“Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun qadınlarla görüşü keçirildi

14 sentyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında “Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun qadınlarla görüşü keçirildi.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən geniş bəhs etdi.

Bildirildi ki, bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzində olması Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.

Səlahiyyətli nümayəndə əlavə etdi ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir.

“Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun Sabunçu rayon şöbəsinin sədri Mehriban Abasquliyeva, YAP Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva və başqaları çıxış edərək Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğuladılar.

Qeyd olundu ki, Azərbaycan vətəndaşları bu dəyişikliklərə yekdilliklə səs verəcəklər, o cümlədən, bütün seçkilərdə fəallıq nümayiş etdirən qadınlar da sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiya islahatlarına “HƏ” deyəcəklər.