Səbail gəncləri Referendum Aktına “HƏ” deyir

Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində 20 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin seçki qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi. Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucovun iştirak etdiyi görüşü “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev açıq elan etdi. Cəmiyyət həyatındakı bütün münasibətləri və prosesləri tənzimləyən ali qanun sənədinə dəyişikliklərin edilməsini, tarixi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirən sədr, bu prosesdə gənclərin iştirakının vacibliyindən danışaraq, ilk dəfə səs verən gənclər arasında düzgün maarifləndirmə işinin təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Çıxış edən Fuad Muradov müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin məxsusi rolundan bəhs edərək, bildirdi ki, cəmiyyət inkişaf etdikcə, ölkənin ictimai-siyasi həyatında müsbət istiqamətli inkişaf müşahidə olunduqca institusional idarəçiliyin əsasını təşkil edən qanunvericilik sənədlərində müvafiq dəyişikliklər edilməsi qaçınılmazdır. Sürətlə dəyişən Azərbaycanın siyasi-iqtisadi inkişafına müasir yanaşmanın tələb olunduğunu, ölkədə aparılan mütərəqqi islahatların Prezident İlham Əliyevin adıyla bağlı olduğunu diqqətə çatdıran millət vəkili dövlətçiliyimizin daha da möhkləmləndirilməsi üçün gəncləri Referendum Aktını dəstəkləməyə çağırdı. Daha sonra əlavə və dəyişikliklərin nəzərdə tutulduğu Konstitusiya maddələrini insan hüquqları, sosial ədalət prinsipinin təmin olunması, icra strukturlarının işinin təkmilləşdirilməsi kimi bir neçə başlıq altında qruplaşdıraraq təhlil edən F.Muradov bu dəyişikliklərin mahiyyətcə böyük islahatların başlayacağı yeni dönəmə keçidin başlanğıcı olduğunu bildirdi və ölkənin ictimai-siyasi həyatında hər zaman xüsusi fəallığı ilə seçilən Səbail gənclərini Referendum günü seçki məntəqələrinə dəvət etdi.

Müstəqil Azərbaycan Respublikasında doğulub, bu il ilk dəfə səs verərək, müstəqil fərd kimi Azərbaycan cəmiyyətinin siyasi həyatına addım atacaq olan gəncləri salamlayan Seymur Orucov sovetlər dönəmindən başlayaraq Azərbaycan Konstitusiyalarının qəbul olunma tarixindən danışdı. 1995-ci ildə qəbul olunmuş Konstitusiyamıza zamanın tələbinə uyğun olaraq, 2002 və 2009-cu illərdə müvafiq dəyişiklərin edildiyini qeyd edən YAP Gənclər Birliyinin sədri bu gün transmilli layihələrin iştirakçısı olan və Qafqazın, Şərqi Avropanın aparıcı dövlətinə çevrilən Azərbaycanın dayanıqlı inkişafı üçün təklif olunan konstitusyon dəyişikliklərin labüd olduğunu vurğuladı. Çıxışının davamında ölkə ictimaiyyəti tərəfindən geniş müzakirə olunan bir çox maddə haqqında gənclərə izahlı məlumat verən S.Orucov müzakirəyə təklif olunan hər bir dəyişikliyin vətəndaşlarımızın təhlükəsizliyinin təmininə və əhalinin daha yaxşı və daha rahat yaşamasına xidmət etdiyi xüsusi qeyd etdi. “YAP – qələbələrin partiyasıdır” deyən S.Orucov gənclərimizi Referendumda fəal iştirak etməyə çağırdı.

Çıxış edən Şəmsəddin Hacıyev Konstitusiya dəyişikliklərinin cəmiyyətin sosial, iqtisadi, siyasi və mədəni həyatında gedən mütərəqqi proseslərlə bağlı olduğunu diqqətə çatdıraraq, Konstitusiyamıza edilən son dəyişiklərdən sonra ötən müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında müşahidə olunan əhəmiyyətli irəliləyişlərdən, ölkəmizdə yeni cəmiyyət tipinə keçidin reallaşmasından, Azərbaycanın iqtisadi modelinə edilən korrektələrdən, milli təsərrüfat sisteminin iqtisadi əsaslarının dəyişikliyə uğraması, ölkədə neftdən asıllığın azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi kimi tendensiyalardan bəhs etdi. Millət vəkili vurğuladı ki, məhz bu tərəqqi işartıları ölkə qanunvericiliyində ciddi tənzimləmələrə ehtiyac yaradır.  Konstitusiyamıza ediləcək dəyişikliklər demokratik dəyərləri cəmiyyət həyatına nüfuz etdirməklə yanaşı, ölkədə azad hüquqi dövlətin institusional əsaslarını daha da möhkəmləndirəcəkdir. Bu dəyişiklər Konstitusiyamızın özünü zənginləşdirərək milli qanunverici bazasını da xeyli gücləndirəcəkdir. Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasının əlavə və dəyişikliklər təklif olunan maddələrini təhlil edən səlahiyyətli nümayəndə bütün dəyişikliklərin düşünülmüş və elmi cəhətdən əsaslandırılmış əsası olduğunu xüsusi qeyd etdi və diqqətə çatdırdı ki, nəzərdə tutulan bütün dəyişikliklər tamamilə sivil və demokratik cəmiyyət standartlarına uyğundur.

Çıxışının sonunda Konstitusiya dəyişikliklərinin böyük səs üstünlüyü ilə qəbul ediləcəyindən əminliyini ifadə edən Ş.Hacıyev gəncləri səsvermədə fəal iştirak etməyə və Referendum Aktına “HƏ” deyərək Azərbaycanın dayanıqlı və davamlı inkişafına, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasına səs verməyə çağırdı.

Çıxış edən gənclər ölkədə aparılan dövlət gənclər siyasətini yüksək qiymətləndirərək, Konstitusiya dəyişikliklərinin Azərbaycanın gələcək inkişafına, rifahın artırılmasına və tərəqqiyə rəvac verəcəyini qeyd etdilər və sentyabrın 26-da keçiriləcək referendumda hamılıqla fəal iştirak edəcəklərini bildirdilər.