Referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunun 20-ci sahə seçicilərilə görüş keçirildi

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumla əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyası çərçivəsində 16 sentyabr 2016-cı il tarixində Səbail rayonunun 20-ci sahə seçiciləri ilə görüş keçirildi.

Görüş iştirakçılarını salamlayan “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev çıxış edərək bildirdi ki, bugünkü görüşün əsas məqsədi referendumla bağlı rayon seçiciləri arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır. Bütün seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gəlməyə dəvət edən sədr, hər kəsi ümumxalq səsverməsinə təqdim olunmuş Referendum Aktını dəstəkləməyə və əsas qanunumuza təklif olunan dəyişikliklərə və əlavələrə səs verməyə çağırdı.

Əsas qanunumuza edilən bu dəyişikliklərin ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm mərhələ olacağını qeyd edən Ş.Hacıyev, Konstitusiyanın qəbulunun, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinin hər bir ölkənin ictimai-siyasi həyatında çox böyük tarixi hadisə kimi qarşılandığını vurğuladı. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə qəbul edilmiş və bu gün də qüvvədə olan müstəqil Azərbaycan Respublikasının ilk Konstitutsiyası uzun illərdir ki, Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə, Azərbaycan cəmiyyətinə çox uğurla xidmət edir, töhfələr verir və bundan sonra da töhfələr verməyə davam edəcəkdir. Azərbaycan daima artan templərlə inkişaf edir, bu gün dünyada gedən qlobal proseslərə, eləcə də ölkə daxilində, onun hüdudlarından kənarda baş verən bütün dəyişikliklərə və proseslərə uyğun olaraq Konstitusiyamıza dəyişikliklər edilməsinə çox ciddi ehtiyac yaranmışdır. Qüvvədə olan Konstitusiyaya artıq iki dəfə – 2002 və 2009-cu illərdə dəyişiklik edildiyini diqqətə çatdıran millət vəkili bildirdi ki, bu il Konstitusiyamıza yenə ciddi dəyişikliklər gözlənilir, bununla əlaqədar Referendum Aktı artıq ümumxalq müzakirəsinə çıxarılıb. Dövlətçiliyimizin möhkəmləndirilməsinə, insan hüquqlarının və azadlıqlarının genişləndirilməsinə, Azərbaycanda sözün əsl mənasında hüquqi dövlətin yaradılmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına istiqamətlənən Konstitusiya dəyişiklikləri tamamilə obyektiv zərurətdən irəli gəlir və bu dəyişikliklər bilavasitə son yeddi ildə ölkəmizin siyasi və iqtisadi inkişafında baş verən əhəmiyyətli irəliləyişlərlə və dünyada baş verən proseslərlə əlaqədardır.

Dünyada, yaxın coğrafiyada, ərəb dünyasında, keçmiş MDB məkanında müşahidə olunan siyasi-iqtisadi proseslərə toxunan Ş.Hacıyev qeyd etdi ki, yüzlərlə xoşagəlməyən hadisələrin, müharibələrin, terrorun, separatizmin, dövlət çevrilişlərinin, işğalın baş verdiyi coğrafiya Azərbaycanın sərhədlərindən o qədər də uzaqda deyil və bütün bunların Azərbaycana transfer olunma imkanları da az deyil. Məhz bu səbəbdən təhlükəsizliyimizi, dövlətçiliyimizi qorumaq üçün mövcud Konstitusiyanın müvafiq maddələrinə çox ciddi dəyişikliklər təklif olunur. “Sabitlik adası” adlandıra biləcəyimiz Azərbaycanda bu gün sabitlik, inkişaf, əmin-amanlıq, tolerantlıq mühüti hökm sürür, ölkəmizdə insan hüquqları, sərbəst toplaşma azadlığı qorunur. Təklif olunan Konstitusiya dəyişiklikləri bilavasitə Azərbaycanda mövcud olan ictimai-siyasi-iqtisadi sabitliyin, Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasına xidmət edir.

