Səbail rayon ictimaiyyəti Referendum Aktı layihəsini dəstəkləyir

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumla əlaqədar 08 sentyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində görüş keçirildi.

“Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyevin, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın və “Xalçaçılar” ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsulovun iştirak etdiyi görüşdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Ulu Öndərin həyatını, zəngin dövlətçilik fəaliyyətini əks etdirən videofilm nümayiş olundu.

Muzey rəhbərliyini və kollektivini səmimi qəlbdən salamlayan Şəmsəddin Hacıyev Azərbaycan Xalça Muzeyində təşkil olunmuş bu görüşdə iştirak etdiyinə görə böyük məmnunluq hissi keçirtdiyini ifadə etdi. Tədbirdə ilk əvvəl müasir Azərbaycanın qurucusu Ulu Öndərə həsr olunmuş videofilmin nümayiş olunmasını yüksək qiymətləndirən sədr xüsusi vurğuladı ki, taleyüklü, ən çətin məqamlarda həmişə Azərbaycan xalqının yanında olan görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin adı “Azərbaycan xalqının xilaskarı” kimi tariximizə əbədi həkk olunmuşdur, onunla eyni dövrdə yaşayan, onun silahdaşı olan hər kəs Ulu Öndərimizi böyük fəxr hissi ilə xatırlayır və fərəhləndirici haldır ki, gənc nəslimiz də onun əbədiyaşar ideyaları ruhunda böyüyür və Vətəninə, dövlətinə sadiq gənclər kimi formalaşırlar.

Hərfi və məcazi mənada bütün Azərbaycanın təsvir olunduğu, ölkəmizin keçmişi və bu gününün böyük məharətlə əks olunduğu sənət əsərlərinin, sözün əsl mənasında şedevrlərin toplandığı Azərbaycan Xalça Muzeyində təşkil olunmuş bugünkü görüşdən xoş təəssüratlarla ayrılacağını diqqətə çatdıran millət vəkili Azərbaycan mədəniyyətinin təbliği, ölkəmizə gələn turistlər və qonaqlarda Azərbaycan haqqında, onun tarixi və zəngin mədəniyyəti haqqında düzgün təəssüratın yaranması baxımından muzey işçilərinin üzərinə düşən böyük məsuliyyətdən danışaraq, yüksək diqqət tələb olunan işlərində muzeyin gənc kollektivinə uğurlar arzuladı. Sədr hazırda muzeydə 150 nəfər əməkdaşın çalışdığını, partiya sıralarında isə yalnız 11 üzvün olması faktına toxundu. “Xalçaçılar” ərazi ilk partiya təşkilatının 2016-cı ildə təsis olunduğunu diqqətə çatdıran Ş.Hacıyev əminliyini ifadə etdi ki, bu gənc təşkilatda partiya fəaliyyənin artırılması istiqamətində işlər aparılacaq və partiya sıralarına cəlb olunma çox tez bir zamanda xeyli artacaqdır.

Yeni Azərbaycan Partiyasının (YAP) hazırda üzvlərinin sayının 700 minə yaxınlaşması, YAP-ın ölkəmizin, regionun, eləcə də yaxın coğrafiyanın ən güclü və nüfuzlu partiya təşkilatı olması, ölkəmizdə mövcud olan 5 milyondan çox seçicinin 700 mininin YAP sıralarında cəmləşərək böyük bir qüvvə təşkil etməsi barədə danışan Ş.Hacıyev bildirdi ki, partiyamızın üstünlüyü yalnız say statistikasına görə deyil, eyni zamanda keyfiyyət göstəricilərinə görə də müəyyən olunur. Hazırda YAP sıralarında Azərbaycan cəmiyyətinin ən savadlı, ziyalı təbəqəsi cəmləşmişdir, partiya hər ötən il keyfiyyətcə daha da zənginləşir və yenilənir. Bu baxımdan da, Azərbaycanın gələcəyinin YAP-la bağlı olduğunu vurğulayan sədr, hər kəsi partiya sıralarına qəbul olunmağa və partiya üzvü olaraq ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak etməyə, cəmiyyətə təsirli şəkildə nüfuz etməyə dəvət etdi.

