Təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunun Badamdar qəsəbəsində seçicilərlə görüş keçirildi
23.09.2016Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi bu gün Badamdar qəsəbəsi seçiciləri ilə görüş keçirdi. Qəsəbə sakinlərini, seçiciləri ürəkdən salamlayan “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev hər kəsi sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumda fəal iştirak etməyə və seçki məntəqələrinə gələrək dövlət müstəqilliyimizə, inkişafımıza təminat verən əsas qanunumuzda nəzərdə tutulan dəyişikliklərə müsbət rəy bildirməyə çağırdı.
Ölkənin ictimai-siyasi sisteminin əsaslarını müəyyən edən, demokratik dünyəvi cəmiyyət quruculuğunu və insan azadlıqlarını təmin edən əsas hüquqi sənəd – Konstitusiyanın qəbulunun, bu sənədə dəyişikliklər edilməsinin tarixi əhəmiyyətindən danışan millət vəkili bildirdi ki, cəmiyyətimizdə davamlı müşahidə olunan dinamik inkişaf Konstitusiyamıza təklif olunan əlavə və dəyişiklikləri labüd edir. Müstəqillik əldə olunduqdan sonra sürətli şəkildə dünya təsərrüfat əlaqələri sisteminə və beynəlxalq siyasi sistemə inteqrasiya olan Azərbaycanın son illərdə qlobal proseslərdə daha da fəal aktora çevrilməsindən, ölkəmizin iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymasından, dövlətimizin iqtisadi-hərbi qüdrətinin artmasından danışan Ş.Hacıyev bildirdi ki, Azərbaycanın “Əsrin müqaviləsi”, “Şahdəniz 1”, “Şahdəniz 2” kimi nəhəng transmilli layihələrin təşəbbüsçüsü və iştirakçısı olması, dövlətin müvafiq demokratik təsisatlarla bağlı öz üzərinə çoxsaylı beynəlxalq öhdəlikləri götürməsi cəmiyyətin iqtisadi-siyasi əsaslarını dəyişdirməyi şərtləndirir. Bu baxımdan Konstitusiyamıza edilən hər dəyişikliyi cəmiyyətimizin daha da demokratikləşməsi və liberallaşması istimaqətində atılmış uğurlu addım kimi qiymətləndirə bilərik. Qanunvericilkdə vaxtında edilməyən dəyişiklik sonrakı inkişaf üçün ciddi maneələr yarada bilər, bu səbəblə zamanın tələbinə uyğun olaraq milli qanunvericilik bazamız daim təkmilləşdirilməli və müvafiq mütərəqqi müddəalar əsas qanunumuzda təsbit olunmalıdır.
Azərbaycan Konstitusiyasının qəbul olunma tarixinə də toxunan səlahiyyətli nümayəndə çıxışının davamında əlavə və dəyişikliklər nəzərdə tutulan Konstitusiya maddələri barədə görüş iştirakçılarına ətraflı izahat və açıqlamalar verdi. Bildirildi ki, dəyişikliklər təklif olunan hər bir maddə, o cümlədən insan hüquqları və azadlıqlarının qorunması, sağlamlığı məhdud olan insanların cəmiyyətdə tam bərabər hüquqlara malik olması, yaş senzi məhdudiyyətinin aradan qaldırılması, şəxsin ləyaqətinə hörmət olunması, dövlət təhlükəsizliyini pozan cəhdlərin qarşısının alınması, vitse-prezidentlər institutunun yaradılması, sahibkarların sosial məsuliyyətinin yüksəldilməsi ilə iqtisadi münasibətlərin daha da təkmilləşdirilməsi istiqamətində yeniliklər gətirilməsi maddələrindən hər biri ölkəmizdə insan azadlıqlarının daha da möhkəmlənməsinə müvafiq hüquqi təminat verməklə vətəndaşlarımızın hüquqlarını daha da genişləndirəcəkdir. Müharibə şəraitində olan Azərbaycan üçün silahlı qüvvələrlə bağlı maddələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan sədr qeyd etdi ki, bu mütərəqqi dəyişikliklər ilə Azərbaycana xarici müdaxilə cəhdlərinin qarşısı birdəfəlik alınacaqdır və hazırda ən böyük nailiyyətimiz olan müstəqilliyimizin, milli təhlükəsizliyimizin qorunmasına təminat veriləcəkdir.
Çıxışının sonunda ediləcək əlavə və dəyişikliklərin cəmiyyətimizin demokratikləşməsinə, liberal münasibətlərin daha da genişlənməsinə, siyasi sistemin möhkəmlənməsinə və sözün əsl mənasında insan hüquqlarına hörmət olunan hüquqi dövlət quruculuğuna xidmət edəcəyini tam məsuliyyəti ilə ifadə edən səlahiyyətli nümayəndə qüdrətli və bütöv Azərbaycanı qorumaq üçün bütün seçiciləri etinasızlıq göstərməməyə və Referendum günü səsvermə məntəqələrinə gələrək Konstitusiya islahatlarını dəstəkləməyə dəvət etdi.
Görüşdə çıxış edən qəsəbə sakinləri Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında kifayət qədər məlumatlı olduqlarını və Azərbaycanın gələcək tərəqqisi üçün sentyabrın 26-da seçki məntəqələrinə gedərək bu dəyişiklikləri dəstəkləyəcəklərini bildirdilər.