Çağırışçılar həqiqi hərbi xidmətə yola salındılar

18 iyul 2016-cı il tarixində Bayıl yaşayış sahəsində Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Səbail rayonundan olan çağırışçıların bir qrupunun həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirildi.

Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayevin, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyevin, zabitlərin, müharibə veteranlarının, ağsaqqalların, rayonun hüqüq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Qafur Məmmədovun parkda ucaldılmış büstünün önünə çiçəklər düzüldü və Hərbi Dəniz Qüvvələri orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirildi.

Çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bu gün hərbi xidmətə yollanan çağırışçıları, onların valideynlərini təbrik etdi, Vətənə xidmət etməyin həm müqəddəs, şərəfli, həm də çox məsuliyyətli vəzifə olduğunu xatırlatdı. Milli Ordumuzun bu ilin aprel ayında qazandığı qələbədən söz açan icra başçısının müavini bildirdi ki, bu qələbə ordumuzun gücünü, bacarığını bütün dünyaya nümayiş etdirdi. Bu, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkədə ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasətin və gördüyü işlərin önəmini bir daha sübut etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlətimizin başçısının bu siyasəti yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və səbaillilər bu siyasəti yekdilliklə dəstəkləyirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov qeyd etdi ki, ordu hər bir millətin qüruru, dövlətin güvən yeridir. Ölkənin varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çağırışçıları bu tarixi gün münasibətilə təbrik etdi, onlara Vətənə canla-başla xidmət etməyi və sağ-salamat ailələrinə qovuşmağı arzu etdi, əsgər valideynlərini əmin etdi ki, övladları çox etibarlı əllərdədir, çünki, onlar sıradan bir orduya deyil, Cənubi Qafqazın, bu bölgənin ən güclü ordusuna, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan və 2003-cü ildən sonra möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən qayğı və diqqət nəticəsində günü-gündən güclənən bir orduya xidmət etmək üçün yola düşürlər. Azərbaycan oğullarının həmişə mərdliyi, cəsarətliyi ilə seçildiyini bildirən deputat Azərbaycan əsgərinin həm uzaq, həm yaxın tarixdə böyük şücaətlər göstərdiklərini qeyd etdi. Qəhrəman Azərbaycan oğullarının günümüzdə yeni şəraitdə yeni şücaətlər göstərdiyini vurğulayan Ş.Hacıyev aprel hadisələrində bizim buna bir daha şahid olduğumuzu qeyd etdi. Aprel hadisələri göstərdi ki, Azərbaycan ordusu nəinki işğal altında olan torpaqlarını, həm də öz əzəli torpaqlarını geri qaytarmaq iqtidarındadır. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan ordusu bir həftəyə Azərbaycanın şanlı bayrağını Xankəndində qaldıra bilər. Əsgərlərimiz heç vaxt düşmənə aman verməyəcəklər. Bizim bu gün güclü ordumuz var, Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın büdcəsi qədərdir. Çıxışının davamında həm rayon İcra Hakimiyyətinin, həm YAP Səbail rayon təşkilatının həmişə əsgərlərimizin yanında olduğunu, mümkün olduqca heç olmasa altı ayda bir dəfə səngərlərə baş çəkiləcəğini qeyd edən Ş.Hacıyev bildirdi ki, ölkəmizdə möhkəm xalq-iqtidar birliyi var, eyni zamanda ordu-xalq-iqtidar birliyi o qədər güclüdür ki, bu birliyi heç nə dağıda bilməz. Qardaş Türkiyədə baş verən hadisələri göstərdi ki, ordu çox şeyə qadirdir, amma Azərbaycanda ordunun bir məqsədi var – dövlətimizi, müstəqilliyimizi qorumaq, itirilmiş torpaqlarımızı geri qaytarmaq.

Tədbirdə çıxış edən II Dünya müharibəsinin veteranı Əli Nəsirov, 51 saylı orta məktəbin direktoru Lətafət Səmədova, valideyn Ənvər Abdullayev çağırışçılara orduda xidmət kimi şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayaraq, tövsiyə və məsləhətlər verdilər.

Çağırışçı Qismət Süleymanov əsgər gedən bütün yoldaşları adından çıxış edərək, öz ləyaqətli xidmətləri ilə Səbail rayonunun adını yüksək tutacaqlarına söz verdi.

Sonra çağırışçılara və ordudan yenicə tərxis olan gənclərə xatirə hədiyyələri təqdim olundu.

Çağırışçılar marş sədaları altında Azərbaycanın dövlət bayrağını öpərək hərbi hissələrə yollandılar.

Tədbirin video yazısı
AzTV