Ş.Hacıyev Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı sentyabrın ayının 26-sına təyin olunmuş ümumxalq səsverməsi (referendum) barədə ətraflı danışaraq, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunma tarixi, Sovet dönəmində 1921-ci il, 1927-ci il və 1937-ci illərdə qəbul olunmuş Azərbaycan Konstitusiyaları, Sovet imperiyası tərkibində formal müstəqil olan Azərbaycan SSR-nin Heydər Əliyevin şəxsi nüfuzu və cəsarətli siyasəti nəticəsində 1978-ci ildə qəbul olunmuş Konstitusiya barədə görüş iştirakçılarına ətraflı məlumat verdi. Ulu Öndərin 1978-ci il Konstitusiyasının qəbulunda misilsiz xidmətlərini vurğulan sədr bildirdi ki, məhz bu dahi siyasətçinin uzaqgörənliyi sayəsində SSRİ tərkibində olan bir ölkənin Konstitusiyasında aşağıdakı üç mütərəqqi məqam öz əksini tapmışdı: 1) Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq edildi; 2) ilk dəfə olaraq bu Konstitusiyada Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında məlumatlar ayrıca bölmədə deyil, inzibati idarə orqanları bölməsində qeyd edildi; və 3) Konstitusiyaya ediləcək dəyişikliklərin məhz referendum, ümumxalq səsverməsi yolu ilə həyata keçirilməsi məsələsi də ilk dəfə olaraq Heydər Əliyevin səyi ilə bu Konstitusiyaya daxil edildi. SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunma tarixinə də toxunan sədr bildirdi ki, cəmiyyətin ictimai-siyasi əsaslarının dəyişməsi, totalitar rejimdən liberal cəmiyyətə keçidin reallaşması ilə Azərbaycanın yeni Konstitusiyasının qəbuluna ehtiyac yarandı ki, bu tarixi missiyanı da Ulu Öndər öz üzərinə götürdü. 1995-ci ildə qəbul olunan və bu gün qüvvədə olan Konstitusiya Azərbaycan xalqının inkişafına böyük töhfələr vermişdir və bu töhfələr bu gün də davam etməkdədir. Ötən müddət ərzində iki dəfə – 2002 və 2009-cu illərdə dəyişiklik edilən Konstitusiyamıza daha bir “yeddi-illik tsikl”dan sonra bu il yenidən dəyişiklik edilməsi cəmiyyətimizdə və dünyada müşahidə olunan inkişafla və proseslərlə bağlıdır, təklif olunan bütün dəyişiklik və əlavələrin ciddi elmi əsasları mövcuddur. Tarixi əhəmiyyət daşıyan Konstitusiya dəyişikliyinin Azərbaycan xalqının və dövlətimizin gələcək inkişafında xüsusi rolunu qeyd edən Ş.Hacıyev əsas qanunumuza təklif olunan bütün əlavə və dəyişikliklərin maddələr üzrə müzakirəsinə və düzgün izah edilməsinə ciddi ehtiyac olduğunu nəzərə çatdırdı.

Millət vəkili hazırda sosial şəbəkələrdə, KİV-lərdə referendumla bağlı çoxsaylı müzakirələrin aparıldığına diqqət çəkərək bildirdi ki, hər bir demokratik, liberal cəmiyyətdə sağlam müxalifətin olması vacibdir. Təəssüf ki, Azərbaycanda adı olub, özü olmayan müxalifət nədənsə məhz belə məqamlarda mənfi mənada fəallaşaraq, müxtəlif çirkin vasitələrlə iqtidarın fəaliyyətinə kölgə salmağa çalışır, hətta Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı məsələlərdə belə müxalifətinin rasional çıxışlarını eşitmirik.

