YAP Səbail rayon təşkilatında 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd edildi

Oktyabrın 17-də YAP Səbail rayon təşkilatının qərargahında 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirildi.

Rayon ictimaiyyəti nümayəndələri və partiya fəallarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olundu.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ilk öncə diqqətə çatdırdı ki, bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilmişdir. Tədbirdə cənab Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasının tarixi və 25 illik tərəqqi yolunda əldə olunmuş uğurlar və gələcək hədəflər barədə çox əsaslandırılmış faktlarla möhtəşəm nitq söyləmişdir.

SSRİ-nin süqutu ilə 1991-ci ildə dövlət müstəqilliyinin bərpasının Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunmuş ən əlamətdar hadisə olduğunu qeyd edən sədr Azərbaycanın dövlət müstəqilliyini XX əsrdə ikinci dəfə bərpa etməsinin tarixi barədə ətraflı danışdı. Bildirildi ki, Şərqdə ilk müstəqil dövlət 1918-ci ildə məhz Azərbaycanda yaradıldı. Yalnız 23 ay yaşaya bilən bu ilk demokratik dövlət qısa müddətdə çox mütərəqqi dəyişikliklərə imza atdı. Sonraki dövrdə 70 il ərzində SSRİ tərkibində formal müstəqillik şəraitində yaşayan Azərbaycan xalqı əsrin sonunda yenidən müstəqillik mübarizəsinə qalxdı. Xalq üçün ən böyük dəyərin müstəqillik olduğunu vurğulayan millət vəkili qeyd etdi ki, fərd müstəqil olmadan, qismən assimilyasiyaya uğrayaraq da bəlkə yaşaya bilər, lakin xalq müstəqil olmadan heç vaxt mövcud ola bilməz. Azərbaycan xalqı əsrlər boyu mərd və dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlı xalq olmuş, daim azadlıq eşqi ilə yaşamışdır. Fəxarətlə qeyd edə bilərik ki, xalqımız 70 il ərzində ciddi təzyiq və təhditlərə baxmayaraq, milli-mənəvi dəyərlərinə sadiq qalmış və dilini, dinini, milli ənənələrini qoruya bilmişdir.

Çıxışının davamında 90-cı illərdə ölkədəki mürəkkəb ictimai-siyasi vəziyyətdən, 18 oktyabr 1991-ci il tarixində Müstəqillik Aktının qəbulundan, müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış acınacaqlı vəziyyətdən, o zamanki ölkə rəhbərliyinin səriştəsizliyindən, ölkədə müşahidə olunan dərin siyasi-iqtisadi böhrandan və Azərbaycan ərazisinə mənfur qonşuların hərbi müdaxiləsindən danışan Ş.Hacıyev ölkə tarixinin bu ən ağır məqamında Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin ölkəni məhvolma təhlükəsindən xilas etməsinin tarixi obyektiv və subyektiv şərtlərindən geniş bəhs etdi. Deputat xüsusi qeyd etdi ki, dahi rəhbər cəsarətli siyasəti və çoxşaxəli idarəetmə təcrübəsi ilə nəinki Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi, eyni zamanda ölkədə dövlət-xalq birliyini yaratdı, ictimai-siyasi sabitliyi bərqərar etdi, məhz onun şəxsi nüfuzu sayəsində cəbhə bölgəsində atəşkəs əldə olundu, Azərbaycan xalqı sözün əsl mənasında sabit və dinamik inkişafa yol açan dövlət müstəqilliyini əldə etdi və dünyəvi, demokratik, hüquqi dövlət kimi beynəlxalq hüququn subyektinə çevrildi. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illəri milli dirçəliş dövrü kimi səciyyələndirən sədr bu dövrdə ölkənin uzunmüddətli tərəqqisinin əsasını qoyan neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi, 1995-ci ildə vətəndaş cəmiyyətinin təməllərini formalaşdıran müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu, ölkənin ictimai-siyasi həyatının bütün sahələrində əldə olunmuş fundamental uğurlar haqqında danışdı. Ş.Hacıyev xüsusi qeyd etdi ki, 2003-cü ildən etibarən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu, ölkəmiz cənab Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və məqsədyönlü rəhbərliyi ilə son 13 ildə xarici siyasət, sosial-iqtisadi inkişaf, ordu quruculuğu, real multikultural mühitin bərqərar olması sahəsində misilsiz uğurlara imza atdı, sayılıb-seçilən, faktor yaradan ölkəyə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə arxalanan İlham Əliyevin modernləşmə və tərəqqi siyasətinin bundan sonra da dövlətimizi böyük uğurlara və yüksək rifaha aparacağını vurğulayan Ş.Hacıyev Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olacağına dair əminliyini ifadə etdi.

Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş Referendumda xüsusi fəallıq nümayiş etdirən partiya üzvlərinə və “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon seçki qərargahının üzvlərinə Fəxri Fərmanlar təqdim olundu. Qeyd olundu ki, YAP Səbail rayon təşkilatı bütün siyasi kampaniya gedişində fəallığı ilə seçilmiş və partiya təşkilatının sıravi üzvündən tutmuş rəhbər şəxslərinə qədər hər kəs referendumqabağı təşviqat kampaniyasında və seçki prosesində yaxından iştirak etmişlər.