YAP Səbail rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirildi

27 iyul 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirildi.

Yığıncaq sədri prof. Şəmsəddin Hacıyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2016-cı il tarixli sərəncamı, Konstitusiya Məhkəməsinin ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı müsbət rəy verməsi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli sərəncamı barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. YAP Mərkəzi Aparatı tərəfindən “Yeni Azərbaycan” təşəbbüs qrupunun yaradılmasından bəhs edən sədr bildirdi ki, YAP-ın rayon təşkilatlarında referendum üzrə ilkin təşəbbüs qruplarının yaradılması prosesinə artıq başlanılmışdır. Hər təşkilatda 50-70 nəfərdən ibarət təşəbbüs qruplarının yaradılması məqbul hesab olunmuş, Səbail və bir neçə digər böyük rayonlarda isə partiya üzvlərinin sayı və yerləşdikləri ərazi nəzərə alınaraq təşəbbüs qruplarında təmsil olunacaq nümayəndələrin kvotası bir qədər artırılmışdır. Qeyd olundu ki, bugünkü yığıncağın da məqsədi Səbail rayonu üzrə ilkin təşəbbüs qrupunun yaradılmasından və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün rayon üzrə nümayəndələrin müəyyən edilməsindən ibarətdir.

Konstitusiya – cəmiyyətin ictimai-siyasi həyatında baş verən bütün prosesləri – iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə yaranan münasibətləri tənzimləyən, dövlətin institusional sistemini və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasını, insan hüquqları və azadlıqlarını təmin edən ali qanunvericilik sənədidir. Konstitusiyanın qəbul olunmasının, ona hər hansı əlavə və dəyişikliklərin edilməsinin hər bir ölkənin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən hadisə olduğunu qeyd edən sədr Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması tarixindən ətraflı bəhs edərək bildirdi ki, Azərbaycanda 1918-ci ildə yaxın coğrafiyada ilk demokratik respublika qurulsa da, bu respublika cəmiyyətin demokratikləşməsi istiqamətində mühüm işlər görsə də, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyəti ölkənin Konstitusiyasını qəbul edə bilmədi. Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci ildə qəbul olunmuşdur. 1925-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası SSRİ-nin Konstitusiyasına uyğunlaşdırılaraq yeni redaksiyada qəbul edildi. Sədr xüsusilə vurğuladı ki, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul olunmuş yeni Konstitusiya, o dövr üçün çox mütərəqqi sənəd hesab olunmaqla yanaşı, Azərbaycanın müstəqilliyinin təmin olunması istiqamətində ciddi müddəaları əks etdirirdi. SSRİ kimi nəhəng bir imperiyanın tərkibində olan respublikada belə bir Konstitusiya qəbul etdirmək böyük tarixi hadisə idi və buna dahi siyasətçi Heydər Əliyev nail ola bilmişdi. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra totalitar bir rejimdən, avtaritar təsərrüfatçılıq sistemindən tamamilə yeni bir ictimai-siyasi sistemə keçən, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olduğu Azərbaycanda cəmiyyətin quruluşunun, idarəetmə sisteminin tamamilə dəyişməsi ilə əlaqədar yeni Konstitusiyanın qəbuluna ciddi ehtiyac yaranmışdı. Bu vəzifəni də yenə Ulu Öndər çox məharətlə və uzaqgörənliklə həyata keçirdi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyanın qəbulu tariximizin şərəfli səhifələrindən biri olmaqla, müasir Azərbaycanın inkişafında, Azərbaycan dövlətçiliyinin, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunmasında və ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında böyük rol oynayır.

Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə – 2002 və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən dəyişikliklər və əlavələr edilib. Lakin son 7 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında nəzərəçarpan dəyişikliklər baş verib, cəmiyyətin demokratikləşməsi və liberallaşdırılması, söz azadlığı, vicdan azadlığı və s. sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olunub, multikulturalizm ideyaları artıq bizim həyat tərzimizə çevrilib. Bu gün Azərbaycan yeni bir inkişaf dövrünə qədəm qoymuşdur, ölkədə post-sənaye cəmiyyəti, bilik cəmiyyəti, biliklərə əsaslanan iqtisadiyyat formalaşır. Bir sözlə, Azərbaycanda yeni müasir cəmiyyət tipi formalaşır. Böyük fərəh hissi ilə qeyd edə bilərik ki, ölkəmiz ötən 7 il ərzində bəlkə də 15 ilə sığmayacaq uğurlar, nailiyyətlər əldə edib. Bu müddətdə Azərbaycan bir çox beynəlxalq konvensiyalara, müqavilələrə imza atıb, öz üzərinə müəyyən öhdəliklər götürüb. Azərbaycan müstəqil siyasət aparır, öz yolu ilə gedir, bizim yolumuz Heydər Əliyev yoludur, bu yol bizi uğurlara və tərəqqiyə aparır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşımıza daha böyük hədəflər və vəzifələr qoymuşdur. Azərbaycanın iqtisadi inkişaf modeli bu gün ölkə rəhbərimiz tərəfindən aparılan düşünülmüş siyasət nəticəsində yeni dövrün tələblərinə çox məharətlə uyğunlaşdırılır, ölkədə vətəndaş cəmiyyəti yeni demokratikləşmə standartları əsasında inkişaf edir. Bütün bu proseslərin isə özünəməxsus inkişaf qanunauyğunluqları vardır. Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə ölkənin əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zəruriyyətdən irəli gəlir.