Hazırda ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının böyük əhəmiyyət kəsb etdiyini, ediləcək dəyişiklik və əlavələrin dövlətçiliyimizin inkişafına bilavasitə töhfə verəcəyini qeyd edən Ş.Hacıyev çıxışının davamında ötən dövr ərzində Azərbaycanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərdən danışdı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş strateji vəzifələri qeyd edərək vurğuladı ki, məhz bu hədəflərin reallaşması ana qanuna hazırda təklif olunan dəyişiklikləri zəruri edir. Post-neft dövrünə qədəm qoyan Azərbaycanın iqtisadi modeli dəyişir, biz hüquqi dövlətdə yaşayırıq, hüquqi cəmiyyətdə bütün institusional dəyişikliklərin hüquqi əsası olmalıdır, bu da qanunvericilikdə vaxtlı-vaxtında müvafiq dəyişikliklərin edilməsini tələb edir. Çünki, müvafiq qanunvericilik bazası yoxdursa, nəzərdə tutulan siyasi, iqtisadi və institusional dəyişikliklərin hüquqi əsası da olmur. Cəmiyyət inkişaf etdikcə müşahidə olunan tərəqqi ana qanuna edilən dəyişiklikləri labüd edir.

Dünyada müşahidə olunan müharibələrə, qarşısı alınmaz terror hadisələrinə, maliyyə-iqtisadi böhranlara, tətbiq olunan fərqli iqtisadi sanksiyalara toxunan deputat qeyd etdi ki, demokratiyanın beşiyi hesab olunan Avropada bu gün nəinki insan hüquqları, insanın elementar yaşamaq haqqı belə təmin olunmur. İnsanın ən ali hüququ onun yaşamaq haqqıdır. Müqəddəs kitabımız Qurani-Kərimdə də insan hüquqları deyil, məhz insan haqqları göstərilib. Dövlətin də ən ümdə vəzifəsi əhalisinin, insanların qeydinə qalmaqdır. Təəssüf ki, hal-hazırda dünya siyasətində, iqtisadiyyatında əsas rolu oynayan amil “super güc” adlandırılan dövlətlərin mənafeləridir. Məqsəd də, digər dövlətlərin təbii sərvətlərini ələ keçirərək, faydalanmaq və bu sərvətləri idarə etməkdir. Azərbaycan bu gün müstəqil siyasət yürüdən azsaylı ölkələrdəndir. 78 trilyon dollarlıq dünya ÜDM-də 54 mlrd. dollarlıq ÜDM ilə 1%-dən də daha az paya sahib olan Azərbaycan regionda ən nüfuzlu ölkə olmaqla yanaşı, BMT-nin ən ali orqanı olan Təhlükəsizlik Şurasına sədrlik etmişdir, ölkəmiz Cənubi Qafqaz regionunda reallaşan bütün transmilli layihələrin ya bilavasitə təşəbbüskarı, ya iştirakçısıdır. Bu gün bizim ən böyük dəyərimiz ölkəmizdə formalaşmış siyasi-iqtisadi sabitlik və iqtisadi rifahdır. Hazırda Konstitusiyamıza təklif olunan dəyişikliklər və əlavələr hər şeydən öncə məhz dövlətçiliyimizi, müstəqilliyimizi xarici təhlükələrdən qorumağa yönəldilmişdir.

Referendum keçirilməsi, qeyd olunan maddələrin ümumxalq səsverməsinə çıxarılması birdən-birə verilmiş bir qərar deyildir. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd etmişdir ki, “Azərbaycan yeni inkişaf dövrünə qədəm qoymuşdur, bununla əlaqədar olaraq, daha səmərəli idarəetmə sistemi təşkil olunmalıdır, özümüz üçün müəyyənləşdirdiyimiz hədəfləri reallaşdırmaq üçün yeni institusional strukturlar formalaşdırılmalıdır, bəzi qurumlar birləşdirilməlidir.” Azərbaycan son 7 ildə bir çox beynəlxalq müqavilələrə, konvensiyalara qoşularaq, cəmiyyətin liberallaşdırılması və demokratik dəyərlərin inkişafı ilə bağlı üzərinə müəyyən öhdəliklər götürmüşdür. Sözügedən öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq qanunvericilik bazası yaradılmalıdır. Bunun üçün isə ilk öncə bütün qanunvericilik aktları üçün əsas istinad nöqtəsi sayılan ana qanuna – Konstitusiyaya müvafiq dəyişikliklər edilməlidir.

