YAP Səbail rayon təşkilatının Qadınlar Şurası və 6 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyi qeyd olundu

Oktyabrın 18-də YAP Səbail rayon təşkilatının Qadınlar Şurası və 6 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Respublikamızın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova, məktəbin direktoru Gülşən Orucova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin Həqiqi Hərbi Xidmətə Çağırış şöbəsinin zabiti leytenant Sənan Sədiyev, məktəbin təlim müəllimi Əli İsmayılov, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova iştirak etdilər.

İlk öncə zala Azərbaycan bayrağı gətirildi. Dövlət himni səsləndikdən sonra məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasınnı sədri Təranə Kərimova Müstəqillik günü münasibətilə bütün Azərbaycan vətəndaşlarını, o cümlədən gəncləri təbrik etdi,  müstəqilliyin əldə olunmasından, o vaxtkı tarixi hadisələrdən və bu proseslərdə Ulu Öndər Heydər Əliyevin oynadığı əvəzsiz roldan danışdı.Bu gün də siyasi sabitliyi qoruyub saxlamağın və müstəqil ölkə kimi siyasət yürütməyin heç də asan iş olmadığını deyən T.Kərimova bunların ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi strategiyasının nəticəsi olduğunu qeyd etdi. Müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayan sədr bildirdi ki, bu illər ərzində ölkəmiz böyük uğurlar əldə etmişdir: “Bu 25 ildə müstəqillik bizə qürur verdi, güvən verdi, uğur qazandırdı. Biz bu illərdə çox uğurlara imza atdıq. Həm iqtisadiyyatda, həm təhsildə həm də digər sahələrdə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı addımlayır”.

Daha sonra çıxış edən məktəbin direktoru Gülşən Orucova Müstəqillik günü münasibətilə hər kəsi təbrik edərək 18 oktyabrın iftixar günü olduğunu bildirdi. G.Orucova çıxışı zamanı xalqımızın hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildirdi. Qeyd etdi ki, 1991-ci ilin 18 oktyabr tarixinində əzmkarlıq bahasına başa gəlmişdir: “Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsi olduğuna baxmayaraq, xalqımızın Ümummillli Lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Ulu Öndər Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı. Ermənistanla atəşkəsə nail olundu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib”.