YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirildi

07 oktyabr 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin iclası keçirildi. İclasda çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova ölkəmizdə 26 sentyabr tarixində baş tutmuş mühüm tarixi hadisə – Referendum haqqında danışaraq diqqətə çatdırdı ki, ümumxalq səsverməsinə çıxarılan Referendum Aktına müsbət rəy bildirərək Azərbaycan cəmiyyəti çox məsuliyyətli bir missiyanı uğurla yerinə yetirdi. Qeyd olundu ki, Konstitusiyamıza edilən əlavə və dəyişikliklərin təsdiqlənməsi yeni sosial-iqtisadi islahatlar dövrünün başlanğıcı olmaqla, Azərbaycanda həyat səviyyəsinin daha da yüksəlməsinə və ölkəmizdə şəffaf, demokratik cəmiyyət quruculuğuna əhəmiyyətli töhfələr verəcəkdir. T.Kərimova referendumqabağı təşviqat kampaniyası çərçivəsində YAP Səbail rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək vurğuladı ki, təqdirəlayiq haldır ki, partiya təşkilatının qadınlar qanadı da rayon təşkilatı ilə həmahəng şəkildə bu siyasi kampaniya müddətində yüksək fəallıq nümayiş etdirmişlər. Çıxışının davamında partiya təşkilatının Qadınlar Şurasının üzvlərinin Səbail rayonunun ictimai-siyasi həyatında iştirakından bəhs edən T.Kərimova qeyd etdi ki, İdarə Heyətinin üzvləri rayonda keçirilən sosial-mədəni tədbirlərdə yaxından iştirak edirlər, eləcə də mütəmadi olaraq kütləvi informasiya vasitələrində çıxışlar edərək ölkədə və dünyada gedən proseslərə münasibət bildirirlər.

İclasda çıxış edən Gülşən Orucova, Kübra Cabbarova, Aliyə Təhmasib, Tinatin Əliyeva və İdarə Heyətinin digər üzvləri son illərdə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələrə toxundular. Uğurla baş tutmuş ümumxalq səsverməsindən, Ulu Öndər Heydər Əliyevin siyasətini məharətlə davam etdirən cənab Prezident İlham Əliyevin ümummilli mənafelərimizə xidmət edən düşünülmüş siyasətindən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən, ölkəmizdə bərqərar olmuş real multikultural mühit və tolerantlıq şəraitindən danışan qadınlar cənab Prezidentin siyasi kursunu dəstəklədiklərini bildirərək, Heydər Əliyev yolunun Azərbaycanı daha da böyük uğurlara və inamlı sabahlara aparacağına dair əminliklərini ifadə etdilər.

Daha sonra iclas YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi ilə davam etdi.