“Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirdi
19.09.2016Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi 19 sentyabr 2016-cı il tarixində seçicilərlə növbəti görüşünü keçirdi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatında keçirilən görüşdə Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Dəmir Yolları şöbəsinin əməkdaşları və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsindən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bugünkü tədbirin əsas məqsədi sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon veteranları ilə görüşün keçirilməsi, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin yeni yaradılmış Dəmir Yolları şöbəsinin üzvlərinə veteran vəsiqələrinin təqdim olunmasından ibarətdir.
Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu vurğulayaraq, dövlət tərəfindən veteranların sosial rifahının yaxşılaşması və ehtiyaclarının qarşılanması istiqamətində indiyədək ciddi işlər görüldüyünü və bu qayğının günü-gündən artırıldığını diqqətə çatdırdı.
Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı sentyabrın ayının 26-sına təyin olunmuş ümumxalq səsverməsi (referendum) barədə danışan millət vəkili Azərbaycan Konstitusiyalarının qəbul olunma tarixindən, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə – 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilməsindən, bilavasitə 2009-cu ildən etibarən keçən müddət ərzində ölkəmizin siyasi və iqtisadi inkişafında baş verən əhəmiyyətli irəliləyişlərdən və həyata keçirilən siyasi, iqtisadi islahatlardan ətraflı bəhs etdi. Hazırda ümumxalq səsverməsinə çıxarılan Konstitusiya dəyişikliklərinin tamamilə obyektiv zərurətdən irəli gəldiyini vurğulayan səlahiyyətli nümayəndə çıxışının davamında dəyişikliklər nəzərdə tutulan 23 maddə və əlavə olunan 6 yeni maddə haqqında geniş məlumat verdi. Təxminən 20-dən çox maddədə öz əksini tapan insan hüquqları və azadlıqlarının təmin olunması, yaş senzi ilə əlaqədar bütün məhdudiyyətlərin aradan qaldırılması nəticəsində gənclərimizə seçilmək hüququnun verilməsi, vitse-prezidentlik institunun yaradılması, Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi, deputatları geri çağırmaq mexanizminin müəyyən edilməsi, torpaq mülkiyyətinə yeniliklər gətirilməsi maddələrini ətraflı şərh edən sədr bildirdi ki, əsas qanunumuza ediləcək bu dəyişikliklər ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm mərhələ olacaqdır. Sonda, seçiciləri Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləməyə və müsbət rəy bildirməyə çağıran Ş.Hacıyev hər kəsi seçki məntəqələrinə dəvət etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Dəmir Yolları şöbəsinin sədri Mehdi Hacıyev, Respublika Veteranları Təşkilatının rəyasət heyətinin üzvü, ehtiyatda olan polkovnik Rasim Muxtarov çıxış edərək, müharibə veteranlarını, əlilləri, şəhid ailələrini daima diqqət mərkəzində saxladığı üçün ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Bu günlərdə ölkənin ictimai-siyasi gündəmində geniş müzakirə olunan Referendum Aktının təsdiqlənməsi məsələsinin Azərbaycan üçün taleyüklü məsələ olduğunu qeyd edən veteranlar bildirdilər ki, Ali Baş Komandanımızın sadiq əsgərləridirlər, ölkə rəhbərinin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyirlər və 26 sentyabr tarixində də Konstitusiya islahatlarına vətənpərvər vətəndaşlar olaraq yekdilliklə müsbət səs verəcəklər.
Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin yeni yaradılmış Dəmir Yolları şöbəsinin üzvlərinə veteran vəsiqələri təqdim olundu.
Görüşdə çıxış edən veteranlar Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin ölkəmizdəki sabitlik və əmin-amanlığın daha da möhkəmləndirilməsinə, dövlətçiliyimizin təhlükəsizliyinin təmin olunmasına, sosial-iqtisadi inkişaf və tərəqqiyə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edəcəyinə dair əminliklərini dilə gətirərək Prezident İlham Əliyevin referendum təşəbbüsünü alqışladıqlarını və səsvermədə Referendum Aktını dəstəkləyəcəklərini bildirdilər.