Səbail rayonunda cari ilin altı ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi

19 iyul 2016-cı il tarixində Səbail rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

Yığıncağı giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən altı ay ərzində rayonda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı. Vurğulandı ki, Azərbaycanın çoxillik tarixi ərzində yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun siyasətini layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ümumxalq, ümum Azərbaycan lideri statusunu qazanıblar. Bu gün Prezident İlham Əliyev dünya azərbaycanlılarının əsl ümumxalq lideridir. Hazırda bəşəriyyətin inkişafı qloballaşma və demokratiya amilləri ilə əlaqələndirilir. Azərbaycanın mövcud sosial-iqtisadi inkişafını bu iki amilin prizmasından dəyərləndirən RİH-nin başçısı milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünyaya nümunə olması, ölkəmizin möhtəşəm beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi və s. faktorların Azərbaycanın qloballaşma dərəcəsinə dəlalət etdiyini qeyd etdi. Azərbaycanın ictimai-siyasi həyatının yüksək demokratikləşmə prinsipləri ilə inkişaf etməsinin ən bariz nümunəsi isə xalqın idarəetməyə cəlb olunmasıdır. E.Əzizov vurğuladı ki, 10 iyul tarixində İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aparılan müzakirələrdən gördüyümüz kimi mərkəzdən verilən tapşırıqların yerlərdə müvafiq şəkildə icrası formatında tətbiq olunan idarəetmənin, möhtərəm Prezidentimizin siyasi müdrikliyinin, hər sahədə əsas quruculuq hədəflərini dəqiq müəyyən etməyinin bəhrəsidir ki, cənab İlham Əliyevin 13 il əvvəl verdiyi proqnozlar bu gün özünü tam doğrultmuş, bu qısa dövr ərzində Azərbaycan dövlətinin ictimai-siyasi və sosial-iqtisadi dayaqları mökəmlənmiş, ölkəmiz dünyanın diplomatiya, ölkələr və qitələrarası əməkdaşlıq, mədəniyyət və incəsənət, multikulturalizm və konfessiyalararası anlaşma, böyük idman oyunları mərkəzlərindən biri kimi tanınmışdır. Ölkədə əldə olunmuş əmin-amanlıq, siyasi sabitlik cənab Prezidentin ən əhəmiyyətli tarixi nailiyyətlərindəndir. Səbail rayonun Bakı şəhərinin mərkəzi hissəsi kimi ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə hər zaman avanqard olduğunu bildirən E.Əzizov rayonda ciddi idarələrin, şirkətlərin fəaliyyət göstərdiyini və cari ilin altı ayı ərzində rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunduğunu və bugünkü iclasın da məqsədinin ötən dövr ərzində rayon icra hakimiyyətinin fəaliyyətini, görülmüş işləri təhlil edərək müzakirə etmək və cənab Prezidentin qarşımıza qoyduğu vəzifələri müəyyənləşdirməkdən ibarətdir.

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra başçısının müavini Eldar Ağayev hesabat dövrü ərzində rayonda qeydə alınmış iqtisadi göstəriciləri diqqətə çatdıraraq, bildirdi ki, bu ilin altı ayı ərzində rayonda 1795 yeni daimi iş yeri yaradılıb. Vurğulandı ki, Formula 1 üzrə Avropa Qran Prisi yarışları ilə bağlı şəhərin mərkəzində görülən işlər nəticəsində bir çox evlərin fasadları, dam örtükləri təmir olunub və yeni asfalt qatı salınıb, rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində çoxmərtəbəli yaşayış binalarını əhatə edən yeni abad məhəllə salınması ilə bağlı işlər yekunlaşıb, Bayılda yerləşən yaşayış massivlərində abadlıq-quruculuq işlərinə başlanılıb. Səbail 20-ci dairə yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan yaşayış binalarının sökülüb yerində müasir yaşayış komplekslərinin tikintisi ilə bağlı altıdan çox layihənin işlənib hazılandığı və təsdiq olunduğu qeyd edildi. E.Ağayev çıxışının sonunda bildirdi ki, İcra Hakimiyyəti rayonda inkişaf tempini artırmaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir.

