Ümumxalq səsverməsi ilə əlaqədar Səbail seçicilərilə növbəti görüş keçirildi
21.09.2016Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi 21 sentyabr 2016-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatında seçicilərlə növbəti görüşünü keçirdi.
Səbail rayonunun Bayıl və 20-ci yaşayış sahəsi sakinlərinin iştirak etdiyi görüşdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ümumxalq müzakirəsinə çıxarılan Referendum Aktında nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verərək bildirdi ki, Azərbaycanda sözün əsl mənasında hüquqi dövlətin yaradılmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına istiqamətlənən Konstitusiya dəyişiklikləri dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizdə insan hüquqlarının və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edəcəkdir. Azərbaycanda son illərdə müşahidə olunan dinamik inkişafdan danışan sədr qeyd etdi ki, karbohidrogen resursları ilə zəngin olan Azərbaycan bu coğrafiyada böyük əhəmiyyətə malik olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayan ölkələrdəndir. Bu baxımdan geoiqtisadi mənafelərin toqquşduğu bu regionda dövlət təhlükəsizliyimizin təmin olunması, cəmiyyətin liberal və demokratik dəyərlər əsasında inkişaf etdirilməsi, ölkədə formalaşdırılan yeni cəmiyyət tipinə uyğun olaraq idarəetmə sisteminin institusional əsaslarının daha da möhkəmləndirilməsi sosial sifariş olaraq ana qanunumuz olan Kontitusiyamıza müvafiq dəyişikliklərin edilməsini və milli qanunvericilik bazasının daha da təkmilləşdirilməsini zəruri edir.
Daha sonra əlavə və dəyişikliklər nəzərdə tutulan Konstitusiya maddələri haqqında danışan millət vəkili vurğuladı ki, hər bir dəyişikliyin ən ümdə məqsədi Azərbaycan vətəndaşlarının rifahının daha da yüksəldilməsi və müstəqil Azərbaycan dövlətçiliyinin qorunmasından ibarətdir. Sonda Konstitusiya dəyişikliklərinin təsdiq olunacağına dair əminlik ifadə edən Ş.Hacıyev Səbail seçicilərini seçki məntəqələrinə dəvət edərək, hər kəsi tərəqqi və inkişafa səs verməyə çağırdı.
Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun vəkili Nəsib Şükürov və Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov təklif olunan əlavə və dəyişikliklərin sosial-iqtisadi əhəmiyyətinə toxunaraq, bildirdilər ki, bu dəyişikliklər Konstitusiyamızı daha da zənginləşdirməklə yanaşı, ölkədə insan hüquqları və azadlıqlarının daha da artırılmasına, dövlət hakimiyyətinin tarazlaşdırılmasına, idarəetmədə balans sistemininin yaradılmasına, habelə ictimai mənafelər baxımından torpaq mülkiyyətindən daha da səmərəli istifadə olunmasına şərait yaradacaqdır. Əsas qanunumuza ediləcək bu mütərəqqi dəyişikliklərin ölkədə dövlət-cəmiyyət-şəxs arasındakı münasibətəri keyfiyyətcə yeni mərhələyə daşıyacağını xüsusi qeyd edən natiqlər hər kəsi bu mütərəqqi islahatları dəstəkləməyə və səsvermədə fəal iştirak etməyə dəvət etdilər.
Görüşün sonunda çıxış edən seçicilər Referendum Aktını dəstəklədiklərini və həmrəylik nümayiş etdirərək bu dəyişiklərə “HƏ” deyəcəklərini ifadə etdilər.