YAP Səbail rayon təşkilatının əməkdaşının “Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir” adlı məqaləsi mətbuatda dərc olundu

YAP Səbail rayon təşkilatının məsləhətçisi Samirə Allahverdiyevanın “Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir” mövzusunda məqaləsi mətbuatda dərc olunub.

Məqaləni təqdim edirik:

Hər bir ölkənin perspektiv inkişafı, gələcəyi düzgün formalaşmış gənclərin əlindədir. Uğurlu təhsil almış hər bir gənc həmin dövlətin, xalqın gələcək xilaskarıdır. Çünki gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və eyni zamanda, dağıdıcı gücə malikdirlər və elə buna görə də onların düzgün istiqamətləndirilməsi dövlətçiliyin gələcəyini sığorta altına alması deməkdir. Biz gənclərin hər bir qələbəsi məhz  böyük siyasətçinin qurmuş olduğu düzgün gənclər siyasətinin bəhrəsidir. Düşünürəm ki, Azərbaycan gəncləri dünyanın ən xoşbəxt gəncliyidir, çünki hər zaman biz gənclərin özünə nümunə götürdüyü, qibtə etdiyi, sevgi bəslədiyi bir lideri – Heydər Əliyevi olmuşdur.

Ümummilli lider Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündən gənclərlə işə böyük diqqət və qayğı göstərmişdir. İlk öncə azərbaycanlı gənclər Ulu Öndərin bilavasitə təşəbbüsü ilə keçmiş SSRİ-nin 170-dən çox  ən nüfuzlu ali məktəblərində təhsil almışdır. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətinin bütün sahələrində (o cümlədən hərbi sahəsində) müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayırlar.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətinin siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədricən daha geniş formada  ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Hər zaman gənclərə dayaq, yüksək stimul mənbəyi olan dahi şəxsiyyət “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, – deyə vurğulayırdı.

Azərbaycan gənclərinə hər zaman inanıb, etibar edən Ulu Öndər onlarla daim sıx təmasda olmağın, ünsiyyət qurmağın tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, gənclərin fikirlərini çox yüksək qiymətləndirir və  müvafiq addımlar atırdı. Elə bu səbəbdəndir ki, ilk dəfə 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə gənclər forumlarının keçirilməsinə start verildi. Məhz elə I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.

Möhtərəm cənab Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev alternativi olmayan Heydər Əliyev siyasətini bu gün çox məharətlə, uğurla davam etdirir. Dövlətimizin başçısı istər idman, mədəniyyət, incəsənət, siyasət və istərsə də digər sahələrdə dövlətin möhkəmləndirilməsi istiqamətində gənclərə dəstək olur və hər zaman onlara güvənir. “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – deyən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq edir.

Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da gənclərə göstərdiyi diqqət və qayğı danılmazdır. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə son zamanlar ölkəmizdə və onun hüdudlarından kənarda gənclərlə bağlı bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsi buna əyani sübut, bariz nümunədir.

Yeni Azərbaycan Partiyasının gəncləri hər zaman cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyir və bu siyasəti reallaşdırmaqda bütün səylərini əsirgəmirlər. YAP-ın sıralarında yer alan bütün gənclər, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar.

Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, antiazərbaycançı şəbəkələrin dəstəyi ilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq!

Məqalənin internet portallarında linkləri:
“İki Sahil” gündəlik ictimai-siyasi qazet link
“İnform.az” internet portalı link