beynəlxalq Avrasiya mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Qarabağ müharibəsi veteranı Yalçın Qocayev, “XXI əsrin qadınları” İB-nin sədri Mahirə Əmirhüseynova, şairə Ülkər Piriyeva, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyev və başqaları Heydər Əliyev fenomeni, dahi siyasətçinin xilaskarlıq missiyası və müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərindən danışdılar. Qeyd olundu ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bizlər üçün miras qoyduğu iki əmanətindən biri müstəqil Azərbaycan, digəri isə onun layiqli varisi cənab Prezident İlham Əliyevdir. Azərbaycan xalqı heç bir zaman əmanətə xəyanət etməmişdir və dövlətçiliyimizin, müstəqiliyimizin qorunması hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayan ən müqəddəs amallardandır. Hər birimiz gördüyümüz işdən və tutduğumuz vəzifədən asılı olmayaraq cənab Prezidentimizin, iqtidar partiyamızın siyasətini dəstəkləməli və lazımi məqamlarda həm daxili, həm xarici siyasətdə xalqımızın mənafelərini layiqincə müdafiə etməliyik.

Tədbirin videoyazısı AzTV