Səbaildə referendumqabağı təşviqat kampaniyasına yekun vuruldu
24.09.2016Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi 03 sentyabr tarixindən etibarən sentyabrın 26-da keçiriləcək referendumla bağlı təşviqat kampaniyasına yüksək fəallıqla başlamışdır.
Təşviqat kampaniyası çərçivəsində təsdiq olunmuş qrafikə uyğun olaraq rayon sakinləri ilə, ziyalılarla, partiya veteranları ilə, qadın seçicilərlə, gənclərlə, ilk dəfə səs verəcək gənc seçicilərlə, müharibə veteranları ilə, bələdiyyə üzvlərilə dəfələrlə görüşlər keçirilmiş, 20-ci sahə, Bayıl, Bibiheybət, Badamdar qəsəbələrində, Azərbaycan Xalça Muzeyində, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində, Dənizkənarı Bulvar İdarəsində rayon seçicilərilə yığıncaqlar təşkil olunmuşdur. Rayon təşkilatının İdarə Heyətinin üzvlərinin referendumla bağlı açıqlamaları, müsahibələri dövrü mətbuatda mütəmadi olaraq işıqlandırılmışdır.
Referendumla bağlı təşkil olunmuş görüşlərdə əlavə və dəyişikliklər nəzərdə tutulan bütün Konstitusiya maddələri haqqında görüş iştirakçılarına dəqiq məlumatlar, açıqlamalar verilmiş, məruzəçilər tərəfindən şərhli izahlar diqqətə çatdırılmışdır. Keçirilən görüşlər haqqında məlumatlar rayon təşkilatının internet saytında, facebook və twitter səhifələrində yerləşdirilmişdir.
Görüşlərdə çıxış edən seçicilər Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin ölkəmizdəki sabitlik və əmin-amanlığın daha da möhkəmləndirilməsinə, dövlətçiliyimizin təhlükəsizliyinin təmin olunmasına, sosial-iqtisadi inkişaf və tərəqqiyə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edəcəyinə dair əminliklərini ifadə edərək sentyabrın 26-da seçki məntəqələrinə gedəcəklərini və bu dəyişiklikləri dəstəkləyəcəklərini bildirmişlər.