YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edildi

18 iyul 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirildi.

Təsis yığıncağında YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, rayon təşkilatının aparat işçiləri və partiya üzvləri iştirak etdilər.

Yığıncaq iştirakçılarını salamlayan prof. Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının (YAP) bu gün nəinki Cənubi Qafqazın, bütün yaxın coğrafiyanın ən böyük, ən güclü, ən qüdrətli siyasi təşkilatı olduğunu qeyd edərək, bildirdi ki, YAP-ın fəaliyyətinin bu dərəcədə geniş, nəzərəçarpan və nəticəli olmasına təsir edən əsas faktorlardan biri partiyamıza ölkə Prezidentinin sədrlik etməsidir. Dünya ölkələrinin təcrübəsinə baxsaq, xalqın lideri olan prezidentlərin sayı barmaqla sayılacaq qədər azdır. Fərəhləndirici haldır ki, bizim Prezidentimiz bu keyfiyyətə malik olan dövlət xadimidir. Türkiyədə baş vermiş son hadisələrdə Prezidentimizin düşünülmüş və düzgün mövqe nümayiş etdirməsi bir daha göstərdi ki, liderimiz çox savadlı, dünya hadisələrini dərindən bilən, hətta bu hadisələrin gedişatını əvvəlcədən proqnozlaşdıra bilən və bütünlüklə bu regionda olan super dövlətlərin çarpazlaşan maraqlarını bir araya gətirə bilən bir dövlət xadimidir. Elə aprel hadisələri də göstərdi ki, bizim ordumuz, xalqımız, bütün dövlət strukturlarının hamısı Prezidentin ətrafında çox sıx birləşib. Bizim partiya təşkilatının da fəaliyyət istiqamətlərindən biri də xalq-iqtidar birliyini daha da gücləndirmək və cənab Prezidentin bütün sahələrdə qarşımıza qoyduğu vəzifələri vicdanla, namusla, qeyrətlə yerinə yetirməkdir. Yeni yaranmış ərazi təşkilatına uğurlar arzulayıram və tamamilə əminəm ki, yeni təşkilatımız da bu amallara xidmət edəcəkdir.

Yeni ərazi təşkilatının təsis yığıncağında şəxsən iştirak etdiyinə görə YAP Səbail rayon təşkilatının sədrinə təşəkkür edən Mübariz Qurbanlı, bunun təşkilat kollektivinə göstərilən böyük ehtiram nümunəsi olduğunu bildirdi. “Əhməd Cavad 12” adlanacaq yeni təşkilatın əksər üzvlərinin gənclər olduğunu qeyd edən Komitə sədri vurğuladı ki, biz istəyirik ki, gənc əməkdaşlarımız yaxınlaşan partiya qurultayında iştirak etsinlər, YAP Səbail rayon təşkilatının Gənclər Qolunda təmsil olunsunlar, fəal gənc xanımlarımız partiyanın Qadınlar Şurasının üzvü olsunlar, partiyanın Gənclər Birliyinin, Qadınlar Şurasının tədbirlərində yaxından iştirak etsinlər. Ümumiyyətlə, mən həmişə gənclərimizə deyirəm ki, kimin siyasətə marağı, meyli varsa, kiminsə gələcəkdə millət vəkili olmaq, siyasətçi kimi siyasi səhnədə görünmək fikri varsa, partiyamızın Səbail rayon qərargahı ilə mütəmadi əlaqədə olsunlar, rayon tədbirlərində iştirak etsinlər, fərqli ideyalar ilə çıxış etsinlər, müxtəlif ictimai-siyasi tədbirlərin, seminarların, dəyirmi masaların, fikir mübadiləsi platformalarının təşkili ilə bağlı təkliflər irəli sürsünlər, tədbir təşkilatçılığını öz üzərlərinə götürsünlər. Partiyanın Səbail rayon qərargahı son zamanlarda böyük fəallığı ilə seçilir, qərargahın özü də çox gözəl yerdə yerləşir, təşkilat sədri Şəmsəddin müəllim çox liberal adamdır, istər YAP Səbail rayon təşkilatı, istər Səbail rayon İcra Hakimiyyəti sizlərdən gələn təşəbbüsləri dəyərləndirməyə hazırdırlar. Bu gün təsis etdiyimiz ilk ərazi təşkilatının Səbail rayon partiya təşkilatı nəzdində uğurla fəaliyyət göstərəcəyinə və ölkəmizin ictimai-siyasi həyatına mühüm töhfələr bəxş edəcəyinə əminəm. Şəmsəddin müəllimin rəhbərlik etdiyi qurumda işlərin gedişinə, ərazi təşkilatları ilə işin təşkilinə, ümumiyyətlə istedadlı gənclərin işə, partiya fəaliyyətinə cəlb olunmasına necə həssas yanaşdığı və diqqət ayırdığının mən özüm şəxsən şahidiyəm. Təşkilatın siyasi-ictimai fəaliyyətinə uğurlar arzulayıram.

Yığıncağın davamında “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı səsvermə keçirildi, təşkilat təsis edildi və partiyanın qurucu üzvlərindən biri, YAP Siyasi Şurasının üzvü Səyyad Salahlı yekdilliklə yeni ərazi təşkilatının sədri seçildi.

Yeni seçilmiş sədr Səyyad Salahlı ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonrakı siyasi fəaliyyətini YAP Səbail rayon təşkilatı sıralarında davam etdirəcəyi üçün məmnunluğunu dilə gətirdi. Sədr qeyd etdi ki, kollektivimizdə son dərəcə istedadlı, ictimai fəaliyyətində böyük fəallığı ilə seçilən, namizədlik dissertasiyası üzərində işləyən yüksək potensiallı əməkdaşlarımız var. İnanıram ki, bu intellektual potensial Səbail rayonunun işinə də töhfə verəcəkdir. Biz YAP üzvləri olaraq partiya liderimizin tapşırıqlarını yerinə yetirməyə və Sədrimizin qarşımıza qoyduğu vəzifələri məsuliyyətlə icra etməyə, habelə rayonumuzda ictimai-siyasi həyatın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlərdə yaxından iştirak etməyə hazırıq.

İclasın sonunda çıxış edənlər “Əhməd Cavad 12” ünvanında təsis edilən yeni ərazi ilk partiya təşkilatının fəaliyyətinə uğurlar arzuladılar.