Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Səbail rayon seçicilərilə görüş keçirildi

06 sentyabr 2016-cı il tarixində Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsində sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar rayon seçiciləri ilə görüş keçirildi. Partiya fəallarının, ziyalıların, veteranların, gənclərin və rayon ictimaiyyəti nümayəndələrinin yüksək əhval-ruhiyyə ilə iştirak etdiyi görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev yığıncaq iştirakçılarını salamlayaraq, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsul təşviqat kampaniyasının başlanması münasibətilə hər kəsi təbrik etdi.

“Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin 03 sentyabr tarixindən etibarən referendumla bağlı təşviqat kampaniyasına böyük ruh yüksəkliyi ilə başladığını qeyd edən sədr vurğuladı ki, bugünkü görüşün əsas məqsədi ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələri müzakirə etmək, onların mahiyyətini dünya təcrübəsinə uyğun olaraq izah etmək və seçicilərimizin seçki məntəqələrinə bu dəyişiklik və əlavələr haqqında tam formalaşmış fikirlərlə getməsini təmin etməkdən ibarətdir.

Çıxışının davamında ali qanunvericilik sənədi olan Konstitusiyanın qəbul olunması kimi, ona dəyişikliklərin edilməsinin də böyük tarixi hadisə olduğunu qeyd edən sədr təklif olunan bütün dəyişikliklər ictimaiyyət nümayəndələri tərəfindən razılıqla qarşılandığını və bu dəyişikliklərin ümumxalq səsverməsində də təsdiq olunacağına heç bir şübhə olmadığını da vurğuladı.

Məruzəsində Konstitusiyamızın qəbul olunması tarixini görüş iştirakçılarının diqqətinə çatdıran Ş.Hacıyev bildirdi ki, 1991-ci ildə müstəqillik əldə olunmasından sonra 1993-cü ilədək iki dəfə Azərbaycan Konstitusiyasının qəbul olunmasına cəhd olunsa da, nə A.Mütəllibov dövründə, nə də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bu əsas qanun sənədi hazırlana bilmədi, çünki, ümumxalq mənafeyini qoruyan Konstitusiyanın yazılması üçün müvafiq təcrübə, savad tələb olunurdu. Bu vəzifəni də yenə Ulu Öndər böyük məharətlə və uzaqgörənliklə həyata keçirdi. 1995-ci ildə müstəqil Azərbaycanın hazırda da qüvvədə olan Konstitusiyası qəbul olundu. Qəbulunu böyük tarixi hadisə kimi hər ilin noyabrın 12-də böyük təntənə ilə qeyd etdiyimiz bu ali sənəd ötən dövr ərzində Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini vermişdir.

Müstəqillik əldə olunması ilə inkişafının yeni dövrünə qədəm qoyan Azərbaycanın sosial-iqtisadi inkişafına uyğun olaraq, 2002-ci ildə və 2009-cu ildə Konstitusiyamıza müvafiq dəyişikliklər olundu. Hazırda səsverməyə çıxarılan dəyişikliklər müvafiq obyektiv siyasi-iqtisadi səbəblərdən irəli gəlir. 2003-cü ildən etibarən yeni inkişaf dövrünə qədəm qoyan Azərbaycanın qüdrəti, beynəlxalq nüfuzu günü-gündən artır. 2009-cu ildən etibarən Azərbaycan sənaye dövrünü geridə qoymuş, post-industrial, post-neft dövrünə dövrünə qədəm qoymuş, ölkəmiz yeni cəmiyyət tipinə – bilik cəmiyyəti dövrünə keçmişdir. Azərbaycan gələcəyinə nikbin baxır, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşımıza daha böyük hədəflər və vəzifələr qoyulmuşdur. Bu vəzifələrin həyata keçirilməsi Konstitusiyamıza müvafiq dəyişikliklərin edilməsini obyektiv zəruriyyətə çevirir. Ölkə rəhbəri çox müstəqil siyasət həyata keçirir, dövlət müstəqilliyimiz bizim ən müqəddəs dəyərimizdir, biz müstəqilliyimizi qorumalıyıq və qoruyuruq. Bizi tərəqqiyə aparan yol Heydər Əliyev yoludur, biz Heydər Əliyev siyasətini davam etdiririk, dövrün tələblərinə uyğun olaraq inkişaf konsepsiyasına müvafiq korrektələr edirik. Bununla əlaqədar olaraq, Konstitusiyamıza artıq iki dəfə dəyişikliklər edilmişdir.

