Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu” adlı sərginin açılış mərasimi keçirildi

Oktyabrın 7-də Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu – Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirildi.

Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalqının mədəni sərvəti olan xalça sənəti haqqında məlumat verdi, ölkəmizdə xalçaçılığın qorunması və inkişafına böyük diqqət yetirildiyini vurğuladı. Qeyd edildi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xalça Muzeyi üçün yeni bina inşa olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildən ənənəvi olaraq Azərbaycan xalçaçılığı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. 

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, 2015-ci ilin aprelində Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlıq memorandumu imzalanıb. Bu gün açılan sərgi də həmin çərçivədə keçirilir. Məlumat verildi ki, Memorandum çərçivəsində, həmçinin 2017-ci ildə Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan xalçası sərgisi keçiriləcək.

Belqrad Etnoqrafiya Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mircana Minkova Bakıya gətirilən kolleksiya – Pirot kilimləri haqqında məlumat verdi. Qeyd edildi ki, Belqrad Etnoqrafiya Muzeyində 1792-1932-ci illərdə toxunan 169 kilim saxlanılır. Serbiyanın cənub-şərqində yerləşən Pirot şəhəri XVIII- XIX əsrlərdə kilim toxuculuğunun əsas mərkəzi olub. M.Minkova rəhbərlik etdiyi muzeyin tarixi barədə də danışdı və sərginin təşkilatçılarına minnətdarlığını bildirdi.

Qeyd edək ki, “Əlvan iplərin oyunu – Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri” adlı sərgi noyabrın 6-dək davam edəcək.