Hazırda ümumxalq müzakirəsinə təqdim olunan referendum aktının 29 maddəsinə 39 düzəliş və əlavələr ediləcəyi barədə danışan sədr qeyd etdi ki, bu qanun layihəsi mühüm əhəmiyyət kəsb edir və cəmiyyətdə də ciddi müzakirələrə səbəb olacaqdır. Yeni Azərbaycan Partiyasının təəssübkeşləri olaraq, bizlər partiyamızın liderinin referendumun keçirilməsi haqqında sərəncamını dəstəkləməklə yanaşı, dəyişiklik edilən hər bir müddəanı elmi cəhətdən əsaslandırmalı, seçicilərə, Azərbaycan vətəndaşlarına bu dəyişikliklər və əlavələr barədə düzgün, obyektiv məlumatlar çatdırmalı, izahlar verməliyik. Bununla əlaqədar qeyd edə bilərik ki, bu vəzifələrin rayonumuzda həyata keçirilməsi istiqamətində ən böyük məsuliyyət bu gün yaradacağımız təşəbbüs qrupunun hər bir üzvünün üzərinə düşür.

Çıxışının davamında referenduma çıxarılan Konstitusiya Aktına təklif olunan dəyişiklik və əlavələri ətraflı şərh edən sədr bu müddəalarla bağlı dünya ölkələrinin təcrübəsindən də nümunələr gətirdi və refendum aktının müasir dövr üçün labüdlüyünü bir daha xüsusi vurğuladı.

Sonda Konstitusiya dəyişikliklərinin mahiyyətində, özəyində dayanan əsas məqsədin bugünkü Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi və iqtisadi sabitliyi qoruyub saxlamaq, dövlətçiliyin təhlükəsizliyini, vətəndaşların hüquq və azadlıqlarını təmin etmək, ərazi bütövlüyümüzü bərpa etmək, xalq-iqtidar birliyini daha da möhkəmləndirmək, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək olduğunu qeyd edən Ş.Hacıyev əmin olduğunu bildirdi ki, “Yeni Azərbaycan” təşəbbüs qrupu öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirəcəkdir. Sədr hər kəsi referendumda fəal iştirak etməyə çağıraraq, bu işdə hamıya uğurlar arzuladı.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının Rayon Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirdi ki, Azərbaycan, cəmiyyətimiz, iqtisadiyyatımız bu gün çox sürətlə inkişaf edir, bu da zamanın tələbinə uyğun olaraq qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zəruri edir. Referendum aktında müzakirəyə çıxarılan 29 maddənin hər birinə ehtiyac vardır. Səbail rayon partiya təşkilatı hər zaman belə məsələrdə ilk təşəbbüskarlardan olmuşdur. Bugünkü yığıncağımızla biz möhtərəm Prezidentimizin sərəncamına dəstəyimizi ifadə edirik. Artıq təbliğat-təşviqat üçün tədbirlər planımızı hazırlamağa başlamışıq. Planlaşdırmışıq ki, məhəllələrdə seçicilərlə görüşlər keçirək, təklif edilən bu qanunvericilik aktını vətəndaşlarımıza, seçicilərimizə aşılayaq. Qeyd olunan bütün məsələlər üzrə məsuliyyət və başlıca vəzifələr isə referendumla bağlı bu gün yaradacağımız ilkin təşəbbüs qrupumuzun üzvlərinin üzərinə düşür. Əminəm ki, hər birimiz vəzifələrimizin öhdəsindən layiqincə gələcəyik.

YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü, “Səs” qazetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirdi ki, siyasi partiyanın fəaliyyəti onun seçkilərdə qələbələri ilə ölçülür. Partiyamız hər zaman ümumxalq səsvermələrindən, siyasi mübarizələrdən qələbələrlə ayrılmışdır. Hər bir vətəndaşın hüquqlarını modern dünyaya uyğunlaşdırmaq məqsədilə qanunvericiliyə daim əlavə və dəyişikliklərin edilməsi tələb olunur. Müasir inkişaf mərhələsində Azərbaycan üçün hərbi təhlükəsizlik, siyasi sistemin daha da təkmilləşdirilməsi məsələləri vacib məqamlardır. İnanıram ki, bu referendum da seçicilərimiz, xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanacaqdır. Təklif olunan bütün dəyişikliklər vətəndaş cəmiyyətinin formalaşması prosesinə öz töhfəsini verəcəkdir, eyni zamanda qanunun daha da aliləşməsinə xidmət edəcəkdir. Prezidentlik institutunun təkmilləşdirilməsi çox vacibdir. Bu modernləşmədir, dünyaya əlavə inteqrasiya etməkdir. Bu referendumda da partiyamızın gücünü göstərəcəyik, partiya sədrinin təklif etdiyi bu aktı dəstəkləmək üçün əhali arasında geniş təbliğat və maarifləndirmə apararaq, bu seçkilərdən də şərəflə çıxacağıq.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının ərazi təşkilat sədri, Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulov qeyd etdi ki, Azərbaycan gəncliyi Ulu Öndərin ideyalarına sadiqdir və dövlətin gənclərə yönəlik siyasəti bu gün hər bir Azərbaycan gəncinin qəlbində fəxarət hissi yaradır. Təbliğat işində gənclərin üzərinə xüsusilə böyük məsuliyyət düşür. Biz bu gün informasiya müharibəsi şəraitində yaşayırıq, bu səbəblə də təmsil olunduğumuz təşkilatlarda artıq hazırlıq prosesinə başlanılan bu referendumun mahiyyəti, dövlətimiz, dövlətçiliyimizə nə kimi faydası olacağına dair fəal təbliğat aparacaq, bu missiyanı şərəflə, ləyaqətlə həyata keçirəcəyik. Əminik ki, “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq.

Müzakirələrdən sonra referendumla bağlı Səbail rayonu üzrə 84 nəfərlik ilkin təşəbbüs qrupu yaradıldı və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün 8 nəfər nümayəndə müəyyənləşdirildi.

Tədbirin videoyazısı
SəsTV