Səbail rayonunda “22 iyul – Milli Mətbuat Günü” münasibətilə jurnalistlərlə görüş keçirildi

21 iyul 2016-cı il tarixində Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə “22 iyul – Milli Mətbuat günü” münasibətilə qəzet və elektron informasiya vasitələrinin bir qrup nümayəndəsi ilə görüş keçirildi.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə milli mətbuatın tarixi, jurnalistikanın problemləri və inkişafı barədə danışaraq qeyd etdi ki, 1875-ci ildə böyük ziyalı, publisist Həsən bəy Zərdabi Azərbaycan dilində dünyəvi qəzet olan “Əkinçi” qəzetini nəşrinə başladı ki, bununla da milli mətbuatımızın təməlləri atılmış oldu. “Əkinçi” qəzetinin o dövrdə məhz Azərbaycan dilində nəşr olunması böyük qəhrəmanlıq idi, sonradan “Molla Nəsrəddin” və digər yüzlərlə qəzet nəşr olundu. Hər bir qəzetin ərsəyə gəlməsində isə jurnalistlərin yorulmaz əməyini xüsusi qeyd etmək lazımdır.

Çıxışının davamında Xəzər hövzəsi ölkələri daxil olmaqla regionda müşahidə olunan ciddi proseslərdən danışan E.Əzizov Azərbaycanda mövcud olan sabitliyin, əmin-amanlığın, tərəqqinin başında Ulu Öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasətinin durduğunu bildirdi. Dünyada müşahidə olunan iqtisadi-siyasi böhranlar şəraitində, Azərbaycan iqtisadiyyatının stabil yüksək templərlə inkişafı və ölkədə əldə olunmuş əmin-amanlıq yalnız dahi intellektin məharətli idarəetmə bacarığı nəticəsində mümkün ola bilərdi. Bu gün Azərbaycanın hərtərəfli inkişaf etməsi və beynəlxalq aləmdə öz yerini tutması real bir gerçəklikdir. Müstəqil Azərbaycanda demokratiyanın güclü təməlləri – vicdan, söz, mətbuat və s. azadlıqlar mövcuddur. Müasir dövrdə mətbuatımız yeni və müasir şərtlər daxilində inkişaf edir və günbəgün yeni çalarlar qazanır. İnternet mediasının yaranması ilə mətbuatda şəffaflıq dərəcəsi xeyli artmış, senzura tamamilə ləğv olunmuşdur. Çıxışının sonunda RİH-nin başçısı vurğuladı ki, hazırda kütləvi informasiya vasitələri nümayəndələrinin qarşısında duran ən mühüm vəzifələr birmənalı olaraq Azərbaycanın bugünkü nailiyyətlərini, Prezident İlham Əliyevin böyük dövlət xadimi kimi yürütdüyü siyasəti, gördüyü işləri təbliğ etmək, Ulu Öndər Heydər Əliyevin irsini gənc nəsil tərəfindən araşdırılmasını təşviq etmək, ölkə iqtisadiyyatı, siyasəti və digər sahələr üzrə analitik materialları oxuculara çatdırmaqdan ibarətdir.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov səmimi formatda keçirilən görüş üçün təşkilatçılara təşəkkür etdi və jurnalistlərin cəmiyyətimizin çox dəyərli insanları olduğunu qeyd etdi. Milli mətbuat tariximizdə iki dahi şəxsiyyətin – Həsən bəy Zərdabi və Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan danışan millət vəkili bildirdi ki, XIX əsrdə qəzet nəşrinə başlayan H.Zərdabi həm vətənpərvərliyi, həm də dünyagörüşü ilə zəmanəsinin ən görkəmli ziyalılarından idi. O dövrdə qəzet nəşri üçün icazə almaq, senzuradan keçmək böyük qəhrəmanlıq və yüksək iradə tələb edirdi. Azərbaycanda hər zaman yüksək intellekti ilə seçilən qəzet redaktorları fəaliyyət göstərmişdir, bu da əslində xalqımızın təhsilə, elmə, mədəniyyətə, maariflənməyə yönəlik fitri istedadı ilə bağlı faktordur. Sovetlər dönəmində mətbuatda ikiqat senzura tətbiq olunurdu. Respublika tariximizdə ilk dəfə olaraq mətbuat senzurası 1998-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə ləğv edildi. Beləliklə, mübaliğəsiz deyə bilərik ki, Həsən bəy Zərdabi milli mətbunun banisidirsə, dahi Heydər Əliyev də milli azad mətbunun banisidir. Sevindirici