Qarşıdan gələn ümumxalq səsverməsinə çıxarılan Konstitusiya maddələrinə təklif olunan dəyişiklik və əlavələri ətraflı şərh edən sədr yaş senzinin aradan qaldırılmasının Azərbaycan gənclərinə göstərilən böyük etimadın bir təcəssümü olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, 18 yaşından etibarən seçməklə yanaşı seçilmək hüququ da əldə edən gənclərimiz artıq dövlət idarəçiliyinin bütün səviyyələrində təmsil oluna biləcəklər. Bu gün Azərbaycanın çox sağlam gəncliyi formalaşmışdır – ixtisaslı, bacarıqlı, milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə sadiq gənclərimiz daha erkən yaşda seçkili orqanlarda təmsil olunmaq hüququ əldə etməklə öz potensiallarını reallaşdırmaq imkanı əldə edirlər. Təklif olunan yeniliklər sırasında vitse-prezidentlik institunun yaradılması, Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi, deputatları geri çağırmaq mexanizminin müəyyən edilməsi maddələrini də təhlil edən millət vəkili Konstitusiyaya bu əlavələrin edilməsini dövlətçiliyimizin konstitusyon əsaslarının möhkəmləndirilməsi, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlətin, Qanunvericilk hakimiyyətinin işinin daha da təkmilləşdirilməsi istiqamətində atılmış çox mütərəqqi addım kimi qiymətləndirdi.

Çıxışının sonunda hər kəsi 26 sentyabr tarixində keçiriləcək referendumda fəal iştirak etməyə və təklif olunan dəyişikliklərin lehinə səs verməyə çağıran Ş.Hacıyev edilən bu dəyişiklik və əlavələrin Konstitusiyamızı zənginləşdirəcəyindən və cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrində müsbət dəyişikliklərə səbəb olacağından əminliyini ifadə etdi.

Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova muzeydə Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının təsis olunmasını çox təqdirəlayiq hal olaraq qiymətləndirərək, Azərbaycan mədəniyyətinin təbliğatçıları kimi partiya sıralarında olmaqdan çox məmnun olduqlarını bildirdi. Azərbaycan xalçaçılıq sənətinin banisi Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə yaranan Azərbaycan Xalça Muzeyinin tarixindən bəhs edən Ş.Məlikova qeyd etdi ki, Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə 2007-ci ildə tikilməsinə qərar verilən və 2014-cü ildə açılışı olan muzeydə Azərbaycanın ən qədim sənət əsərlərinin də daxil olduğu 10 mindən çox əsər, 5 mindən çox müəllif kolleksiyası, dəyərli dekorativ sənət növləri toplanmışdır. Bildirildi ki, Azərbaycanın zəngin xalçaçılıq sənətinin qorunmasına və təbliğ olunmasına xidmət edən muzeydə praktiki və nəzəri dərslərin keçirildiyi “Uşaq muzey tədris mərkəzi” də fəaliyyət göstərir. Ölkəmizdə Azərbaycan mədəniyyətinin dünyaya tanınması istiqamətində böyük işlər görüldüyünü, bu sahədə cənab Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi vurğulayan direktor Azərbaycanda qədim muzeylərin restavrasiya olunmasını, yeni muzeylərin açılmasını tariximizin, mədəniyyətimizin qorunaraq gələcək nəsillərə ötürülməsi istiqamətində böyük töhfə olduğunu qeyd etdi.

Daha sonra çıxış edən “Xalçaçılar” ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsul qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə hər kəsi təbrik etdi. Azərbaycan gəncləri olaraq üzərlərinə düşən məsuliyyətin fərqində olduqlarını vurğulayan F.Rəsul Azərbaycanın daha da inkişaf etməsi və Azərbaycan xalqının firavan yaşaması üçün dövlət siyasətini dəstəklədiklərini, dövlətin maraqlarına xidmət edən bütün işlərdə bundan sonra da fəal iştirak edəcəklərini və əməli fəaliyyətləri ilə verilən bütün tapşırıqları yerinə yetirməyə davam edəcəklərini bildirdi.

Görüşdə çıxış edən seçicilər təklif olunan dəyişikliklərin yeni inkişaflara və uğurlara zəmin yaradacağını ifadə edərək Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklərini söylədilər.

Tədbirin sonunda Azərbaycan Xalça Muzeyində YAP sıralarına yeni qəbul olunan muzey əməkdaşlarına partiyaya üzvlük vəsiqələri təqdim olundu və xatirə şəkilləri çəkdirildi.