Səbail seçiciləri Referendum Aktı layihəsini dəstəkləyirlər

20 sentyabr 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatında görüş keçirildi. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər geniş müzakirə olundu.

Dənizkənarı Bulvar İdarəsində keçirilən görüşü YAP Səbail rayon təşkilatının, eləcə də “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev açıq elan etdi. Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradıldığını qeyd edən sədr bildirdi ki, bununla əlaqədar olaraq, YAP Səbail rayon təşkilatı nəzdində fəaliyyət göstərən iki ərazi ilk təşkilatlarının da birləşdirilməsi və vahid “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatının yaradılması məqsədə müvafiq hesab olunmuşdur. Yığıncaqda ilk öncə vahid “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı səsvermə keçirildi, təşkilat yaradıldı və Bağırov Elmir Məmməd oğlu yekdilliklə “Dənizkənarı Milli Park” ərazi təşkilatının sədri seçildi. Daha sonra ərazi ilk partiya təşkilatının sədrinin üç müavini və yeddi nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilərək yekdilliklə təsdiq olundu.

Yeni seçilmiş sədr Elmir Bağırov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, vurğuladı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və yarandığı ilk gündən missiyası xalqa xidmət etmək, xalqımızın mənəvi dəyərlərini yaşatmaq olan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin və xalq birliyimizin təminatçısıdır. “Dənizkənarı Milli Park” ərazi təşkilatının partiya üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək və ümumpartiya işinə töhfə vermək üçün daim çalışacaqlarını, Səbail rayonunun mədəni-kütləvi tədbirlərində daha yaxından iştirak edərək, dövlətimizin siyasətinə dəstək olacaqlarını vurğulayan E.Bağırov qeyd etdi ki, Dənizkənarı Bulvar İdarəsinin bütün kollektivi ölkə rəhbərinin siyasətini dəstəkləyirlər və ölkəmizin davamlı inkişafını təmin etmək, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirmək üçün ümumxalq səsverməsinə çıxarılan Referendum Aktına da hamılıqla həmrəy olaraq müsbət rəy bildirəcəklər.

Çıxış edən Şəmsəddin Hacıyev YAP-ın regionda artan nüfuzundan danışaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan və Cənubi Qafqazın ən qüdrətli siyasi qurumu olan Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı bu gün 700 mindən çoxdur. Partiya sıraları ötən müddət ərzində həm kəmiyyət, həm keyfiyyət baxımından zənginləşib, hazırda cəmiyyətin ən savadlı, elit təbəqəsi YAP sıralarında cəmləşib. Bildirildi ki, partiya Sədrinin istər ölkə daxilində, istər ölkə xaricində yürütdüyü düşünülmüş və cəsarətli siyasəti, xalqımızın Prezidentə olan sevgisi və inamı, eyni zamanda ölkəmizdə mövcud olan sarsılmaz xalq-iqtidar-ordu birliyi YAP-ın xalq arasında bu dərəcədə yüksək rəğbət qazanmasını şərtləndirən əsas amillərdir. Ərazi təşkilatının uğurlu fəaliyyətinin gələcəkdə də davam etdirilməsinin, partiya sıralarına daha çox üzvlərin cəlb olunmasının önəmini vurğulayan Ş.Hacıyev Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının Səbail rayonunda keçirilən kütləvi siyasi-mədəni tədbirlərə və birgə layihələrə bundan sonra da töhfələr verəcəklərindən əminliyini ifadə edərək qeyd etdi ki, hər bir partiya üzvü partiyanın işinin daha səmərəli və keyfiyyətli qurulması üçün var gücü ilə çalışmalı və öz təşəbbüskarlığı ilə seçilməlidir.

Daha sonra ümumxalq səsverməsinə çıxarılan və Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verən səlahiyyətli nümayəndə son illərdə respublikamızın siyasi, iqtisadi, mədəni həyatında müşahidə olunan müsbət dəyişikliklərdən, Azərbaycan cəmiyyətində dəyişən münasibətlər sistemindən, ölkəmizin dünyaya intensiv inteqrasiyasından danışaraq qeyd etdi ki, Azərbaycan artıq yeni inkişaf mərhələsinə – post-neft dövrünə qədəm qoyub. Ölkədə gedən inkişaf mütəmadi olaraq ana qanunda müvafiq dəyişikliklər edilməsini tələb edir. Dəyişiklik və əlavələrin nəzərdə tutulduğu 29 maddənin mahiyyəti və elmi-hüquqi əsaslarını ətraflı təhlil edən millət vəkili bildirdi ki, Referendum Aktında təklif olunan əlavə və dəyişikliklər ölkədə qanunvericilik bazasını təkmilləşdirməyə, Azərbaycanda hökm sürən sabitlik, inkişaf, əmin-amanlıq mühitini qorumağa, müəyyən olunmuş yeni minillik hədəflərimizə nail olmağa, dövlət idarəçiliyinin institusional əsaslarını möhkəmləndirməyə xidmət edəcəkdir. Sonda hər kəsi seçki məntəqələrinə gələrək Referendumda iştirak etməyə dəvət edən Ş.Hacıyev böyük uğurlara birgə imza atmaq üçün seçiciləri təklif olunan əlavə və dəyişiklikləri təqdir etməyə, dəstəkləməyə və səsvermədə müsbət rəy bildirməyə çağırdı.

Görüşdə çıxış edənlər Konstitusiya islahatlarını mühüm tarixi addım kimi qiymətləndirərək, dövlət başçısı cənab İlham Əliyevin Referendum Aktı təşəbbüsünü dəstəklədiklərini ifadə etdilər.