haldır ki, nəhəng siyasətçinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev ölkəni bu gün ləyaqətlə, məharətlə idarə etməklə yanaşı, əsası Ulu Öndər tərəfindən qoyulmuş ənənələri, bir çox sahədə olduğu kimi mətbuat sahəsində də uğurla davam etdirir. Jurnalistika yeganə peşədir ki, 5 ildən bir bu sahənin yubileyi qeyd olunur, jurnalistlərimiz daima dövlətin xüsusi diqqətini və dəstəyini hiss edirlər, ölkədə obyektiv və ədalətli dövrü mətbuat mühiti formalaşdırılıb. Ölkə rəhbərimiz, onun həyata keçirdiyi düzgün və düşünülmüş siyasət bu gün hər birimizdə böyük fəxarət hissi yaradır. Cənab Prezidentin başlıca amalı dövlətə və xalqımızın milli mənafelərinə xidmət etməkdən ibarət. Biz, jurnalistlər də xalqa, dövlətə xidməti Həsən bəy Zərdabi, Ulu Öndər Heydər Əliyev, möhtərəm Prezidentimiz İlham Əliyev kimi görkəmli ictimai-siyasi xadimlərdən öyrənmişik, öyrənirik və bu istiqamətdə üzərimizə düşən məsuliyyət və vəzifələrimizin də fərqindəyik.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev “22 iyul – Milli Mətbuat Günü” münasibətilə jurnalistləri təbrik edərək, bu şərəfli peşə sahiblərinə möhkəm cansağlığı arzuladı, onlara qələmlərinin iti olmasını, yazılarında ədaləti unutmamağı və əsrlərlə formalaşdırılmış milli adət-ənənələrdən ayrılmamağı, hər dəfə qələmi ələ aldıqlarında Azərbaycan torpağının, millətinin, xalqının mənafeyini xatırlamağı tövsiyə etdi. Səbail rayonunda əlamətdar tarixlərin qeyd olunması ilə bağlı formalaşdırılmış gözəl ənənələrin yaşadılmasından duyduğu məmnunluq hissini dilə gətirən millət vəkili İcra Hakimiyyəti tərəfindən bugünkü görüşün təşkili üçün irəli sürülmüş təşəbbüsü partiya olaraq məmnuniyyətlə qəbul etdiklərini bildirdi və hakimiyyətin dördüncü qolu olan mətbuatın xalqı, milləti istənilən istiqamətdə yönəldə bilmə potensialından danışdı. Bildirildi ki, bununla əlaqədar olaraq, düzgün informasiyanın səmərəli şəkildə çatdırılması məsuliyyəti məhz jurnalistlərin üzərinə düşür. Ş.Hacıyev Azərbaycan milli mətbuatının yarandığı gündən etibarən hər dövr üçün aktuallığını qoruduğunu, dövrün mütərəqqi ideyalarının təbliğatçısı, həqiqət carçısı kimi çıxış etdiyini, cəmiyyətin fikrini formalaşdırdığını bildirərək vurğuladı ki, 141 il ərzində Azərbaycan mətbuatı şərəfli yol keçmişdir, bu yolda əldə olunan nailiyyətlərdə və qazanılmış tarixi zəfərlərdə mətbuat işçilərinin böyük rolu olmaqla yanaşı onların üzərinə ciddi məsuliyyət düşmüşdür.

Müstəqillik dövründə isə Azərbaycan mətbuatının ən böyük dəstəkçisi, Azərbaycanın ictimai-siyasi həyatının bütün istiqamətlər üzrə memarı, müasir Azərbaycanın qurucusu və banisi Ulu Öndər Heydər Əliyev olmuşdur. Bu, müzakirəyə heç bir ehtiyacı olmayan aksiomadır. Azərbaycanda sosial-iqtisadi siyasət, daxili və xarici siyasət sahəsində olduğu kimi mətbuat sahəsində də şərəfli varislik prinsipləri davam etdirilir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı azad mətbuatın inkişafına dair konsepsiya cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq, tam yeni rakursda davam etdirilir. Ölkəmizdə söz, vicdan, mətbuat azadlığı hüquqları üçün əsas çıxış nöqtəsi, platforması Konstitusiyamızın 50-ci maddəsidir. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul olunmuş, Mətbuat Şurası yaradılmışdır. Mətbuat işçilərinə göstərilən qayğının daha bir nümunəsi “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu”nun təsis edilməsidir. Fondun fəaliyyətə başlaması ilə bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yarandı.