Konstitusiyamızda edilən növbəti dəyişikliklər çərçivəsində 29 maddədə dəyişikliklər və əlavələrin nəzərdə tutulduğunu bildirən səlahiyyətli nümayəndə xüsusi qeyd etdi ki, bu Referendum Aktı qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etməklə yanaşı, Konstitusiyamızın daha da zənginləşməsinə xidmət edəcəkdir. Çıxışının davamında Ş.Hacıyev 2009-cu ildən etibarən keçən müddət ərzində ölkədaxilində baş verən ciddi dəyişikliklərdən, həyata keçirilən siyasi, iqtisadi islahatlardan danışaraq bildirdi ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında çoxşaxəli vəzifələrimiz, məqsəd və hədəflərimiz müəyyən olunub. Azərbaycan ölkə hüdudlarından kənarda da öz fəaliyyətini genişləndirib. Biz yüzlərlə konvensiyalara, beynəlxalq müqavilələrə, sazişlərə imza atmışıq və üzərimizə müvafiq öhdəliklər götürmüşük, buna müvafiq olaraq da əsas qanunumuzda müvafiq dəyişikliklər etməliyik.

Daha sonra Ş.Hacıyev dəyişikliklər nəzərdə tutulan 23 maddə və əlavə olunan 6 yeni maddə haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Referendum Aktında təklif olunan dəyişikliklərdə qırmızı xətlə qeyd olunan məsələ insan haqları və insan azadlıqlarının təmin edilməsidir. Təxminən 20-dən çox maddədə öz əksini tapan insan azadlıqlarının təmin olunması, insan ləyaqətinə hörmət olunması, hər bir Azərbaycan vətəndaşının öz hüquqlarını inzibati yolla, məhkəmə vasitəsilə həll etmək imkanının təmin edilməsi, sağlamlıq imkanları məhdud olan insanların bütün hüquqlardan istifadə etməsi, lokautun qadağan olunması və digər məsələlərin mahiyyəti haqqında ətraflı izahatlar verən sədr bu maddələrin əhəmiyyətindən danışdı. Demokratik dövlətlərin demək olar ki, bir çoxunda bu qeyd olunan müddəalar qanunvericilikdə öz əksini tapmışdır. Şübhəsiz ki, bu dəyişikliklərin təsdiq olunması ölkəmizdə insan haqları və azadlıqlarının daha da möhkəmləndirilməsinə, cəmiyyətimizin daha da demokratikləşməsinə və liberallaşmasına xidmət edəcəkdir.

Daha bir önəmli dəyişiklik seçmək və seçilmək hüququ ilə bağlıdır. Təklif olunan dəyişikliklər seçmək hüququ olan Azərbaycan vətəndaşları üçün yaş senzi ilə əlaqədar bütün məhdudiyyətləri aradan qaldırılacaqdır və 18 yaşı tamam olan hər bir Azərbaycan vətəndaşının seçilmək hüququ da təmin olacaqdır. Bu günlərdə bəzi sosial şəbəkələrdə müxalifət nümayəndələri cəfəngiyyatdan ibarət çıxışlar edirlər ki, bu yaş senzinin qaldırılması hansısa müəyyən məqsədə xidmət edir. Məsələnin əsli isə bundan ibarətdir ki, 18-35 yaş qrupuna daxil olan seçicilərimiz gənclərimizdir. Ölkəmizdə çox yüksək səviyyədə gənclər siyasəti həyata keçirilir, gənclərimizə dövlət tərəfindən çox böyük diqqət, qayğı göstərilir, bu istiqamətdə yüzlərlə proqramlar həyata keçirilir. Məhz bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda sağlam gənclik formalaşmışdır, müasir gənclərimiz ixtisasını bilən, savadlı, qabiliyyətli, bütün müasir texnologiyaları mənimsəmiş, milli-mənəvi dəyərlərimizə sadiq, dövlətçiliyimizə, torpağına bağlı vətəndaşlar kimi yetişirlər. Biz onları seçilmək hüququndan məhrum etməməliyik, əksinə, gənclərimiz erkən yaşlardan etibarən bu proseslərdə yaxından iştirak etməlidirlər, bir növ təcrübə yığmalıdırlar. Konstitusiyamıza ediləcək bu mütərəqqi dəyişikliklə gənclərimizə seçilmək hüququnun verilməsini yalnız alqışlamaq, təqdir etmək, dəstəkləmək və ona müsbət səs vermək lazımdır.