Yığıncaqda çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, Badamdar bələdiyyəsinin sədri Həbib Əsədov, sahibkar Bəybala Hüseynov, rayon sakini Yeganə Bağırova dahi Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində gördükləri işlərdən, yürütdüyü siyasətdən söz açdılar, Azərbaycanın bu gün sürətlə inkişaf edən, dünya dövlətləri arasında öz yerini tutan bir dövlət olduğunu vurğuladılar, ölkəmizin inkişaf və tərəqqisi istiqamətində apardığı siyasətə və gördüyü işlərə görə Prezidentimiz İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.

Tədbirin davamında çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Səbail rayonun Bakının strateji rayonu olduğunu və rayon İcra Hakimiyyətinin səmərəli fəaliyyəti, müvafiq məsələlərə yerində müdaxiləsi nəticəsində hesabat dövrü ərzində rayonda kompleks işlər görüldüyünü qeyd etdi. Mərkəzi rayon olan Səbailin daim cəmiyyətin gözü önündə olduğunu, şəhərimizə gələn turistlərdə şəhərimizlə bağlı həm ilk, həm də son təəssüratın məhz bu rayonla bağlı yarandığını vurğulayan deputat bu səbəblərdən bu rayonda işləməyin bir tərəfdən çətin, digər tərəfdən asan olması ilə bağlı fikirlərini bildirdi. Rayonda aparılan quruculuq işləri, həyata keçirilən çoxsaylı layihələrlə yanaşı, sosial müdafiəyə ehtiyacı olan sakinlərə rayon rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğının göstərilməsi də çox önəmli məsələdir. Bu aspektdən də dəyərləndirildikdə Səbail rayonu aparıcı rayonlardan biridir və bu bizdə böyük fərəh hissi yaradır deyən Ş.Hacıyev qeyd etdi ki, idarəetmə ilə bağlı göstərişlər yuxarı instansiyalardan verilsə də, bu göstərişləri yerlərdə icra etmək üzrə məsuliyyət daha çox əhali ilə bilavasitə münasibətdə olan aşağı instansiyaların üzərinə düşür. Rayonda görülən uğurlu işlər və əldə olunmuş nailiyyətlərin qazanılmasında rayon icra hakimiyyəti ilə yanaşı digər dövlət institutlarının da mühüm rolu var. Bu sahədə hüquq-mühafizə orqanlarının işini xüsusi qeyd edən millət vəkili bildirdi ki, onların yorulmaz əməyinin nəticəsidir ki, bu gün əhalimiz, sakinlər tam sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar.