Hazırda dünyada ziddiyyətli, proqnozlaşdırılması mümkün olmayan, istər siyasi, istər iqtisadi cəhətdən heç bir sağlam məntiqə sığmayan hadisələr baş verir. Bununla əlaqədar olaraq, bəzən dünyanın bir mərkəzdən və ya müxtəlif ölkə qrupları tərəfindən idarə olunması təəssüratı yaranır. Müstəqillik əldə etdikdən sonra uğurlu inkişaf yolu keçən Azərbaycan qeyd olunan mürəkkəb şəraitdə belə, müstəqil siyasətini yürütməyə davam edir. Mənafelərin tarazlaşdırılması əsasında qurulan bu siyasətin müəllifi olan ölkə rəhbərimizin yüksək intellekti sayəsində dünya siyasətində gedən prosesləri zərgər dəqiqliyi ilə müəyyənləşdirməsi və geo-siyasi, geo-iqtisadi balansları çox dəqiq müəyyən etməsinin nəticəsidir ki, Azərbaycan bu gün regionda faktor ölkəsidir. Məsələn, 18 trilyon ÜDM ilə bu göstəriciyə görə dünya lideri olan ABŞ dünya siyasətində “böyük ölkə” olaraq, ÜDM-si 60 mlrd. dollara çatmayan və əhalisinin sayına, ərazisinin böyüklüyünə görə dünyadakı payı cüzi rəqəmlərlə ifadə olunan Azərbaycan isə “kiçik ölkə” statusundadır. Adətən “böyük ölkə”lər siyasəti formalaşdırdığı halda, “kiçik ölkə”lər bu siyasətə uyğunlaşırlar. Azərbaycan isə bu gün öz müstəqil siyasətini yürüdür, beynəlxalq forumlarda Azərbaycan Respublikasının Prezidentinin fikirləri dinlənilir. Dünya iqtisadiyyatında iqtisadi böhranın müşahidə olunduğu şəraitdə Azərbaycan inkişafını davam etdirir, gömrük və digər sahələrdə işin təşkilində şəffaflıq dərəcəsi artır. Ötən altı ay ərzində gömrük sahəsində yığımlar 16% artmışdır ki, bu çox yüksək göstəricidir.

Yalnız müsbət tendensiyalardan danışmağımız o demək deyildir ki, cəmiyyətimizdə problemlər yoxdur. Problemlər həmişə var, lakin fərəhləndirici haldır ki, problemlərimiz mərhələli şəkildə həll olunur, 1990-cı illərdə, 2005-ci ildə, hətta 2010-cu ildə qarşılaşdığımız problemlərin heç biri bu gün yoxdur, demək ki, problemlərimiz mövcud olsa da həlli istiqamətində müvafiq işlər görülür.

Bu gün Azərbaycanda sözün ən geniş mənasında demokratiya var. Demokratiya yalnız azadlıq yox, eyni zamanda məsuliyyət də deməkdir. İdarə olunmayan demokratiya anarxiyaya, xaosa aparır. Bu gün “sabitlik, inkişaf adası” kimi tanınan Azərbaycanda yürüdülən cəsarətli siyasət haqqında daha çox yazılar yazmaq, bu uğurlu modeli beynəlxalq səviyyədə də daha geniş kütlələrə təbliğ etmək lazımdır. Aprel hadisələrində bütün cəmiyyətimizin tək yumruq kimi birləşməsi, iqtidar-xalq birliyinə ordunun da qoşulması Azərbaycanımızın, xalqımızın, ölkəmizin gələcəyinə daha nikbin baxmaq üçün güclü əsaslarımızın olduğunu göstərdi.

Ş.Hacıyev Azərbaycan milli jurnalistikasının yeni inkişaf mərhələsini yaşadığını qeyd edərək, ölkədə Prezidentinə, dövlətçiliyinə sadiq əsl peşəkarların yetişdiyini vurğuladı, cəmiyyəmizdə formalaşdırılmış iqtidar-xalq-ordu birliyinin qorunması və daha da möhkəmləndirilməsinə xidmət edən fəaliyyətlərində hər kəsə uğurlar arzu edərək çıxışına yekun vurdu.

Görüşdə çıxış edən jurnalistlər ölkədə KİV-lər və mətbuat işçilərinə yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.