İdarə Heyətinin iclasında “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsində Referendumla bağlı görülmüş işlər və gələcək vəzifələr müzakirə olundu

22 sentyabr 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

İclasa sədrlik edən YAP Səbail rayon təşkilatının, eləcə də “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev iclası açıq elan etdi və gündəlik təsdiq olundu.

Ş.Hacıyev gündəlikdə duran birinci məsələ – sentyabrın 26-da keçiriləcək Referendumla bağlı “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsində görülmüş işlər və gələcək vəzifələr baradə geniş məruzə ilə çıxış etdi. Konstitusiyamıza nəzərdə tutulan dəyişikləri ölkəmiz üçün tarixi əhəmiyyətli hadisə olaraq qiymətləndirən sədr “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin 03 sentyabr tarixindən etibarən referendumla bağlı təşviqat kampaniyasına yüksək fəallıq ilə başladığını və təsdiq olunmuş qrafikə uyğun olaraq seçicilərlə mütəmadi görüşlər keçirildiyi diqqətə çatdırdı. Bildirildi ki, təşviqat kampaniyası çərçivəsində rayon sakinləri ilə, ziyalılarla, partiya veteranları ilə, qadın seçicilərlə, gənclərlə, ilk dəfə səs verəcək olan gənc seçicilərlə, müharibə veteranları ilə, bələdiyyə üzvlərilə dəfələrlə görüşlər keçirilmiş, 20-ci sahə, Bayıl, Bibiheybət qəsəbələrində, Azərbaycan Xalça Muzeyində, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində, Dənizkənarı Bulvar İdarəsində rayon seçicilərilə yığıncaqlar təşkil olunmuşdur. Daha bir görüşün sabah, 23 sentyabr tarixində keçiriləcəyini və görüşdə 500-ə yaxın Səbail sakininin iştirakının gözlənildiyini bildirən səlahiyyətli nümayəndə vurğuladı ki, Referendumla bağlı təşkil olunmuş bütün bu görüşlərdə əlavə və dəyişikliklər nəzərdə tutulan bütün Konstitusiya maddələri haqqında görüş iştirakçılarına dəqiq məlumatlar, açıqlamalar verilmiş, tərəfimizdən müxtəlif şərhlərlə izahlar diqqətə çatdırılmış, keçirilmiş görüşlərimiz haqqında məlumatlar operativ şəkildə rayon təşkilatımızın saytında, facebook və twitter səhifələrində yerləşdirilmişdir. Rayon təşkilatının İdarə Heyətinin üzvlərinin açıqlamalarının, müsahibələrinin dövrü mətbuatda da mütəmadi işıqlandırıldığını qeyd edən millət vəkili vurğuladı ki, müsahibələrimizdə (yap.org.azazadlıq.org) özlərini müxalifət adlandıran bəzi təşkilatların yalnız cəfəngiyyatdan ibarət anti-təbliğat çıxışlarına tərəfimizdən əsaslandırılmış cavablar verilmişdir. Çıxışının davamında millət vəkili dünyada və ölkəmizdə gedən proseslərdən, Azərbaycanda müşahidə olunan pozitiv uğurlardan, dövlətimizin yüksələn beynəlxalq nüfuzundan, karbohidrogen resursları ilə zəngin olan Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasından bəhs etdi və Azərbaycanın bir çox beynəlxalq konvensiya və sazişlərə imza ataraq üzərinə müəyyən öhdəliklər götürdüyünü, Konstitusiyamıza təklif olunan mütərəqqi dəyişiklərin də məhz bu amillərlə bağlı olduğunu vurğuladı.

Görülmüş işlər nəticəsində Səbail rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində ən fəal rayon təşkilatlarından biri kimi təqdir topladığını diqqətə çatdıran Ş.Hacıyev bildirdi ki, əsas uğurlu nəticə ümümxalq səsverməsində Referendum Aktının təsdiqlənməsi olacaqdır. Bunun üçün referendumdan öncəki son bir neçə gündə səsvermədə iştirakı artırmaq üçün təşviqedici tədbirləri daha da genişləndirilməliyik, əhalini referendumda iştiraka sövq etməliyik ki, seçicilərin səsvermədə iştirak dərəcəsi yüksək olsun. Qeyd olundu ki, 26 sentyabr referendumunda Konstitusiyamıza ediləcək dəyişikliklərlə ölkəmizdə daha demokratik dəyərlər formalaşdırılacaq, insan hüquqları və azadlıqları istiqamətində görülən işlər daha da şəffaflaşacaq, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənəcək, çevik ordu birləşmələri yaradılacaq və ölkəmizdə yeni islahatlar dövrü başlayacaqdır.

YAP Səbail rayon təşkilatının aparat rəhbəri dos. Zəfər Bayramov gündəlikdə duran ikinci məsələ – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunması üçün rayon təşkilatında nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Bildirildi ki, hazırlanmış tədbirlər planı çərçivəsində rayonun ali təhsil ocaqlarında, orta məktəblərində gənclərlə çoxsaylı görüşlərin, “dəyirmi masalar”ın keçirilməsi və ən böyük dəyərimiz olan müstəqilliyimizin əldə olunması və qorunması barədə geniş izahatlar verilməsi, mühazirələr oxunması nəzərdə tutulmuşdur.

İclasın davamında rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “İçərişəhər” (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) ərazi təşkilatının sədr müavini Akif Əzizov, “Yeni nəsil” (Şamama Ələskərova adına Kliniki Doğum Evi (5 saylı doğum evi)) ərazi təşkilatının sədri Ayna Əzizova “Badamdar qəsəbəsi sakinləri” (Badamdar qəsəbə nümayəndəliyi) ərazi təşkilatının sədri Zaur Əliyev təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Məlumatlar səsə qoyularaq yekdilliklə qəbul olundu.

Daha sonra rayon təşkilatına daxil olmuş müraciətlərə baxıldı və cari məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.