YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi

27 oktyabr 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirildi.

Rayon təşkilatının İdarə Heyəti üzvlərinin, ərazi ilk partiya təşkilatları sədrlərinin və rayon təşkilatının aparat üzvlərinin iştirak etdiyi iclasa YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev sədrlik edirdi.

İclas iştirakçılarını salamlayan sədr gündəlikdə duran birinci məsələ haqqında məlumat verdi. Bildirildi ki, cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümü qeyd olunacaqdır. YAP-ın yaradılması Azərbaycanın müasir siyasi tarixində yeni bir səhifə açdı və müstəqil Azərbaycan Respublikasının davamlı inkişafının vacib şərti olan ölkədə siyasi sabitliyi təmin etdi. O mürəkkəb şəraitdə YAP yaranmasaydı ölkədə nələr baş verə biləcəyini təsəvvür etmək belə çətindir. Çıxışının davamında noyabr ayında dövlətçiliyimiz və partiyamız üçün əlamətdar olan təqvim günlərinin qeyd olunması məqsədilə rayon təşkilatında keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verən sədr qeyd etdi ki, hazırlanmış tədbirlər planında nəzərdə tutduğumuz görüş və tədbirlərin əksəriyyəti gənclərə yönəlikdir, burada da əsas məqsədimiz həm YAP-ın yaradılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini, onun Azərbaycanda hakimiyyətə qayıdışının müstəqil dövlətçiliyimizin inkişafındakı rolunu, partiyamızın müstəqil Azərbaycanın ictimai-siyasi sistemində əvəzolunmaz yeri və əhəmiyyətini gənclərimizə daha yaxşı çatdırmaqdan ibarətdir.

İclasın davamında rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatlar dinlənildi. “Energetiklər” (“Azerenerji” ASC) ərazi təşkilatının sədri Ramazan Mehdiyev, “Müalicə-diaqnostika” (Xüsusi Müalicə Sağlamlıq Kompleksi) ərazi təşkilatının sədr müavini Asif Abdullayev və “Bayıl dəniz neftçiləri” (Cənub Tikinti Servis ASC) ərazi təşkilatının sədri Abdulla Musayev təşkilatlarında görülən işlər haqqında məlumatlarla çıxış etdilər. Məlumatlar səsə qoyularaq yekdilliklə qəbul olundu.

Daha sonra itirilmiş YAP üzvlük vəsiqələrinin bərpası ilə bağlı müraciətlərə və digər cari məsələlərə baxıldı.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı cari ilin sentyabrın 26-da keçirilmiş Referendumda fəal iştiraklarına görə rayon təşkilatının aparat işçiləri və partiya fəalları Fəxri Fərmanlarla təltif olundular.