Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi

25 iyul 2016-cı il tarixində Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi.

Müşavirədə Yeni Azərbaycan Partiyasının yarımillik fəaliyyətinin nəticələri müzakirə edildi, habelə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə “”Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı” ilə əlaqədar partiyanın qarşısında duran vəzifələr nəzərdən keçirildi.

Vurğulandı ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusyon təminatının daha da gücləndirilməsinə, demokratik təsisatlarının fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirməsi məqsədlərinə xidmət göstərir. Qeyd olundu ki, Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur.

Müşavirədə referendumun keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirildi. Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verildi.