Hazırda Konstitusiyamıza təklif olunan dəyişiklik və əlavələri 4 qrupa bölərək sistemli şəkildə izah edə bilərik:

I qrup dəyişikliklərə insan haqları, hüquqları və azadlıqlarının möhkəmləndirilməsi ilə əlaqədar təklif olunan əlavə və dəyişikliklər aiddir. Bu dəyişikliklərin əsasında duran əsas fikir cəmiyyətdə bütün insanların bərabər hüquqlara malik olmasıdır. Təklif olunan dəyişiklik və əlavələr hər kəsin hüquqlarının qorunması, sağlamlığı məhdud insanların da cəmiyyətdə eyni hüquqlara malik olması, sərbəst toplaşma hüquqlarının qorunması ilə yanaşı ictimai asayişi pozan bütün halların qarşısının alınması ilə bağlıdır.

Kollektiv əmək mübahisələri ilə əlaqədar ortaya çıxan müəssisənin lokaut hüququnun (müəssisənin fəaliyyətini dayandırmaq hüququ) məhdudlaşdırılması ilə əlaqədar təklif olunan dəyişiklik də əslində elə insan hüquqlarının qorunmasına xidmət edir.

Bu qrup dəyişikliklərə seçilmə hüququnda yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı müddəalar da daxildir. Hazırda qanunvericiliyimizdə Prezident seçilmək üçün 35, Baş Nazir, hakim seçilmək üçün 30, deputat seçilmək üçün 25 yaş minimumu təyin olunmuşdur. Seçmək hüququ 18 yaşdan başlayır, bu da 01 yanvar 2016-cı il tarixinə olan statistikaya əsasən 5 milyon 100 min seçici deməkdir. Bu seçicilərdən 3.1 milyon nəfər isə 18-30 yaş arası gənclər qrupuna daxil olan seçicilərimizdir. Beləliklə, təklif olunan əlavə və dəyişikliklər nəticəsində bu zamana qədər seçilmək hüququ olmayan 3.1 milyon gəncimiz dövlət idarəçiliyinin bütün səviyyələrində iştirak edə biləcəklər. Yaş senzinin aradan qaldırılması ilə əslində hər kəs seçmək-seçilmək hüququ əldə edir, bu da cəmiyyətdə demokratik hüququn təmin olunması deməkdir.

II qrup dəyişiklərə dövlət hakimiyyəti institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, xüsusilə Milli Məclisin fəaliyyəti ilə bağlı təklif olunan əlavə və dəyişikliklər daxildir. Bu zamana qədər deputatın geri çağırılması, ölkə Prezidentinin Parlamenti buraxması hüququ yox idi. Minimum 50-60 minlik seçici kütləsini, bir rayonu təmsil edən millət vəkilinin ümumxalq mənafeyinə xidmət etməyən çağırışlar etməsi kimi yolverilməz fəaliyyəti və ya qeyri-əxlaqi hərəkətləri qeydə alındıqda onun deputatlıq səlahiyyətlərinin geri çağırılması ilə əlaqədar dəyişikliklər, və ya ölkə rəhbəri tərəfindən təsdiq olunmuş leqitim hakimiyyətə 2 dəfə etinasızlıq göstərən Milli Məclisin buraxılması hüququnun Prezidentə verilməsi ilə əlaqədar təklif olunan əlavələr cəmiyyətimizdə demokratik hüquqların qorunmasına xidmət edəcək, Milli Məclisin, deputatların məsuliyyətini artıracaq və qanunvericiliyimizin beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradacaqdır.

