Azərbaycan Xalça Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 18-də Azərbaycan Xalça Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

YAP Səbail rayon təşkilatının və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən və partiyanın gənc fəallarının yüksək əhval ruhiyyə ilə iştirak etdiyi tədbirdə qonaqlar ilk öncə Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədr müavinləri Muxtar Nağıyev və Əhliman Qarayev, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova və “Xalçaçılar” YAP ərazi ilk partiya təşkilatının sədri Fuad Rəsul çıxış edərək, Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etməsi, xalqımızın azadlıq mübarizəsi, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin və onun layiqli varisi İlham Əliyevin misilsiz xidmətləri haqqında geniş bəhs etdilər.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş Referendumda yüksək fəallığı ilə seçilən  “Xalçaçılar” YAP ərazi ilk partiya təşkilatının üzvlərinə Fəxri Fərmanlar təqdim olundu.