Referendumla bağlı Səbail rayonunun qadın seçicilərilə görüş keçirildi

08 sentyabr 2016-cı il tarixində Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsində qadın seçicilərlə görüş keçirildi. YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının və İdarə Heyətinin üzvlərinin, rayon sakinlərinin, ictimaiyyət nümayəndələrinin, rayonun fəal qadınlarının iştirak etdiyi yığıncağı açıq elan edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn referendumla əlaqədar Səbail rayon seçki qərargahında aparılan hazırlıq işləri, keçirilən görüşlər və təşviqat kampaniyası çərçivəsində gələcək həftələrdə nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə məlumat verdi.

Çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova hazırda qüvvədə olan Konstitusiyamıza 2009-cu ildə edilən son dəyişikliklərdən sonra ötən dövr ərzində Azərbaycanın geo-iqtisadi mövqeyində müşahidə olunan irəliləyişlərdən danışaraq, qeyd etdi ki, dövlətimiz beynəlxalq aləmdə artıq söz sahibinə çevrilib, ölkədə xalqın rifahına xidmət edən düşünülmüş siyasət yürüdülür, qəbul olunan bütün siyasi-iqtisadi-sosial qərarların bir məqsədi vardır, bu da Azərbaycanın milli və iqtisadi təhlükəsizliyini təmin etməkdən ibarətdir. Cəmiyyət həyatının bundan sonrakı tərəqqisi üçün də qanunvericiliyə müvafiq düzəlişlər edilməlidir. Çıxışının davamında “Yeni Azərbaycan” təşviqat qrupunun referenduma getdiyi “Həmrəy olaq, hə deyək” devizini şərh edən T.Kərimova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda həmrəylik institutunun banisi olduğunu bildirərək, vurğuladı ki, Azərbaycandakı həmrəylik Ümummilli Liderimiz tərəfindən formalaşdırılan və Azərbaycançılıq ideologiyasını ifadə edən “İqtidar-xalq birliyi”dir, xalqımızın Prezidentimizə olan sevgisidir, etibarıdır, Azərbaycandakı həmrəylik bu gün ölkəmizin dünyaya ixrac etdiyi multikultural dəyərlərimizdir. “Həmrəy olaq, hə deyək” devizi də bu baxımdan çox uğurlu bir siyasi tapıntıdır, uğurla seçilmiş bir şüardır.

Daha sonra Konstitusiyamıza təklif olunan dəyişiklikləri sosial kontekstdə təhlil edən T.Kərimova diqqətə çatdırdı ki, istənilən cəmiyyətin ən böyük inkişaf meyarı qadınların cəmiyyətdə necə yaşamasıdır. Bu baxımdan, dövlətimizdə yürüdülən qadın siyasəti, Azərbaycan qadının bu gün cəmiyyətin bütün ictimai-siyasi sahələrində təmsil olunması, qadınlarımızın bütün işlərdə uğurlu fəaliyyəti cəmiyyətimizdə ailə institutunun necə möhkəm təməllər üzərində qurulmasından xəbər verir. Azərbaycan qadın hərəkatının aparıcı qüvvəsi olan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərini yüksək qiymətləndirən T.Kərimova bütün Azərbaycan xanımlarının ondan nümunə götürdüyünü və Avropa dəyərlərinə sahib Şərq qadını kimi formalaşdıqlarını xüsusi vurğuladı.

Sonda YAP-ın bu referenduma 700 minlik böyük bir elektoratla getdiyindən və xalqın iradəsinin ifadə olunmasında bu qüvvənin rolundan danışan T.Kərimova seçki öncəsi dövrü böyük siyasi ayıqlıqla başa vuracaqlarından və ümümxalq səsverməsində növbəti dəfə parlaq qələbə qazanacaqlarından əminliyini ifadə etdi və hər kəsə uğurlar arzuladı.

