YAP Səbail rayon təşkilatında YAP GB-nin “Mən cəmiyyət arasında” adlı layihəsi çərçivəsində növbəti tədbir keçirildi

30 avqust 2016-cı il tarixində YAP Səbail rayon təşkilatında “Mən cəmiyyət arasında” adlı layihənin növbəti təlimi baş tutdu. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə reallaşır.

Layihə rəhbəri Fərid Nəsibov açılış zamanı layihə haqqında geniş məlumat verərək bildirdi ki: “Biz müasir dünyada sürətlə inkişaf edirik və bir çox ölkələrin maraq dairəsindəyik. Ölkəmizə turist axını var. Bunun üçün biz cəmiyyətimizdə xoşagəlməz hadisələrin, qanun pozuntularının qarşını almalıyıq. Cəmiyyətimizin olduqca mədəni və sivil cəmiyyət olduğunu hər kəsə göstərməliyik. Özümüzdə vətəndaşlıq hissini daha da yüksəltməliyik.”

Daha sonra isə gənc təlimçi YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Səməd Rzazadə cəmiyyətdə davranış, etik qaydalara əməl olunması, həmçinin üzləşdiyimiz problemlərin necə və hansı yollarla çözülməsi barədə iştirakçılara məlumat verdi.

İştirakçılar təlim zamanı müzakirələr aparmaqla yanaşı, ötən təlimdə verilmiş praktiki tapşırıqların icrası zamanı üzləşdikləri çətinliklər, problemlər barədə öz fikir və təəssüratlarını bölüşdülər. İki saatdan artıq davam edən təlimdə verilmiş praktiki tapşırıqların yoxlanılması zamanı ən çox rast gəlinən problemlərin ictimai nəqliyyatda, həmçinin bəzi piyadaların, eləcə də sürücülərin qeyri-etik davranışı, ictimai yerlərdə daha çox gənclər tərəfindən yol verilmiş qanun pozuntularından ibarət olduğu bildirildi.