Növbəti qrup dəyişikliklərə Prezidentin seçilmə müddətinin 7 ilə qədər artırılması və yeni vitse-prezidentlər institutunun formalaşdırılması ilə bağlı təklif olunan əlavələr daxildir. Azərbaycan böyüdükcə, inkişaf etdikcə idarəçilik sistemi mürəkkəbləşir. Dəyişiklik və əlavələr təklif olunan bu maddələr qrupu da cəmiyyət idarəçiliyinin daha da təkmilləşdirilməsi, demokratikləşməsi və liberallaşdırılması üçün atılan addımlardır.

Mülkiyyət hüququnu məhdudlaşdıran maddələrə təklif olunan dəyişiklik və əlavələr mülkiyyət hüququnun bəzi məsələlərini tənzim edərək torpaq mülkiyyətinə yeniliklər gətirəcəkdir. Bu məsələdə çox vaxt “tənzimlənmə” sözündən qorxurlar, lakin U.Çörçill də deyirdi ki, “Ən çox tənzimlənməyə ehtiyacı olan elə demokratiyadır.” Tənzimlənməyən demokratiya anarxiya, xaos yaradır. Bazar iqtisadiyyatının özü də tənzimlənir. Məsələn, biz Azərbaycanda sosial yönümlü bazar iqtisadiyyatı yaradaraq iqtisadiyyatımızın liberallaşdırılması və dövlət müdaxiləsi arasında zəruri balansı təmin edə bilmişik. Azərbaycanın iqtisadi modeli adlanan bu model günün tələblərinə uyğun olaraq mütəmadi korreksiya olunur. Bu baxımdan torpaq mülkiyyətində yeni tənzimlənmələrin gətirilməsi də günümüzün zəruriyyətinə çevrilmişdir. Məlum olduğu kimi, qeyri-neft sektorumuzun prioritet istiqaməti kənd təsərrüfatının inkişafıdır. Bu inkişaf isə bilavasitə torpaqlardan səmərəli istifadədən asılıdır. Qanunvericilikdə ediləcək bu dəyişikliklər ilə 90-cı illərin əvvəllərində özəlləşdirilmiş, hasarlanmış və istifadə olunmayan torpaqlarla bağlı yeni qərarlar alınacaq, o torpaqlardan xalqın ümumi mənafelərinə uyğun olaraq daha da səmərəli istifadə olunacaqdır. Bununla bağlı olaraq təklif olunan yeni əlavələrdən biri də sahibkarların sosial məsuliyyətinin artırılması ilə əlaqədardır ki, beləliklə iqtisadiyyatımızda yeni iş yerlərinin açılması, istehsalımızın artırılması, idxaldan asıllığımızın azaldılması, baramaçılıq, üzümçülük, pambıqçılıq kimi unudulmuş sahələrin yenidən dirçəlməsi üçün şərait yaranacaq, ölkəyə valyuta axını təmin olunacaqdır.

Çıxışının sonunda Konstitusiyaya təklif olunan bu mütərəqqi dəyişikliklərin Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Ş.Hacıyev bu dəyişikliklərin mahiyyətində, özəyində dayanan əsas məqsədin Konstitusiyamızı zənginləşdirmək, dövlətçilik sisteminin əsaslarını möhkəmləndirmək, güclü qanunvericilik bazasını yaratmaq və bugünkü Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi və iqtisadi sabitliyi qoruyub saxlamaq olduğunu qeyd etdi. Sonda hər kəsi referendumda fəal iştirak etməyə çağıran sədr bu işdə hamıya uğurlar arzuladı.

“Həmrəy olaq, hə deyək!” devizi ilə keçirilən görüşdə çıxış edən seçicilər də Referenduma təklif olunan dəyişiklik və əlavələrlə tanış olduqlarını və bu dəyişiklikləri dəstəklədiklərini bildirərək, seçki prosesində aktiv iştirak edəcəklərini qeyd etdilər.

Tədbirin videoyazısı