Çıxış edən YAP Səbail rayon təşkilatının Rayon Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova referendumun çox məsuliyyətli iş olduğunu, bununla bağlı “Yeni Azərbaycan” təşviqat qrupunun maarifləndirmə işini çox gözəl təşkil etdiyini və “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin bu prosesdə fəal iştirakını xüsusi qeyd etdi. Azərbaycan xalqı üçün bu qədər böyük əhəmiyyət kəsb edən taleyüklü məsələdə Səbail rayon ictimaiyyəti birincilərdən olaraq, Azərbaycan Respublikasının Prezidentinə dəstəyini ifadə etmiş, rayonda referendumla bağlı ilkin təşəbbüs qrupu yaradılmış və sonrakı mərhələlərdə də ardıcıl işlər aparılmışdır, aparılmaqda da davam edir. Qadının ailə ideologiyasını təmin edən böyük bir qüvvə olduğu vurğulayan S.Qəhrəmanova ölkədə yürüdülən güclü qadın siyasətindən, YAP sıralarında qadınların fəallığından, bu gün qadınlarımızın həm vətəndaş, həm partiya üzvü, həm də hər şeydən öncə ailəsini düşünən fədəkar analar olaraq çiyinlərinə götürdükləri böyük məsuliyyətdən bəhs etdi. Həm deputat qadınlarımızın, həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının ən çox seçici qadınlarla işləməli olduğunu vurğulayan sədr müavini bu istiqamətdə xüsusilə kəndlərimizdə, qəsəbələrimizdə aktiv təbliğatın aparılmasının, kənd camaatının, qadınlarımızın seçkilərdə iştirakının təmin olunmasının əhəmiyyətindən danışdı. Azərbaycanda aparılan işlər, əldə olunan sosial-iqtisadi uğurlardan bəhs edən S.Qəhrəmanova dövlətimizin dünyada tanınması istiqamətində Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edərək, qadınlarımızı iş yerlərində, ictimai-siyasi fəalliyyətdə daha fəal olmağa səslədi, seçki günü hər kəsi həmrəylik nümayiş etdirməyə və dəyişikliklərə müsbət rəy verməyə çağırdı.

239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək, referendumun yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə etdi və bildirdi ki, Səbail rayonun bütün məktəblərinin müəllim kollektivləri dövlət başçısının siyasətini dəstəkləyir, referendum öncəsi aparılan maarifləndirmə və təşviqat işində fəal iştirak edirlər və referendumun uğurla keçirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.

Tədbirin davamında çıxış edən Şəmsəddin Hacıyev hazırda Səbail rayonunda 44 min seçicinin qeydə alındığını, bunlardan 21 min seçicinin qadın olduğunu qeyd etdi və bildirdi ki, Azərbaycan qadınları bu gün cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrində çox fəaldırlar, say etibarilə də ciddi elektorat təşkil edirlər. Sədr ölkədə son illər aparılan ciddi sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanda artıq yeni cəmiyyət tipinə keçidin başlanmasından, yeni iqtisadi dəyərlərin yaranmasından, strateji inkişaf konsepsiyasında qarşımıza yeni minilliyin çağırışlarına uyğun olaraq yeni hədəflərin qoyulmasından danışaraq bildirdi ki, bütün bu tərəqqi göstəriciləri ölkənin ana qanununda müvafiq dəyişikliklər edilməsinə şərait yaradır. Konstitusiyaya vaxtlı-vaxtında müvafiq düzəlişlərin edilməsi inkişafın zəruri şərti olmaqla yanaşı, daim inkişaf edən həyatın bir tələbidir.

Azərbaycan kiçik dövlət olmasına baxmayaraq dünyada sayılıb-seçilən ölkələrdəndir, biz bu gün Avropanın enerji təhlükəsizliyi siyasətində böyük rol oynayırıq, ötən dövr ərzində ölkəmiz dünya birliyinə güclü və intensiv şəkildə inteqrasiya edib. Azərbaycan hazırda müharibələrin getdiyi, böyük siyasi oyunların oynandığı təhlükəli regiona coğrafi baxımından çox yaxındır. Bu səbəblə də, dövlətçiliyimizin təhlükəsizliyinin qorunması, iqtisadi artımın iqtisadi-sosial bazislərinin möhkəmlənməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi vacibdir. Konstitusiyamıza təklif olunan dəyişikliklər də məhz bu məqsədləri özündə ehtiva edir. Bizlər, YAP-ın funksionerləri olaraq, bu məsələlərdə ən məsul vəzifənin bizim üzərimizə düşdüyünü bilirik. Bizlər seçki öncəsi siyasi kampaniya çərçivəsində daha çox seçici ilə görüşməli, təklif olunan dəyişikliklər barədə daha çox izahatlar verməliyik ki, xalqımız həmişəki kimi, seçkilərdə fəal iştirak edərək, dəyişikliklərə müsbət rəy versin. Təklif olunan dəyişikliklər bizim iqtisadi-siyasi sabitliyimizin qarantıdır, biz də müstəqilliyimizin daha da möhkəmlənməsinə və firavan gələcəyimizə səs verməliyik.

Çıxışının davamında dəyişiklik və əlavələr təklif olunan Konstitusiya maddələrini ətraflı şərh edən millət vəkili qeyd etdi ki, insan hüquqları, yaş senzinin aradan qaldırılması, Milli Məclisin deputatlarının buraxılması hüququ, vitse-prezidentlik institutunun yaradılması, mülkiyyət məsələləri ilə bağlı təklif olunan qanun maddələrinin hər biri Azərbaycanın gələcək inkişafına təkan verəcəkdir.

Son olaraq, Azərbaycanın gələcəkdə daha da güclənməsinə xidmət edən fəaliyyətlərində hər kəsə uğurlar arzulayan Ş.Hacıyev qadın seçicilərini siyasi kampaniyada daha da fəal olmağa səslədi.