Çıxışının davamında Ş.Hacıyev respublikamızda yaranmış xalq-iqtidar birliyindən, ölkə rəhbərinin ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən düşünülmüş və gələcəyəyönəlik siyasətindən, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası statusu qazanmasından bəhs etdi. Cənab Prezident tərəfindən aparılan siyasi, sosial, iqtisadi, mədəni işlər çox təqdirəlayiqdir və düzgün, məqsədyönlü inkişaf strategiyasının reallaşdırılmasına xidmət edir. Mən bu gün həm vətəndaş, həm millət vəkili kimi Prezidentimiz, Ali Baş Komandanımız, Partiya Sədrimiz, ölkə rəhbərimiz ilə fəxr edirəm. Dünya ölkələri arasında Azərbaycanın beynəlxalq imici bu gün məhz Prezidentimizə görə formalaşır. Azərbaycan dünyada stabil, etibarlı tərəfdaş kimi tanınır. Ukrayna ilə bağlı baş verənlərə baxsaq, eyni şərtlər bizə də təklif olunmuşdu. Ukrayna Avropa Assosiativ müqaviləsinə imza atdı, biz isə imza atmadıq, çünki əvvəlcədən mövqeyimizi bəyan etdik ki, bizə əlavə siyasi və ya iqtisadi üstünlük qazandırmırsa biz müstəqil qərar vermə hüquqlarımızı heç kimə ötürmək niyyətində deyilik. Bu gün bizim tam müstəqil və cəsarətli siyasət aparan Prezidentimiz var. Bu bizə Tanrının və əlbəttə ki, Ulu Öndərin hədiyyəsidir. İlham Əliyev idarəetmə, siyasi mədəniyyət və məharət sahəsində böyük bir məktəb – Ulu Öndər Heydər Əliyevin məktəbini keçib, beynəlxalq münasibətlər sahəsində yüksək səviyyəli təhsil alıb. Hamımız şahidik ki, dövlət rəhbərimiz dünyada gedən prosesləri necə uzaqgörənliklə əvvəlcədən görür və düzgün qiymətləndirir. Dünyada da artıq nəzarət olunmayacaq dərəcədə böyük dəyişikliklər baş verir – Avropa miqrantlar və terror problemindən əziyyət çəkir. Qardaş Türkiyədə baş verən son üzücü hadisələr barəsində də cənab Prezidentimiz çox düşünülmüş və təmkinli bəyanatla çıxış etdi. Bu gün bizim ən böyük dəyərimiz ölkəmizdə mövcud olan siyasi-iqtisadi sabitlikdir. Biz bunun dəyərini bilməli və bu sabitliyi, ölkədə əldə olunmuş xalq-iqtidar birliyini mütləq şəkildə qorumalıyıq. Dünya miqyasında, regional miqyaslarda siyasi və iqtisadi kataklizmlərin müşahidə olunduğu ötən altı ay ərzində ölkəmizdə 0,6%-lik iqtisadi artımın qeydə alınması milli iqtisadiyyatımızın dayanıqlı və davamlı inkişafının nəticəsidir. Son illərdə Azərbaycanın maliyyə sektorunda, vergi sistemində şəffaflıq dərəcəsi xeyli artmışdır, biz 2016-cı ilin ikinci yarımilliyində neftin dünya qiymətlərinin yüksələcəyini də gözləyirik. Ölkəmizdə aparılan siyasətin əsas məqsədi xalqa xidmətdən ibarətdir. Cənab Prezidentimiz üçün Azərbaycan xalqının milli mənafelərindən yüksəkdə dayanan heç nə yoxdur. Ölkə rəhbərimizin söykəndiyi əsas siyasi platforma hər bir Azərbaycan vətəndaşının yüksək rifahının təmin olunmasıdır. 2016-cı il yeni tariximizə dərin islahatlar ili kimi daxil olacaqdır. Bu zamana qədər həyata keçirilmiş sosial-iqtisadi islahatların nəticəsi isə göz qabağındadır.

Çıxışının sonunda bugünkü yığıncağın məqsədinin ötən dövr ərzində görülmüş işləri dəyərləndirməklə yanaşı, gələcək planlarımızı, vəzifələrimizi müəyənləşdirməkdən ibarət olduğunu qeyd edən Ş.Hacıyev xalqımızın firavan gələcəyi naminə hər birimizin üzərinə müvafiq məsuliyyət və vəzifələrin düşdüyünü bildirərək, Səbail rayon ictimaiyyətinin nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdə çıxış edən rayon sakinləri müxtəlif istək və təkliflərini, eyni zamanda bəzi problemlərini dilə gətirdilər. Vətəndaşların müraciətləri dinlənildi, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlərin yekdilliklə dəstəkləndiyi ifadə olundu və bununla əlaqədar rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu qəbul edildi.

Rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubu “president.az” saytında yerləşdirilmişdir (link).

Məktubun mətnini təqdim edirik:

Möhtərəm cənab Prezident!

Bu gün dünyanın hər yerində milyonlarla insanın diqqətini XXI əsrin möcüzəsi kimi cəlb edən Azərbaycan gerçəkliyinin qəlbimizdə oyatdığı böyük qürur və iftixar hissini Sizinlə bölüşmək istəyirik.

Ötən əsrin təlatümlü, qanlı-qadalı illərinin, ölkəni viran qoyan dağıdıcı proseslərin içərisindən xalqımızın ümummilli lideri Heydər Əliyevin dühası, iradəsi və qətiyyəti ilə sıyrılıb çıxmış Azərbaycan müstəqilliyinin qısa bir dövrü ərzində əsrə bərabər inkişaf yolu keçmiş, dünyanın nüfuzlu ölkələri arasında söz sahibinə çevrilmişdir. Azərbaycan dövlətinin ictimai-siyasi və sosial-iqtisadi dayaqları möhkəmlənmiş, respublikamız dünyanın diplomatiya, ölkələr və qitələrarası əməkdaşlıq, mədəniyyət və incəsənət, multikulturalizm və konfessiyalararası anlaşma, böyük idman yarışları mərkəzlərindən biri kimi tanınmışdır.

