Səbail rayonunda Referendum səsverməsində seçici fəallığı müşahidə olundu
26.09.201645 min seçicinin qeydiyyatda olduğu Səbail rayonunda Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən Referendumda yüksək fəallıq qeydə alındı. Seçicilər səhər saat 8:00-dan etibarən rayon ərazisində fəaliyyət göstərən məntəqələrə gələrək, gün ərzində azad və şəffaf şəkildə səsvermədə iştirak etdilər.
Rayon ərazisini əhatə edən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin tərkibində ümumilikdə 42 məntəqə fəaliyyət göstərib, əlavə olaraq rayondakı iki hərbi hissədə, Şamama Ələskərova adına Kliniki Doğum Evində, Mərkəzi Kliniki Xəstəxanada, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində və BP-nin 7 platformasında məntəqələr yaradılıb. Məntəqələr bütün zəruri ləvazimatla təchiz olunub, komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılıb, şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki 12 məntəqədə (1, 2, 4, 5, 10, 11, 13, 15, 17, 19, 22, 23) veb-kamera quraşdırılıb.
29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı 2, 6 saylı məktəbdəki 6, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayındakı 7 saylı, Botanika İnstitutundakı 1 saylı seçki məntəqələrində fəallıq daha çox müşahidə olunub.
Demokratik və şəffaf şəraitdə keçən ümumxalq səsverməsinin gedişini məntəqələrdə yerli və müxtəlif ölkələri təmsil edən beynəlxalq müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyiblər.
“XXI əsrin qadınları” ictimai birliyinin nümayəndələri gün ərzində rayon ərazisindəki bütün məntəqələrdə səsvermənin gedişini izləyiblər. Birliyin sədri Mahirə Əmirhüseynova bildirib ki, məntəqələr açıldığı vaxtdan seçicilərin yüksək fəallığı qeydə alınıb, rayonun bütün məntəqələrində demokratik prosedurların yüksək standartları təmin olunub.
29 saylı Səbail seçki dairəsinin 2 nömrəli seçki məntəqəsində səsvermənin gedişini müşahidə edən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov referenduma hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bildirib ki, ölkədə səsvermənin şəffaf keçməsi üçün hər cür şərait yaradılıb.
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqələrində olub. Stefan Şennak, həmçinin Bakının mərkəzində yerləşən məntəqələrdə olduqlarını, səsvermə prosesinin çox yaxşı təşkil edildiyini, gün ərzində paytaxtdan kənardakı məntəqələrdə də müşahidə aparacaqlarını bildirib. “Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. İnsanlar sərbəst seçim edirlər. Səsverməni xeyli sayda müşahidəçi izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir”.
Səsverməni xarici və yerli kütləvi informasiya vasitələri sərbəst şəkildə işıqlandırıb, seçki məntəqələrinin çıxışında “exit-poll”lar keçirilib.
Ölkə üzrə 69,7 faiz yekun seçici fəallığının qeydə alındığı Referendumda Səbail rayonu üzrə seçici fəallığı 29 saylı Səbail seçki dairəsi üzrə 62,29% (26 min 861 nəfər) və 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə isə 57,95% (20 min 243 nəfər) təşkil edib.
Səbail seçiciləri referendumda fəallıq nümayiş etdirdilər
Xarici müşahidəçilər Səbail rayonunda
Azərbaycanda növbəti referendum uğurla baş tutdu
29 saylı Səbail seçki dairəsində seçici fəallığı