İnsan hüquqları ilə bağlı təklif olunan hər bir dəyişikliyin elmi-hüquqi əsasları olmaqla yanaşı, bu müddəaların bir çox demokratik ölkənin təcrübəsində özünü doğrultduğunu qeyd edən Ş.Hacıyev çıxışının davamında bildirdi ki, Konstitusiyamızda edilən dəyişikliklər sırasında ən mühüm istiqamət dövlətçiliyimizin möhkəmləndirilməsi, azərbaycançılıq idealogiyasının həyata keçirilməsi ilə bağlı olan müddəalarla əlaqədardır. Yeni dəyişikliklər ölkə daxilində etnik, dini, əqidə zəmində münaqişə yaradan, dövlət əleyhinə çağrışlar edən və s. bu kimi hərəkətlərə yol verən bütün təşkilatların, təxribat məqsədli qrupların fəaliyyətinə qadağalar qoyacaqdır, vahid mərkəzdən idarə olunan silahlı qüvvələr yaradılacaqdır, bu addımlar da alqışlanmalıdır. Biz aprel hadisələrində gördük ki, silahlı qüvvələrimiz, ordumuz nə qədər cəsarətli, necə qüdrətli bir orduya çevrilib. Bu dəyişikliklərlə biz ordumuzu daha da gücləndiririk, bütün silahlı qüvvələrimizi Ali Baş Komandanın bilavasitə tabeçiliyində birləşdiririk. Bundan mütərəqqi nə ola bilər? Referendum müzakirəsinə çıxarılmış hansı maddədə ordu sözü varsa o maddəni oxumadan belə təsdiqləmək olar. Çünki ordumuz qüdrətli olmalıdır, ordumuz qarşıya qoyulan hər bir vəzifəni yerinə yetirməyə hazır olmalıdır. Bu gün Azərbaycanda çox böyük fəxrlə demək olar ki, iqtidar-xalq birliyi olduğu kimi iqtidar, ordu və xalq birliyi də mövcuddur və bu birlik sarsılmazdır.

Müxalifəti narahat edən əsas məsələlərdən biri də Prezidentlik müddətinin artırılması ilə bağlı olan dəyişiklikdir. Ümumiyyətlə götürsək dünyada prezident idarəçilik üsulu olan ölkələrin əksəriyyətində bu müddət beş ildən yeddi ilə qədərdir. Hər bir ölkənin öz mənafeyi, öz məqsədləri var və bu məqsədlərə müvafiq olaraq da prezidentlik müddəti müəyyənləşdirilir. Mövcud Konstitusiyaya görə Prezidentlik müddəti beş il idi, hazırda təklif olunan dəyişiklik bu müddət artırılır və yeddi ilə çatdırılır. Bu nə ilə bağlıdır? Hər bir prezident ölkəyə rəhbərlik etdiyi dövrdə müəyyən iqtisadi və siyasi məqsədlər və vəzifələr müəyyənləşdirir. Bu məqsədlərin yerinə yetirilməsi üçün müəyyən zaman tələb olunur. Yeddi il – iqtisadi nöqteyi-nəzərdən orta müddətli bir inkişaf tsiklıdır. Azərbaycan bu gün tamamilə yeni bir dövrə qədəm qoyub. Biz industrial cəmiyyəti başa vurmuşuq, yeni cəmiyyət tipi – postindustrial cəmiyyət yaradırıq, bilik cəmiyyətinə, informasiya cəmiyyətinə qədəm qoymuşuq, qarşıya çox böyük hədəflər qoyulub, post-neft dövrünə keçmişik. Müasir dövrün tələblərinə uyğun olaraq hazırlanmış inkişaf konsepsiyası artıq reallaşdırılır, nəticələr də var, institusional dəyişikliklər edelir, idarəçilik sistemində artıq bəzi qurumlar, strukturlar yaradılır, bəzi strukturlar birləşdirilir və s. Biz bunların hamısının şahidiyik, amma qeyd olunan bütün bu məsələlərin əsas qanunumuzda təsbit olunması, müvafiq qanunvericilk bazasının yaradılması vacibdir. Prezidentlik müddəti kimi təklif olunan yeddi il bu müddətin məhz, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi baxımından məqbul olması ilə bağlı olan məsələdir.