Bütün bu nailiyyətlər bilavasitə Sizin rəhbərliyiniz və iştirakınızla əldə edilib, cənab Prezident!

Bu gün dünya yenə çalxalanır, iqtisadi tənəzzül, maliyyə problemləri ölkələri diz çökdürür, neçə-neçə məmləkətdə qanlar axır, silahlı qruplaşmalar meydan sulayır, terrorizm uşaqlara, qadınlara, qocalara da aman vermir, dini və irqi dözümsüzlük əsəbləri tarıma çəkir, insanları fəlakətə sürükləyir, bəşəriyyətin qədim maddi və mədəni sərvətləri tarmar edilir, böyük dövlətlərin buyuruq qulu kimi biabırçı bir “titulu” ilə tanınmış işğalçı Ermənistanda dövlət siyasəti faşizm prinsipləri üzərində qurulur.

Hətta belə bir vaxtda Azərbaycan qlobal layihələrin müəllifi və əsas iştirakçısı kimi çıxış edir. Ölkədə əmin-amanlıq hökm sürür. Respublika əhalisi siyasi sabitlik şəraitində yaşayır və gələcəyinə inamla baxır. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqnozları ölkəmizin şəhər və kəndlərinin mənzərəsini bənzərsiz çalarlarla zənginləşdirir. Dünyanın hətta ən məşhur, ən tələbkar memarlıq və arxitektura bilicilərini heyran edən paytaxtımız Bakı bu gün Şərqin və Qərbin ən gözəl, ən parlaq şəhərlərindən biri kimi məşhurlaşıb. Səbail rayonu isə bu şəhərin füsunkar mərkəzi hissəsi kimi yüksək zövqün, heyranedici şəhərsalma mədəniyyətinin rəmzlərindən biridir.

Bütün bunlar ilk növbədə Sizin xidmətinizdir, cənab Prezident! Sizin siyasi müdrikliyinizin, hər sahədə əsas quruculuq hədəflərini dəqiq müəyyən etməyinizin bəhrələridir.

Bu ilin aprelində Siz Azərbaycana və onun vətəndaşlarına böyük qələbə sevinci bəxş etdiniz. Müzəffər Azərbaycan Ordusunun bölmələri düşmənin növbəti fitnəkarlığının qarşısını mərdliklə alaraq, ermənilərin hərbi gücü və döyüşkənliyi barəsində onların özlərinin yaratdıqları mifi dağıtdılar, torpaqlarımızın bir hissəsi üzərində yenidən Azərbaycan bayrağını dalğalandırdılar.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi bu, ilk növbədə Sizin xidmətinizin bəhrəsidir.

Cənab Prezident, ölkəmizin və xalqımızın xoşbəxt gələcəyi naminə Sizin yorulmaz fəaliyyətiniz hamımız üçün böyük nümunə və örnəkdir. Yalnız bu ilin 6 ayında Sizin xarici səfərlərinizin, dünyanın böyük güc mərkəzlərini təmsil edən həmkarlarınızla, siyasi xadimlərlə Bakıda və səfərdə görüşlərinizin, danışıqlarınızın xronikası göstərir ki, Siz həyatını, varlığını bütünlüklə doğma torpağa, doğma xalqa həsr edən, bir insan, bir rəhbər kimi öz xoşbəxtliyinin mənasını da ölkəsinə və millətinə xidmətdə görən Prezident və böyük şəxsiyyətsiniz.

Gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident! Biz Sizinlə fəxr edirik, cənab Prezident!

Sizin rəhbərliyiniz altında çalışmağı, Sizin göstəriş və tapşırıqlarınıza əməl etməyi, Vətənə xidmət işini Sizdən öyrənməyi özümüzə şərəf bilirik.

Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Bakı şəhəri Səbail rayon sakinləri adından iyulun 19-da keçirilən 2016-cı ilin birinci yarımilliyində Səbail rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakçıları :

Əzizov Eldar, Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Hacıyev Şəmsəddin, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor
Cəfərov Cəfər, ADPU-nun rektoru, professor və başqaları (cəmi : 150 imza)

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.

Hesabat yığıncağının videoyazıları:
AzTV
SpaceTV
SəsTV