Konstitusiyada edilən yeni dəyişikliklərin bir qisminin də siyasi sistemin, dövlət idarəçiliyinin institusional əsaslarının dəyişdirilməsi ilə bağlı olduğunu vurğulayan Ş.Hacıyev bildirdi ki, bu istiqamətdə vitse-prezidentlər institutunun yaradılmasını xüsusi qeyd etmək lazımdır. Artıq elə bir dövrə gəlib çatmışıq ki, Prezidentin həyata keçirdiyi işlərin miqyası həm kəmiyyət, həm də keyfiyyətcə istər ölkə daxilində, istər ölkə xaricində hədsiz dərəcədə artıb və şaxələnib. Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, “Ölkədə miqyasından asılı olmayaraq baş verən bütün proseslərə, bütün münasibətlərə cavabdeh olan şəxs birinci növbədə mənəm.” Yeni dəyişikliklərdə Prezident hakimiyyətinin, yəni səlahiyyətlərin müəyyən bir hissəsinin vitse-prezident institutlarına ötürülməsi nəzərdə tutulur. Dəyişikliklərdə vitse-prezidentlərə konkret hansı vəzifələrin ötürüldüyü də qeyd olunub – dövlətlərarası müqavilələrin, sazişlərin bəzilərinin imzalanması, Prezidentin müəyyən səbəblərdən müvvəqqəti olaraq bəzi vəzifələrini yerinə yetirmək imkanı olmadıqda, bu vəzifələrin birinci vitse-prezident tərəfindən yerinə yetirilməsi və s. Mahiyyət etibarilə bu dəyişikliklər ilə Prezident, müxalifətin iddia etdiyi kimi hakimiyyəti bir əldə cəmləşdirmir və ya “rejim” yaratmır, əksinə öz vəzifələrini, səlahiyyətlərini digər idarəçilik institutuna ötürür. Müxalifət yaş senzi ilə də əlaqədar bu səpkidə əsassız iddialar irəli sürürlər. Prezident hakimiyyəti bir əldə cəmləşdirmək istəsə, yaş məhdudiyyətini ləğv etmək əvəzinə, onu 40-50 yaşa qaldırardı. Dünyanın bir çox yerində belə bir təcrübə tətbiq olunur – məsələn, senatda təmsil olunmaq üçün 50, 60 yaşına çatmaq lazımdır. Müxalifətin bu məsələlərlə bağlı bütün iddiaları yalnız cəfəngiyatdan ibarətdir və əsassız şərhlərdir.

Çıxışının sonunda, millət vəkili qeyd etdi ki, bu dəyişikliklərin təsdiq olunması ilə Azərbaycanda elə bir quruluş, elə bir ictimai-siyasi sistem yaradılacaqdır ki, bu sistem demokratiya, liberal cəmiyyət, iqtisadiyyatın idarə olunmasının səmərələşdirilməsi və s. nöqteyi-nəzərlərdən bütün dünyaya nümunə olacaqdır. Azərbaycan bu gün bir çox məsələlərdə – tolerantlıqda, multikulturalizm dəyərlərinin təbliğində dünya üçün müsbət nümunə təşkil edir. İnsan hüquqları, azadlıqları ilə əlaqədar ediləcək dəyişikliklərdə bir ciddi məqam da var ki, bu da vətəndaş haqqında, onun şəxsi həyatı, dini etiqadı, əqidəsi, etnik mənşəyi haqqında onun icazəsi olmadan KİV-lərdə, sosial şəbəkələrdə hər hansı bir informasiyanın yerləşdirilməsinin qadağan olunması ilə bağlıdır. Bu müddəanın özü tolerantlığın ən gözəl nümunəsidir. Bu gün Azərbaycan Prezidenti çox düşünülmüş, cəsarətli, müstəqil, tarazlı siyasət həyata keçirir. Bizim yolumuz Heydər Əliyev yoludur, bizim yolumuz İlham Əliyev yoludur, bu yol bizi çox böyük uğurlara, tərəqqiyə və rifaha aparacaqdır.

Sonda, yağışlı hava şəraitinə baxmayaraq, yüksək əhval-ruhiyyədə keçən görüşdə iştirak edən sakinləri, seçiciləri Referendumda fəal iştirak etməyə çağıran Ş.Hacıyev vurğuladı ki, bu ümumxalq səsverməsində biz, Azərbaycanın gələcəyinə, sabitliyimizə, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, demokratiyaya, inkişafa, tərəqqiyə, rifahımıza səs veririk. Ona görə də, bir olaq, həmrəy olaq və Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərə müsbət rəyimizi bildirək. Yaşasın qüdrətli Azərbaycan, yaşasın Azərbaycan xalqı!

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində əlavə və dəyişikliklərə səs verəcəklərini bildirdilər.